Azərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev

Əməkdar artist: “Atam həkim olmağımı istəyirdi, mən isə aktyor oldum” MÜSAHİBƏ

606
(Yenilənib 23:31 24.11.2019)
“Tamaşa bitəndən sonra zaldakılar artıq özlərində deyildilər və bizim aktyorlar içi mən qarışıq özümüzü saxlaya bilməyib hönkür-hönkür ağladıq”

BAKI, 24 noyabr — Sputnik.  Onu Azərbaycanda çoxları, xüsusən də uşaqlar tanıyır və sevir. Hər il Yeni il bayramlarında onu uşaqların şənliyində aparıcı kimi görməyə adət etmişik. Azərbaycan tamaşaçısına isə daha çox Muğam-Trio-Knees kompozisiyası ilə tanışdır. Belə demək olarsa, məşhurluğu da həmin kompozisiya ilə başlayıb. Söhbət, Azərbaycan Pantomima Teatrının aktyoru və direktoru, Əməkdar artist Elman Rəfiyevdən gedir.

Elman Rəfiyev məmnuniyyətlə Sputnik Azərbaycan-a müsahibə verməyə razı oldu. Müsahibəyə də onun uşaqlıq illərini xatırlamaqla başladıq.

© Coresty of Elman Rafiyev
Azərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev

- Atam Masallı rayonunun Təzəkənd kəndində doğulub, anam isə Lənkəran rayonunun Qumbaşı kəndində dünyaya gəlib. Sonradan Sumqayıta köçüblər. Oradan da Rusiyaya köçmək planları olub. Amma mən dünyaya gələndən sonra Sumqayıtda qalmağa qərara alıblar. Ancaq ağlım kəsəndən, hər yayı Masallıda-Lənkəranda keçirirdim.

- Yəqin ki, bir şəhər uşağı üçün kənd həyatı çox maraqlı olub.

- Qumbaşı kəndində nənəmin yanında maraqlı uşaqlıq illərim keçib. Şəhərdə böyüyən uşaq üşün kənd həyatı doğrudan da maraqlı olur. Uşaqlıq illərimdən o qədər xatirələrim var... Kənddə filmlərə baxandan sonra kəndin uşaqları ilə toplaşıb, bir yerdə filmlərdən səhnələri canlandırardıq. “Dədə Qorqud” filminə baxandan sonra ox-kaman, qılınc düzəldər, iki dəstəyə bölünərdik. Biri Qıpçaq Məlikin dəstəsi, digəri də Qazan xanın dəstəsini yaradardıq. Belə səhnələri özümüz üçün oyanayardıq. Nənəmgilin kəndinin yaxınlığında dəmir yolu var. Həmişə oradan keçən qatarın vaqonlarını saymağı sevərdim. Bir dəfə kənd uşaqları dedilər ki, dəmiryol körpüsünün altında oturub qatarın keçməsini izləməyə gedək. Biz də gedib o körpünün altında özümüzə yer tapıb oturduq, qatarın keçməsini heyranlıqla seyr elədik.

Etiraf edim ki, elə indi də hərdən şəhərin bu səs-küyündən bezəndə heç olmazsa 2 günlüyə də olsa rayona qaçıram. Çünki kəndin özünə görə ab-havası var. O ab-hava mənə o qədər pozitiv enerji verir ki, böyük şəhərin bu səs-küyündə itirdiklərimi orada 2 günə toplayıb geri qayıdıram.

© Coresty of Elman Rafiyev
Azərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev

- Yəqin, səhnə həvəsi də elə o dövrdən yaranıb. Qohumlarınız sizin səhnəcikləri necə qarşılayırdılar?

