Pəncərənin yanında kişi, arxiv şəkli

Beynəlxalq qurum ölkəni "dəli yığıncağı"na çevirmək istəyir?

3534
(Yenilənib 21:13 17.11.2019)
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hər il psixoloji və psixiatrik müəssisələrin sayı artırılmalıdır.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 17 noyabr — Sputnik. Ölkədə mövcud olan psixiatriya mərkəzlərinin yenidən qurulması və yenilərinin tikilməsi zərurəti yaranıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında 2020-ci ilin büdcə layihəsi ilə bağlı müzakirələr zamanı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsmandan) Elmira Süleymanova deyib.

Lakin psixoloq Ramin Hacıyev Ombudsmandan fərqli düşünür. O, Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Azərbaycanda kifayət qədər psixiatriya mərkəzləri, tibb ocaqları var və bu müəssisələrdə lazımı tədbirlər görülür.

"Mən Azərbaycanda insanların psixi vəziyyətinin o qədər acınacaqlı olduğunu hesab etmirəm. Həm böyüklər, həm də uşaqlar və yeniyetmələrlə çalışıram. Vəziyyət acınacaqlı deyil", - deyə Hacıyev bildirib. 

Sosioloq Tərlan Tağıyeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hər il psixoloji və psixiatrik müəssisələrin sayı artırılmalıdır.

"Ümumdünya statistikasına nəzər salsaq görərik ki, getdikcə psixiatrik xəstəliklərin sayı artmaqdadır. Dəqiq statistik say olmasa da, getdikcə bu problemin artacağı gözlənilir. Azərbaycan da dünyanın bir parçası olduğu üçün belə müəssisələrin sayının artırılmasına ehtiyac var. İkinci fakt isə Azərbaycanın müharibə şəraiti bölgəsində olmasından irəli gəlir", - deyə sosioloq qeyd edib.

Onun sözlərinə görə, müharibə şəraitində olan əhalinin yerdəyişmələrinin olması, sosial statusu, həyat şəraiti, sağlamlıq problemləri, onların mənəvi – psixoloji durumuna mənfi təsir edir. Nəticədə onların psixosomatik xəstəlikləri artır.

Tərlan Tağıyeva hesab edir ki, ətraf mühitin çirklənməsi də müxtəlif xəstəliklərin, o cümlədən irsi yolla ötürülən xəstəliklərin artmasına səbəb olur:

"Körpəlikdən süni qidanın qəbul olunması və nəticədə onun insan orqanizminə mənfi təsir etməsi genetik səviyyədə dəyişikliklərin baş verməsinə səbəb olur. Autizm, daun sindromu, dağılmış diqqət sindromu və episindrom halları artır. Əlavə olaraq, informasiya məkanının hədsiz genişlənməsi, informasiya-kommunikasiya texnologiyalarının təsiri, internetdən asılılığın çoxalması və s. gənclərin, xüsusilə də uşaqların psixi inkişafında ləngimə, tədric olunma və aqresiya hallarının artmasına gətirib çıxarır".

T.Tağıyeva qeyd edib ki, bu cür halların artmasının səbəbi ailədə gənc valideynlərin ümumi və xalq pedaqogikasından xəbərsiz olması, uşaqlarla münasibətlərdə düzgün taktikanı seçməməsidir.

Sosioloqun fikrincə, problemdən çıxış yolu gələcək analar üçün kursların yaradılması, 0-5 yaşa qədər uşaqların tərbiyəsi ilə əlaqədar xüsusi təlimatların, proqramların və tövsiyələrin hazırlanması, bu mövzuda KİV-lərin imkanlarından geniş istifadə edilməsi, əhalinin rifah halının yüksəldilməsi və həssas qrupdan olan insanlarla münasibətlərin düzgün qurulmasıdır.

3534

Dövlət komitəsi "Uşaqlar üçün kitab" olayına reaksiya verdi - RƏSMİ

1
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi: “Uşaqlar üçün nəzərdə tutulan "kitab" ekspert rəyi olmadan çap edilib”.

BAKI, 12 avqust - Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu gün KİV-də və sosial şəbəkələrdə uşaq ədəbiyyatının spesifik xüsusiyyətlərinə və ona olan tələblərə uyğun gəlməyən, lakin uşaq auditoriyası üçün nəzərdə tutulduğu qeyd edilən “Qaz ilə göyərçinin əhvalatı” adlı kitabla bağlı məlumat yayıb.

Dövlət Komitəsindən verilən məlumatda bildirilir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olduğu iddia edilən şairə Aygün Bal müəllifi olduğu kitabında uşaqların yaş xüsusiyyətlərini, həmçinin seçdiyi mövzunun didaktik və tərbiyəvi əhəmiyyətini nəzərə almayıb: 

"Şübhəsiz ki, bədii ədəbiyyatın tərkib hissəsi olan uşaq ədəbiyyatı birbaşa təlim-tərbiyə və yeni nəslin ədəbi zövqünün formalaşması vasitələrindən biridir. Məhz bu səbəbdən hər bir ədəbi nümunə gələcəyimiz olan övladlarımızın formalaşması işinə öz müsbət təsirini göstərməklə yanaşı, həm də uşaq psixologiyasına və marağına müvafiq məzmunda və üslubda yazılmalıdır. Adıçəkilən çap məhsulunda istifadə olunan ifadələrin azyaşlı uşaqlara göstərə biləcəyi mənfi təsirləri nəzərə alaraq vəsaitin istifadəsinin Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun gəlmədiyini qeyd etmək lazımdır.

Belə ki, ailə institutunu nüfuzdan salan informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiyalar sırasına aid edilib. "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən həmin informasiya məhsullarının uşaqlar arasında yayılması qadağandır. Həmçinin, bu qanunun tələblərinə zidd olaraq sözügedən "kitab" ekspert rəyi olmadan çap edilib.

Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 388-2.0.2-ci maddəsinə əsasən informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına görə inzibati məsuliyyət nəzərdə tutulub.

Nazirlər Kabinetinin 29 iyul 2020-ci il tarixli 267 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi Qaydaları”na əsasən informasiya məhsullarının ekspert rəyi olmadan yayılması inzibati məsuliyyətə səbəb olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq uşaqların istifadəsi üçün bu kimi informasiya məhsullarının yayılmasını məqsədəuyğun olmadığını vurğulamaqla yanaşı, bu barədə məlumatların yayılmasına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görüləcəyini diqqətə çatdırırıq".

1
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

8
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

8