Kombayn taxıl yığır, arxiv şəkli

Dünyanın bir nömrəli qidası: Qiymətlər nəzarətə götürülə bilərmi?

708
(Yenilənib 15:37 19.10.2019)
"Taxılçılıq sahəsində OPEC-ə bənzər bir təşkilatın yaradılması daha çox ixracatçıların maraqlarına cavab verir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 oktyabr — Sputnik. Rusiya Baş nazirinin müavini Aleksey Qordeyev Almaniyanın Kənd Təsərrüfatı və Ərzaq naziri Julia Klöckner ilə görüşdə qlobal taxıl bazarlarında sabitliyin təmin olunması və qlobal aclıqla bağlı problemlərin həlli üçün taxılçılıq sahəsində OPEC-ə bənzər bir təşkilatın yaradılmasını təklif edib.Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidmətinin açıqlamasında deyilib.

Azərbaycanın da taxıl idxal etdiyini nəzərə alsaq, ekspertlərin sözügedən təklifi şərh etməsi maraqlı olar.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, dünyada ən böyük taxıl ixracatçılarının (Rusiya, ABŞ, Kanada, Ukrayna, Qazaxıstan) müxtəlif maraqları var: "Düşünmürəm ki, məsələn, ABŞ və Kanada Rusiya ilə bu məsələdə anlaşa bilər. Çünki həm sanksiya məsələsi var, həm də münasibətlərdə qeyri-sağlam mühit var. Ona görə də yaxın zamanlarda belə bir addımın atılacağına və rəsmiləşəcəyinə inam azdır. Hətta qaz ilə bağlı belə bir təşkilatın yaradılması uzun illərdir müzakirə olunur, amma hələ də mümkün olmur. Fikrimcə, taxıl ilə bağlı da belə bir təşkilatın yaradılması yaxın zamanlarda mümkün olmaz".

O, bildirib ki, taxılçılıq sektorunda OPEC-ə bənzər bir təşkilatın yaradılması təklifi ağlabatan deyil: "Çünki taxıl istənilən ölkənin istehsal edə biləcəyi bir məhsul növüdür və qiyməti məhsuldarlığın il ərzində bol olması ilə, ölkələrin logistik imkanları ilə əlaqədardır. Və qiymətləri əsasən bazar tənzimləyir. Taxılçılıq sahəsində OPEC-ə bənzər bir təşkilat yaransa, bu zaman qiymətlərin süni yolla tənzimlənməsi yolu açıla bilər. Bu da dünya bazarlarında qiymətlərlə manipulyasiya etmək imkanları yarada bilər. Ona görə də məhz ərzaq məhsulu olduğu üçün, strateji məhsul olduğu üçün bununla bağlı qiymət manipulyasiyaların baş verməsinə imkan yaradılması məncə doğru yanaşma olmaz".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Emin Qəribli isə Sputnik Azərbaycan-a deyib ki, ümumiyyətlə, əvvəllər dünyada bu tipli təşkilatların yaradılması üçün cəhdlər olub: "Məsələn, əvvəllər Latın Amerika ölkələri bir sıra kənd təsərrüfatı məhsullarının dünya bazarında qiymətini tənzimləmək üçün bir qurumun yaradılmasına cəhd edirdilər. Hansı ki, Latın Amerika ölkələri həmin məhsulları dünyaya ixrac edirlər. Amma indiyədək belə bir təşkilat yarada bilməyiblər. Əvvəllər belə cəhdlər çox olub. Vaxtilə OPEK yaradılsa da, hazırda onun fəaliyyəti də günün tələblərinə cavab vermir. Yəni bu gün OPEK kimi təşkilatların formalaşması çətin məsələdir".

Onun sözlərinə görə, taxılçılıq sektorunda OPEC-ə bənzər bir təşkilatın yaradılması ixracatçılar yaxşı olardı: "Gələcəkdə onlar qiymətləri tənzimləyib qiymətin aşağı düşməsinin qarşısını ala biləcəklər və s. Taxılçılıq sahəsində OPEC-ə bənzər bir təşkilatın yaradılması təklifi müsbətdir, lakin bunu nə qədər uğurlu olacağını demək çətindir. İnanmıram ki, belə bir təşkilat yaradılsa, Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərsin. Amma belə təşkilatların yaradılması daha çox ixracatçıların maraqlarına cavab verir".

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, 2019-cu ilin yanvar-avqust aylarında Azərbaycan 186 milyon 213 min dollar dəyərində 852 min 878 ton buğda idxal edib. 2018-ci ilin 8 ayında isə 130 milyon 955 min dollar dəyərində 730 min 990 ton buğda idxal edilib. Beləliklə, buğda idxalı artıb.

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə jurnalistlərə açıqlamasında deyib ki, hazırda Azərbaycanın ərzaq buğdasına olan tələbatının 62%-i yerli istehsal hesabına ödənilir: "Bununla belə, hökumət bu göstərici ilə qane olmaq istəmir və təminetmə faizini artırmaq istəyir. Bunun üçün hər il buğda istehsalının 200 min ton artırılması nəzərdə tutulub".

708