- Mən nənəm üçün filmlərdən səhnələri oynamağı və parodiya eləməyi xoşlayırdım. Həmişə də bilərdilər ki, harada Elman varsa, orada deyib-gülmək, əylənmək var. Çünki mənim uşaqlıqdan beynimdə fikir formalaşmışdı ki, böyüyəndə aktyor olacağam. Seyr etdiyim film bitəndən sonra ən xoşuma gələn səhnələri evdə parodiya edirdim və bu hamının xoşuna gəlirdi. Parodiya edəndə hiss edirdim ki, hamının diqqəti məndədir, bu da mənim çox xoşuma gəlirdi. Artıq 10 yaşım olanda aktyor olmaq qərarına gəldim. 3-cü sinifdə oxuduğum vaxt sinfimizə bir qadın daxil olub “Pionerlər evində kukla teatrı var. Kim yazılmaq istəyir” deyə soruşdu. Birinci mən əlimi qaldırdım. Evdə bu xəbəri deyəndə əvvəlcə razı olmadılar. Amma sonra “Şəngülüm, Şüngülüm və Məngülüm” tamaşasını hazırladıq. Qrupumuzda hamı qız idi. Bircə mən oğlan olduğuma görə də, tamaşada canavar rolunu oynadım. Həmin tamaşamın ilk tamaşaçıları, nənəm, anam və xalam oldu. Evimizdə məndə olan bu teatr sevgisinin ötəri bir sevgi olduğunu düşünürdülər. Getdikcə hiss edirdim ki, tamaşalarda oynamaq mənim çox xoşuma gəlir. Ondan sonra Sumqayıt Xalq Teatrına getdim. Sumqayıt Tənqid-təbliğ Xalq Teatrında bir müddət məşğul oldum,ali məktəbə hazırlaşdım və 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnsitutuna daxil oldum.

- Orta məktəbi bitirəndən sonra aktyor olmaq qərarınıza valideynləriniz buna necə reaksiya verdilər?

- Valideynlərim mənə “biz istəmirik sən aktyor olasan” dedilər. Mən ali məktəbə hazırlaşanda atam həkim olmağımı istəyirdi, mən isə “sevdiyim sənət budur, aktyor olmaq istəyirəm” deyirdim. Çünki onlar fikirləşirdilər ki, aktyor olan şəxs acından öləcək. Düşünürdülər ki, aktoyrluq elə də bir ciddi sənət deyil, hətta el arasında da “aktyorluq kişi sənəti deyil” fikri də formalaşmışdı. Amma gözəl kişi aktoyrlarımız, monumental aktyorlarımız olub. Biz dahi Səməndər Rzayevə, Yaşar Nuriyə, Hamlet Xanızadəyə, Sidqi Ruhullaya, Mirzağa Əliyevə baxıb aktyorluq monumentallığını hiss eləmişik. Özü də mən İncəsənət İnstitutuna daxil olanda valideynlərimin heç xəbəri də olmadı. O vaxt Sumqayıt Tənqid-Təbliğ Xalq Teatrında işlədiyim vaxt Məlik Dadaşovun tələbəsi olmuş Elman adlı müəllimimiz var idi. Məni İncəsənət İnstitutuna o hazırlaşdırdı və 1988-ci ildə mən imtahan verməyə gedəndə atamla anamın razı olmadıqlarını bildiyim üçün “dalımca heç kim gəlməsin” dedim. Özüm tək Bakıya gəlib imtahanları verdim və instituta qəbul olundum. Sadəcə atam işdən qayıdandan “ata məni təbrik edə bilərsən, instituta qəbul olunmuşam” dedim. O da soyuq şəkildə “təbrik edirəm” cavabın verdi. Çünki mənim seçdiyim peşəni istəmirdi. İllər keçəndən, dayanmadan öz üzərimdə işləyib bu səviyyəyə gəlib çatandan sonra bugünkü gün onu küçədə görüb “Bax, Elman Rəfiyevin atasıdır, Elman Rəfiyevin anasıdır” deyirlər. Baxırsan ki, artıq valideynlərimin də xoşuna gəlir və fəxr edirlər. Mən qarşıma məqsəd qoydumsa, ona nail olan adamam. Məqsədimə nail olmaq üçün bütün əziyyətlərdən keçdim və gəlib bu pilləyə çatdım.Əsas məqsədim isə bu pillədə qalmaq deyil, irəli getməkdir.

© Coresty of Elman Rafiyev
Azərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev

- Pantomima Teatrının direktoru olana qədər hansı teatrlarda çalışmısınız?

- 1988-ci ildə İncəsənət İnstitutuna daxil olan vaxt bizim sənət müəllimimiz Nəsir Sadıqzadə idi. Çoxları onu “Bəxt üzüyü” filmindən tanıyır. Nəsir müəllim orada Tanrıverdi dayının obrazını canlandırıb. Allah Nəsir müəllimə rəhmət eləsin. 1988-ci ildə İncəsənət İnstitutunda çox qəribə bir dönüş elədi. Bir gün gəlib bizə “uşaqlar bu dəqiqə hərəkət teatrı gəlir, dövran onlarındır” dedi. Beləcə bizim hamımızı Azərbaycanda Pantomima Teatrının yaradıcısı və Xalq artisti Bəxtiyar Xanızadənin dərslərinə yönləndirdi. Biz də Bəxtiyar müəllimin dərslərini daha səylə öyrənməyə başladıq. Onun əsas silahdaşları olaraq 4 nəfər idik - Rövşən İsax, Siyavuş Hüseynli, Əsəd İsmayılov və mən. Bəxtiyar müəllim bizimlə bir yerdə gələcəkdə Pantomima Teatrını yaratmaq istədiyini və çox arzusunda olduğunu deyirdi. Amma həmin dövrdə teatr yaratmaq bir az çətin olduğu üçün bizə səbr etməyi tövsiyə edərdi. Məhz o vaxt Hüseynağa Atakişiyev Azərbaycan Gənclər Teatrı yaratdı. Çox maraqlı və gözəl tamaşaları olardı və biz də heyranlıqla gedib izləyərdik. Artıq 1990-cı illərdə bizim tələbələrimizdən olan Siyavuş Hüseynli o teatrda aktyorluq fəaliyyətinə başladı. Mən də 1991-ci ildən 1993-cü ilə kimi rəsmi olaraq Gənclər Teatrında çalışdım, bir çox tamaşalarda rol da aldım. 

Artıq 1994-cü ilin fevral ayında Bəxtiyar müəllim bizi yığıb “Pantomima Teatrının yaradılması üçün şans var, Gənc Tamaşaçılar Teatrının direktoru Kamal Əzizov bizim üçün şans yaradır. Yığışaq gedək ora” dedi. Mən, Azər Axşam, Pərviz Məmmədrzayev, Nicat Kazımov... Bir dəstə yığışıb getdik həmin teatra və orada fəaliyyətə başladıq. Artıq 1994-cü ilin mayın 16-da Pantomima Teatrı ilk dəfə olaraq tamaşaçı qarşısına çıxdı. Həmin tarixdən 25 il keçir və mən 25 ildir ki, Azərbaycan Pantomima Teatrında çalışıram.

- Pantomima Teatrının fəaliyyətinin ilk illəri müstəqilliyimizin əvvəllərinə təsadüf edir. Yəqin çətinlikləriniz çox olub.

- Bəli, çətin dövr idi. Biz müxtəlif dövrləri görə-görə gəldik. Gənclər Teatrında məşq etdiyimiz vaxtlarda zalda istilik olmadığından üst-üstə qalın geyimləri geyinib məşq edərdik. Həm də nədənsə, insanlar meydanlara çıxdığı vaxtlarda da tamaşalara da gəlirdilər. SSRİ-nin dağıldığı dövrlərdə meydana çıxıb “Azadlıq” deyənlərdən biri də mən olmuşam. İnstitutda məşqimiz qurtarırdı, yığışıb meydana gedərdik. Həmin meydan hadisələrindən sonra Azərbaycanda bir neçə teatrlar əmələ gəlməyə başlandı. Çünki həmin vaxt indiki kimi kinoteatrlar çox deyildi və insanlar teatrlara axışmağa başladılar. İnsanlar artıq mənəvi qida istəyirdilər deyə, tamaşalarda izləyici çox olurdu. Amma indi insanların teatra marağı yoxdur. Çünki insanlar indi daha çox əyləncə mərkəzlərində olmağı və ucuz əyləncəni seçməyə üstünlük verirlər.

© Coresty of Elman Rafiyev
Azərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev

- Elman Rəfiyev  nə qədər film və tamaşalarda rol alıb?

- Teatrda çoxlu tamaşalarda oynamışam. Təsəvvür edin 1994-cü ildən tamaşalar oynayıram. Ən çox oynadığım janr pantomima janrı olub. Bəxtiyar Xanızadənin yazdığı “Nağaraçılar” tamaşası indiyə kimi oynanılır və indiyə kimi də sevilir. O. bir klassikadır. Bu günə kimi nə qədər tamaşada oynadığımın sayını isə bilmirəm.

- Olubmu ki, hansıs obraz tamaşaçılar tərəfindən çox bəyənilib, amma özünüz daxildə o rolu sevməmisiniz? Öz obrazınızı yaratdığınız olubmu?

- Heç bir tamaşada öz obrazım yaratmamışam. Mən insanlar arasında gördüklərimi cəmləşdirib bir tipaj yaradaraq oynayıram. Qaldı ki, özümün rolu bəyənməməyimə, əgər peşəkar aktyor hansısa bir rolu sevməyib oynayırsa, o zaman o özü-özünü aldatmır, tamaşaçını aldadır. Bu işinə xəyanət deməkdir. Aktoyr gərək hər bir obrazı sevsin, sevməzsə onu yarada bilməz. Tamaşaçını aldatmaq olmur, onun gözü bir barometrdir. Aktyorun yalandan oynadığını dərhal hiss edir və görür. Ona görə də mənim oynadığım obrazlar arasında elə bir şey heç vaxt olmayıb və olmayacaq da.

- Elman müəllim, hansı yerli və xarici aktyorlara pərəstiş edirsiniz?

- Ən çox peşəkar aktyorlara pərəstiş edirəm. Mən aktyor olduğum halda, başqa peşəkar aktyorun tamaşasına və yaxud filminə baxanda “o bunu necə etdi” desəm, o aktyora pərəstiş edirəm. Məsələn, Yaşar Nuri, Səməndər Rzayev, Əliağa Ağayev. Xaricilərdən Al Paçino, Robert Deniro. Bu aktyorları həmişə heyrətlə izləmişəm və həmişə də onlardan öyrənmişəm. Mən bir aktyordan dramatizmi, digərindən komediyanı, o birindən isə faciəni öyrənmişəm. Bəxtiyar Xanızadənin bir sözü var: “Hər aktyor təqlid eləməyi bacarmalıdır”. 2007-ci ildə Şamil Nəcəfzadənin Qarabağ haqqında çəkdiyi “Qala” filmində Seyid obrazını oynadım. Mən özüm çox emosional insanam, lakin həmin filmdə mənim tam əksimi görmək olar. Çox sakit, təmkinlə danışan, asta gəzən bir şəxs. Bütün rollarım mənim üçün doğmadır. Bu rol filmdə canlandırdığım ilk böyük obrazım idi. Həmçinin, uşaqlıq vaxtı sevə-sevə izlədiyim “Babək”i, “Nəsimi”ni canlandıran Rasim Balayevlə bir filmdə çəkilirdim. Bu mənim üçün böyük bir şərəf idi.

- Hansısa xarici ölkədən tamaşalara və ya filmlərə dəvət alıbsınızmı?

