Velosiped yolu, arxiv şəkli

Darısqal yollar uğrunda “müharibə”: Kimə olar, kimə olmaz müəmması var

754
(Yenilənib 16:11 25.10.2019)
O qədər baha olmayan bu nəqliyyat vasitələri ciddi baş ağrısına çevrilib. Sürücülər də avtomobil yollarında moped, skuter, seqvey və skeytbord istifadəçilərinin onların diqqətini yayındırmasından şikayət edirlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 25 oktyabr — Sputnik. Durmadan artmaqda olan Bakı əhalisi (eləcə də ölkənin digər iri şəhərləri) texnologiya əsrində daha bir ciddi problemin əsirinə çevriliblər. Söhbət yenə nəqliyyat vasitələrindən getsə də, problem bu dəfə onun fərqli tərəfindədir.

Belə ki, dünyada yeni nəqliyyat vasitələri yaranır və bu vasitələr ənənəvi nəqliyyat vasitələri ilə “ayaqlaşmaq” üçün onların yoluna çıxırlar. Hələ cəmi 25 il əvvəl darısqal yollarımızda ancaq avtomobil və motosikletlər şütüsə də, indi onların sırasına moped, skuter, seqvey və skeytbord kimi qəribə adları olan nəqliyyat vasitələri əlavə olunub. Yollarımız isə birdir və bu bolluğu qəbul etmək imkanında deyil.

Məsələ ondadır ki, adları sadalanan bu vasitələrin hansılarının ümumiyyətlə yola çıxa biləcəyi də sual doğurur. O qədər baha olmayan bu nəqliyyat vasitələri isə ciddi baş ağrısına çevrilib. Sürücülər də avtomobil yollarında moped, skuter, seqvey və skeytbord istifadəçilərinin onların diqqətini yayındırmasından şikayət edirlər.

Avtomobili olanların diqqətinə: Parlament rüsumu rəsmən qaldırıldı>>

Mütəxəssislərə görə, moped və skuterlər nəqliyyat vasitəsi hesab edilsə də, seqvey və skeytbord buraya aid deyil. Yəni moped və skuter istifadəçiləri sürücü, seqvey və skeytbord istifadəçiləri isə piyada hesab edilirlər. Onlar tərəfindən törədilən qəzalar da statuslarına görə dəyərləndirilir.

Nəqliyyat eksperti Eldəniz Cəfər də Sputnik Azərbaycan-a açıqlamasına bildirib ki, skuter seqveydən fərqli olaraq nəqliyyat vasitəsi hesab edilir: "Bu vasitələrə kiçik mühərrikli moped deyilir. Bu nəqliyyat vasitələrinin istifadəsi qanunidir. Bəzi skuterlər var ki, onlara sürücülük vəsiqəsi tələb olunmur. Amma sürəti saatda 50 kilometrdən çox olan skuterlər, mopedlər üçün müəyyən tələblər var. Onların sürücüsü xüsusi dəbilqə taxmalıdır. Skuter, moped tam nəqliyyat vasitəsi sayılır. Seqveylər, skeytbordlar isə nəqliyyat vasitəsi deyil və onların yollarda hərəkəti tam qadağandır. Onların, eləcə də xüsusi mühafizə olunmadığı təqdirdə velosipedçilərin yola çıxması halında cərimə tətbiq edilməlidir".

Pambıq sahəsi, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Hüquqşünas Fərid Həmidli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün həqiqətən də yollarda moped, velosiped və digər kiçik həcmli nəqliyyat vasitələrindən istifadə edilir. Onların bəzisinin avtomobil yoluna çıxması qanuni olsa da, digərlərinin yola çıxmasına icazə yoxdur. Çox zaman bu nəqliyyat vasitələri qayda pozuntularına yol verir.

Hüquqşünas əlavə edib ki, bu məsələ İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Belə ki, məcəllənin 338-ci maddəsinə görə, velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə tətbiq edilir: "Ölkədə hazırda velosipedlər və digər kiçik nəqliyyat vasitələri üçün xüsusi yol azdır. Ancaq müvafiq qərara görə, paytaxtda velosiped yolları salınacaq. Ümid edirəm ki, bundan sonra da qaydalara qarşı daha məsuliyyətli yanaşarlar".

754

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8