BAKI, 8 iyul — Sputnik. "Məlumdur ki, qanunvericiliyə görə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə dron gətirmək istəyən NRYTN-ə müraciət etməli və 4 qurumun, XDMX (Xüsusi Dövlət Mühafizə Xidməti-red.), DTX (Dövlət Təhlükəsizliyi Xidməti-red.), DSX (Dövlət Sərhəd Xidməti-red.) və MN-in (Müdafiə Nazirliyi-red.) də icazəsini təqdim etməliydi".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İT mütəxəssisi Osman Gündüz öz "Facebook" səhifəsində yazıb.
O. Gündüz qeyd edib ki, bir müddət öncə millət vəkili Tahir Mirkişili, belə bir məhdudiyyətin olmadığını bildirmişdi və bununla bağlı sosial mediada bir xeyli müzakirələr getmişdi.
"Biz dronların təyinatından asılı olaraq, qaydaların sadələşdirilməsini və məhdudiyyətlərin aradan qaldırılmasını təklif edirdik. Lakin dron gətirilməsinə icazə vermək istəyənlərin sayı günü-gündən artır. İndi də DİN dronların gətirilməsinə icazə verilməsi üçün səlahiyyətlər istəyib. Bir neçə gün öncə, Prezidentin fərmanı ilə DİN-ə də belə bir səlayiyyət verilib" - deyə Osman qeyd edib.
Onun sözlərinə görə, hazırda dron gətirilməsi üçün 6 dövlət qurumunun icazəsi tələb olunur: "Belə görünür ki, növbəti mərhələdə K/T Nazirliyi, Miqarsiya Xidməti, FHN və s. digər qurumlar da belə səlahiyyətlər istəyəcəklər. Fikrimcə, bu cür yanaşma doğru deyil. Son dövrlərdə Prezident Fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində Koordinasiya səlahiyyətləri XDMX –ya verilib. Belə olan halda dronla əlaqəli proseduraları bu qədər sərtləşdirməkdənsə, vətəndaşları 6 dövlət qurumuna yönləndirməkdənsə, yaxşı olmazdımı bu işlə elə bir qurum, məsələn XDMX məşğul olsun".
Ekspert hesab edir ki, dronların gətirilməsi prosesi sadələşdirilməli, elektron qeydiyyat sistemi formalaşdırılmalı və səlahiyyətlər də vahid bir quruma verilməlidir.
BAKI, 22 yanvar - Sputnik. İtaliya polisi “Ndranqeta” mafiyasının işi çərçivəsində 50 nəfəri həbs edib və məşhur mərkəzçi siyasətçini istintaqa cəlb edib.
Report xarici KİV-lərə istinadla xəbər verir ki, “Ndranqeta” əsasən Kalabriyanın cənub regionunda fəaliyyət göstərir. Mafiya öz əməllərinə görə, artıq çoxdan İtaliya və dünyada ən böyük cinayətkar qruplaşmalardan biri olan “Koza Nostra”nı üstələyib.
"Bu araşdırma on illərdir nədən bəhs etdiyimizə aydınlıq gətirdi. “Ndranqeta” sadəcə iş və siyasətlə əlaqədar olaraq daha az atəş açıb", - deyə İtaliyada ən böyük məhkəmə iddialarından birini başladan prokuror Nikola Qratteri bildirib.
İstintaq altına düşənlər arasında ötən həftə parlamentdəki mütləq çoxluğu itirən Baş nazir Cüzeppe Kontenin hakim koalisiyaya qoşulma təklifini rədd etdikdən sonra gündəmə gələn kiçik UDC partiyasının rəhbəri Lorenzo Çesa da var.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.