- Ankarada festival zamanı türk əsilli hollandiyalı aktyor Şıxali Yalçınerin hazırladığı tamaşada oynamaq üçün Bəxtiyar müəllim xahiş etdi, biz də türk aktyorlarla birgə tamaşa oynadıq. Bundan əlavə, Rusiya telekanallarının birinin Müslüm Maqomayev haqqında lentə aldığı filmdə Müslüm Maqomayevin əmisi oğlunun obrazını canlandırmışam və beləcə Rusiyada filmə çəkilmək arzum baş tutub. İndi isə qalıb Türkiyədə seriala çəkilmək arzusu.

© Coresty of Elman Rafiyev
Azərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev

- Elman Rəfiyevin film çəkmək kimi istəyi varmı?

- Rejissorluğa heç vaxt iddiam olmayıb. Sadəcə paytaxt universitetlərinin birində dərs dediyim vaxt ingilis dilində “Arşın mal alan” tamaşasını və “Sevil” operasını hazırlamağı məndən xahiş etdilər və yalnız o tamaşaları hazırlamaqda rejissorluq etdim. Elman Rəfiyev aktyordur. Mən sevirəm ki, rejissor mənə iş təklif eləsin və o rolu məndən alsın.

- Bölgələrdə səfərdə olursunuz. Ən çox hansı bölgənin tamaşaçısı sizin teatrı sevərək izləyib?

- Birinci onu qeyd eləmək istəyirəm ki, Pantomima Teatrı hansı bölgələrdə, kəndlərdə tamaşalar veribsə, hamısında çox sevilərək izlənilib. Mənim üçün bölgələrdə oynanılan tamaşalar daha qiymətlidir. Çünki Bakıda hamı gəlib tamaşalara baxa bilər. Amma biz bölgələrə gedəndə tamaşaçılar çox xoşbəxt olurlar. Qırmızı Xaç Cəmiyyətinin xətti ilə cəbhə bölgəsində “Balaca Şahzadə” tamaşasını oynayanda biz özümüz böyük həzz alırdıq. 

Azərbaycanlı aktyor Anar Xəlilov Mask-E-rad filminin çəkilişində
© Из личного архива Анара Халилова
Çünki tamaşaçılar həm həsrətlə, həm də sevgi ilə tamaşanı izləyirdilər. Amma açığını deyim, başqa bölgələr məndən küsməsin. Üç bölgədə oynadığımız tamaşalar böyük ajiotaj yaratdı. Biri Lənkəran, o biri Gəncə, üçüncüsü Şəkidə. Tamaşalardan sonra əmin olduq ki, bu bölgələrin camaatı teatrsevərdirlər.

- Rollarınızı yaradarkən hansı çətinliklərlə üzləşmisiz? Hansısa bir rolun sizə pis təsir etdiyi olubmu?

- Nəsir müəllimin bir sözü var idi: “Aktyorun bir düyməsi olmalıdır. O düyməyə basıb, obraza girməli, düyməni basıb obrazdan çıxmalıdır”. Çünki aktyorlar bütün oynadıqları obrazları yaşasalar, tez ölərlər. Amma istər-istəməz oynadığı obraz aktyora təsir edir. Bir dəfə Berlində “Xocalı” tamaşamızı oynadıq, zalda almanlar da var idi. Xatırlayırsınızmı, Xocalıda biz ana ermənilər körpənin səsini eşitməsin və onların yerini bilməsinlər deyə, körpəni ağzını sıxaraq, az qalıb onu boğsun. Biz həmin hadisəni səhnədə canlandırırdıq. Real hadisə baş verən vaxtı körpə olan və artıq 20 yaşında olan Salatın zalda oturub bizim tamaşanı seyr edirdi. Biz həmin səhnəni tamaşaçılara pantomima janrında təqdim edirdik. Tamaşa bitəndən sonra zaldakılar da artıq özlərində deyildilər və bizim aktyorlar da içi mən qarışıq özümüzü saxlaya bilməyib, hönkür-hönkür ağladıq. Elə vəziyyətə düşdük ki, bir neçə saat özümüzə gələ bilmədik. Amma əslində aktyor özünü tam idarə etməyi bacarmalıdır. Bir dəfə də serial çəkilişi zamanı əyyaş atanın övladını dəfn etmə səhnəsini oynayırdı. Hönkürtü ilə ağlayıram, hay-həşir salıram, amma “Stop” deyilən kimi ətrafda olanlarla zarafatlaşıram. Kənardan da məni izləyən bir kişi yaxınlaşıb “qardaş, sən elə ağlayırdın, mən elə bildim indi öləcəksən” dedi. Mən də “əgər elə olsaydı, bütün aktyorlar tez ölərdi” cavabını verdim.

