Araq, arxiv şəkli

Çernobıl arağı radiasiyadan süfrənizə

1052
(Yenilənib 19:32 09.08.2019)
Bu araqdan yaxşı "vodka-martini" kokteylini hazırlamaq olar

BAKI, 10 avqust — Sputnik. Britaniyalı və ukraynalı alimlər "Chernobyl Spirit Company" brendi altında "Atomik" arağının istehsalına başlayıblar.

Sputnik Azərbaycan "BBC" telekanalına istinadən xəbər verir ki, spirtli içki Çernobıl təcrid zonasından yığılmış inqrediyentlərdən hazırlanıb. Lakin layihənin müəllifləri arağın tamamilə təhlükəsiz olduğunu iddia ediblər.

"BBC" bildirib ki, "Atomik" təcrid zonasında istehsal olunmuş ilk istehlak məhsuludur. 1986-cı ildə Çernobılda baş vermiş fəlakətdən sonra orada heç bir iş adamı və ya müəssisə fəaliyyət göstərməyib. Lakin alimlər sübut etmək istəyiblər ki, Çernobıl Atom Elektrik Stansiyası ətrafındakı torpaq sahələrini hələ də istifadə etmək olar.

"Atomik" arağının yaradıcılarından biri, Portsmut Universitetinin professoru Cim Smit 1990-cı illərdən etibarən öz qrupu ilə birlikdə fəlakətdən sonra təcrid zonasında torpağın necə bərpa olduğunu müşahidə edir. Tədqiqatçılar əvvəl təcrid zonasında ferma təşkil edərək, orada çovdar əkməyə başlayıblar, sonra isə həmin çovdar və ərazidən götürülmüş sudan araq düzəltmək qərarına gəliblər.

Professor Smit gizlətmir ki, Çernobılda əkilmiş çovdar "bir qədər çirklidir". Lakin onun sözlərinə görə, bu araq analoqlarından təhlükəli deyil.

"Hər bir kimyaçı təsdiq edər ki, distillə zamanı zərərli maddələr tullantılarda qalır. Buna görə də biz bir az çirkli çovdar və Çernobılın sutəmizləmə qurğusundan su götürdük. Sonra isə Sauthempton Universitetində olan dostlarımızdan arağı yoxlamağı xahiş etdik – onların əla radioanalitik laboratoriyası var. Onlar isə heç nə tapmadılar", - Smit deyib.

"Chernobyl Spirit Company" şirkətinin həmtəsisçilərindən biri də Ukrayna Hidrometeoroloji İnstitutunun əməkdaşı, doktor Gennadi Laptevdir. O, təcrid zonasındakı torpağın atılmış vəziyyətdə qalmasının düzgün olmadığını vurğulayıb.

"Biz ondan (torpaqdan – red.) istifadə edə bilərik, radiasiyadan tamamilə təmizlənmiş nə isə ala bilərik", - Laptev "BBC" telekanalına deyib.

Smit və Laptev bu arağın yalnız bir şüşəsini istehsal ediblər. Onlar 2019-cu ilin sonunadək bu arağın 500 şüşəsini istehsal etmək və onları turistlərə satmaq niyyətindədirlər. Qeyd edək ki, "Çernobıl" serialının məşhurluğunun fonunda təcrid zonasına gələn turistlərin sayı artıb. Alimlər arağın satışından əldə edilən gəlirin böyük bir hissəsini təcrid zonasında yaşayan əhaliyə dəstək məqsədilə xərcləmək niyyətindədirlər.

"Chernobyl Spirit Company" həmçinin "BBC" telekanalının jurnalisti Viktoriya Gillə Çernobıl arağını hədiyyə edib. O isə arağı Londona gətirib və yerli barmendən içkinin dadına baxmağı xahiş edib. Ekspertin sözlərinə görə, "Atomik" arağının dadında meyvə çalarları hiss olunur. O, təcrid zonasının arağından "vodka-martini" kokteylini hazırlamağı məsləhət görüb.

1052
Teqlər:
araq, Çernobıl