Beldı xallar

Bədəndə qədər çox xal varsa, bir o qədər risk var

1002
(Yenilənib 20:57 10.10.2019)
Elə bərbər var ki, illərlə eyni qayçı və aparatla işləyir. Bu cihazları dezinfeksiya etmirlər, spirtlə silib yola verirlər. Ona görə də kişilər follikulit, stafilokokk, qoltuqaltı hidradenit kimi şikayətlərlə həkimə müraciət edirlər.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Vaxtilə insanın üzündəki xallar gözəllik rəmzi hesab edilirdi. İndi isə əksər hallarda xalların bənizi korladığını düşünərək, onlardan qurtulmağa can atırlar. Lakin istənilən xalı yandırmaq, kəsib atmaq olmaz. Heç bir araşdırma aparmadan xalı kəsdirmək bəzən ciddi nəticələr doğura bilər. Respublikanın baş dermatoveneroloqu, Azərbaycan Tibb Universitetinin (ATU) Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudovla söhbətimiz bu haqdadır.

- Üzdəki, ümumiyyətlə bədəndəki arzuolunmuz xalların kəsilməsi hansısa problem yarada bilərmi?

- Bu məsələyə qətiyyən birmənalı yanaşmaq olmaz. Bəzən həkimlər insanın istəyi ilə xalı yandırırlar. Amma elə xallar var ki, yandırıla bilməz. Həkim ilk olaraq, bu xalın etiopatogenezini dəqiqləşdirməlidir. Yalnız bundan sonra xalın yandırılıb-yandırılmamasına dair qərar verilə bilər.

Respublikanın baş dermotoveneroloqu, Azərbaycan Tibb Universitetinin (ATU) Dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov
© Sputnik / Nigar Iskanderova
Respublikanın baş dermotoveneroloqu, Azərbaycan Tibb Universitetinin (ATU) Dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov

Bəllidir ki, günün altında bütün xallar aktivləşir. Buna görə bütün dünyada dermatoskopiya aparılır, xalın damar qidalanması, sinir qidalanması yoxlanılır. Xalın ümumi şəklini çəkirlər. Bir il sonra təkrar şəkil çəkilir, xalın böyüyüb-böyümədiyi dəqiqləşdirilir. Əgər xal böyüyürsə və ya hansısa geyim elementi (məsələn, qadınlarda büsthalterin ipi) xala sürtülüb onu qıcıqlandırırsa, onda xal mütləq şişir. Bu halda xalın nəyəsə çevrilə biləcəyinə dair şübhələr yarandığından, bu tip xalları götürürlər. Təbii ki, kəsilən hər bir xalın biopsiyaya göndərilməsi məsləhətdir. Hansısa xoşagəlməz xal olarsa, onun ətrafı da səhmana salınmalıdır.

- Adətən yaşlı insanlarda qoltuqaltında, boyunda xırda ətli xallar olur. Bədəndə bu cür xalların qalması sağlamlığa hansısa təhlükə yaradırmı?

Bu gün əsas xallar "virus papilloması" adlandırdığımız xallardır. Boyunda, qoltuqaltındakı ətli xallar adətən təhlükəli olmur. Onlar elektrokoaqulyasiya, yaxud maye azotla götürülə bilər. Amma elə xallar da var ki, onları yandıranda daha da çoxalır. Ona görə zədələnən xalı ümumiyyətlə götürmək lazımdır. Ümumiyyətlə isə xallı insanlara gün altında uzun müddət gəzmək məsləhət deyil.

Bədəndə nə qədər çox xal olarsa, risk də çoxalır. Belə adamlar daim xallara nəzarət etməlidirlər. Nədənsə, insanlar düşünürlər ki, bədəndə artıq olan nələrsə var. Məsələn, amerikalılar uşaqlarda appendiksi kəsib atırdılar. 20 ildən sonra statistika göstərdi ki, bu uşaqlar digərlərinə nisbətən 10-15 dəfə çox infeksion xəstəliklərə yoluxurlar. İnsan orqanizmində artıq heç nə yoxdur.

- Üzdə ət xalı olan kişilərin üzünü qırxması üçün bərbərxanaya getməsi nə dərəcədə düzgündür?

- Bəzi bərbərxanalar infeksiya mənbəyidir. Elə bərbər var ki, illərlə eyni qayçı və aparatla işləyir. Bu cihazları dezinfeksiya etmirlər, spirtlə silib yola verirlər. Ona görə də bu gün kişilər bizə follikulit, stafilokokk, qoltuqaltı hidradenit kimi şikayətlərlə müraciət edirlər. Ailədə də bəzən diqqət edilmir, bir ülgücdən ailənin bir neçə üzvü istifadə edir.

- İndi solyariyə gedib dərini qaraltmaq da dəbdədir. Bu prosedurun dəriyə hansısa ziyanı varmı?

Respublikanın baş dermotoveneroloqu, Azərbaycan Tibb Universitetinin (ATU) Dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov
© Sputnik / Nigar Iskanderova
Respublikanın baş dermotoveneroloqu, Azərbaycan Tibb Universitetinin (ATU) Dermotovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov

- Solyaridə dərini yandırıb qurudurlar. Bu, ən pis halda xərçəngə də gətirib çıxara bilər. Fikir verirsinizmi, hər tibb müəssisəsinin qarşısında çoxlu insanlar var. Niyə xəstəliklər belə çox yayılıb? İnsan özünü qorumalı, müalicə etməlidir. Normalda insan orqanizmində immunitet mövcud olur. Lakin müxtəlif ziyanlı prosedurlar bu immuniteti zəfilədir, ona görə də xəstəlikləri müalicə etmək, problemi həll etmək mümkün olmur.

Məsələn, müasir insanlar hər gün çimirlər. Bu qədər çox çimmək düzgün deyil. Çünki dəri piy qatı buraxır, sabun da dərini qurudur. Sonra da 40 yaşında qadının dərisi limon qabığına oxşayır. Dəridə su olmalıdır. Mən əhalini öz bədəninə, dərisinə diqqətlə yanaşmağa, anormal halla rastlaşdıqda isə yalnız mütəxəssislərə müraciət etməyə çağırıram.

1002
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

6
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

6
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

25
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

25
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN