Tbilisidə qarşıdurma

Gürcüstandakı proseslər Azərbaycanın xeyrinə deyil

300
(Yenilənib 17:16 21.06.2019)
Azər RƏŞİDOĞLU
Qonşu ölkədə yüz minlərlə soydaşımız yaşayır və onların Azərbaycana köç eləməsi qətiyyən maraqlarımıza cavab vermir

Azər Rəşidoğlu, Sputnik Azərbaycan

BAKI, 21 iyun — Sputnik. Gürcüstan parlamentinin binası önündə baş verən qarşıdurma zamanı yaralıların sayı 240-a çatıb. Bu barədə Gürcüstanın Səhiyyə nazirinin müavini Zaza Boxua məlumat verib. Onun sözlərinə görə, yaralılardan 80-i polis əməkdaşlarıdır. O, qeyd edib ki, hazırda 102 pasiyent Tbilisi xəstəxanalarındadır.

Nazir müavini İnqorovka adına Universitet klinikasına gedərək orada olan xəstələrə baş çəkib: "Konkret olaraq bu müəssisəyə 46 pasiyent gətirilib. Onlardan 35-i evə buraxılıb, 11 nəfər hələ də buradadır. Onlardan birinin vəziyyəti ağırdır, iki nəfər isə əməliyyat olunur".

Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq dünən Bakıya səfərə gələn parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib. Nəticədə Kobaxidze istefa vermək məcburiyyətində qalıb.

Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.

Beləliklə, Gürcüstan növbəti dəfə qarşıdurmaya sürüklənir. 

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze
© Sputnik / Alexander Imedashvili
Lakin qeyd edək ki, gürcülər qarşıdurmalardan və qandan boğaza yığılıblar. Bu baxımdan, sabiq prezident Saakaşvilinin vətənə dönüşü də gürcü siyasətçilərinin heç də hamısının maraqlarına cavab vermir. Mixail Saakaşvilinin üstünlüklərinə baxmayaraq, onun avantürist siyasəti qarşıdurma deməkdir. Əslində, son seçkidə vətəndaşlar Zurabişviliyə səs verməklə, əslində, sabitlik tərəfdarı olduqlarını bildirdilər. Digər tərəfdən, Saakaşvili ölkəyə qayıtsa, yenidən Rusiya ilə müharibə başlaya bilərdi. Gürcülər isə Rusiyaya ticarət tərəfdaşı kimi baxırlar və bu səbəbdən ruslarla yeni savaş istəmirlər. 2008-ci il müharibəsi gürcülərin Rusiyaya qarşı açıq savaş həvəsini məhv edib. Ona görə də ikinci turda Zurabişvili daha rahat qələbə qazandı. