Dənizkənarı bulvarda dondurma satışı, arxiv şəkli

Agentlik dondurma ilə bağlı xəbərdarlıq yaydı - DİQQƏTLİ OLUN!

92
(Yenilənib 20:24 02.07.2019)
"Ev şəraitində dondurmanı alındığı gündən etibarən ən çoxu 5 sutka saxlamaq məsləhət görülür"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 2 iyul — Sputnik. Havaların isinməsi sərin içkilərə, qidalara, o cümlədən də dondurmaya tələbatın artması deməkdir. Bəs dondurma necə daşınmalı, hansı şəraitdə saxlanılmalıdır?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, dondurmaların qida zənciri boyunca təhlükəsizliyinin təmin olunması üçün agentlik tərəfindən respublikanın bütün regional bölmələri üzrə monitorinqlər və nəzarət tədbirləri həyata keçirilir. Aparılan nəzarət və yoxlama tədbirləri zamanı qanunazidd faktlar aşkarlandığı təqdirdə həmin sahibkarlıq subyektləri barədə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür.

“Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasında qüvvədə olan müvafiq normativ sənədlərə əsasən, dondurma soyudulan avtorefrijeratorlarda və ya digər izotermik nəqliyyat vasitələrində (quru buzdan istifadə etməklə), mövcud nəqliyyat növü üçün qüvvədə olan, tez xarab olan malların daşınması qaydalarına uyğun olaraq daşınmalıdır. Daşınma zamanı məhsulun temperaturunun mənfi 12°C-dən yüksək olmaması təmin edilməlidir. Topdansatış bazarlarının və digər müəssisələrin soyuducularında dondurma mənfi 24°C-dən yüksək olmayan temperaturda ən çoxu 1 ay, mənfi 18°C-dən yüksək olmayan temperaturda ən çoxu 20 sutka, mənfi 12°C-dən yüksək olmayan temperaturda ən çoxu 5 sutka saxlanılmalıdır”, - deyə AQTA-dan verilən məlumatda bildirilib.

Bundan başqa, bildirilib ki, ticarət şəbəkəsində dondurmanın satış müddəti mənfi 24°C-dən yüksək olmayan temperaturda 20 sutkadan artıq olmamalıdır: “Mənfi 18°C-dən yüksək olmayan temperaturda 10 sutkadan, mənfi 12°C-dən yüksək olmayan temperaturda 2 sutkadan artıq olmamalıdır. Ev şəraitində dondurmanı mənfi 18°C-dən yüksək olmayan temperaturda alındığı gündən etibarən ən çoxu 5 sutka saxlamaq məsləhət görülür”.

92