© Coresty of Elman Rafiyev
Azərbaycan Pantomima Teatrının aktoyru və direktoru, Əməkdar artist Elman Rəfiyev

- Aktyorluğu oxuyan tələbələrə və gənc aktyorlara məsləhətiniz nədir?

- İlk olaraq onu demək istərdim ki, indi aktyorluğu öyrənənlərin bəxtləri gətirib. Bizim oxuduğumuz dövrdə nə serial var idi, nə bol kino var idi, indi hamısı var. Biz oxuduğumuz vaxt Nəsir müəllim bizə deyərdi ki, Siz oxuyub bitirin və ya heç olmazsa 2 il oxuyun, aktyorluğun əlifbasını öyrənin, sonra tamaşada rol alın və ya kinoya çəkilin! İndiki tələbələrin demək olar hamısı əlifbanın A, B hərflərini öyrənirlər və başlayırlar seriala çəkiliməyə. Məktəbi keçmək lazımdır! İndiki gənclərin bir məqsədi var – seriala çəkilib məşhurlaşmaq. Mən bugünkü məşhurluğumu qazanmaq üçün ömrümün 38 ilini sərf etmişəm. Məsləhətim odur ki, filmə çəkilən insanlar özünə qiymət versin. Peşəkarcasına özünüzə qiymət verin, ucuza qaçmayın! Mən bu gün serial və filmlərə az çəkilən aktyoram. Çünki mən öz dəyərimi bilirəm. 

Serial olmayanda mənim pantomimam var idi, məni pantomimanın aktyoru kimi tanıyırlar. Bu gün tamaşaçı seriala baxanda hansısa bir aktyorun düzgün danışa bilmədiyini görür. Çünki onlar 1-ci, 2-ci kurs tələbələridirlər. Sənətin sirlərini öyrənin və öyrənəndən sonra tamaşaçı kütləsinin qarşısına çıxın. Aktyorsansa peşəkar aktyor olmalısan!

- Sonda da ənənəvi sual verərək, gələcək planlarınızı öyrənmək istəyərdik..

- Gələcək planım Xalq artisti olmaqdır. Məsəl var, general olmaq istəməyən əsgər yaxşı əsgər deyil. Əməkdar və ya Xalq artisti olmaq hər bir aktyorun arzusudur. Elman Rəfiyev artıq az müddət deyil ki, Azərbaycan teatrında çalışır. Pantomima Teatrının yaradıcılarından biriyəm, teatrda yaradıcılardan tək qalan mənəm. İlham Rəhimlinin yazdığı “Teatr Ensiklopediyası”nda adı olan aktyoram. Məncə bunu istəməyə mənim haqqım çatır. İkinci və böyük bir istəyim budur ki, bütün teatrlarda tamaşa izləməyə gələn tamaşaçıların sayında artım olsun, çünki biz aktyorlar səhnəyə tamaşaçı üçün çıxırıq. Zalda tamaşaçı olmayanda bizə mənfi təsir edir. Çünki biz aktyorlar ötürdüyümüz enerjini almağı istəyirik. Həmçinin, gələcək planlardan dayanmadan məşğul olmaq, dayanmadan yeniliklərə can atmaq və dayanmadan irəli getmək lazımdır.

606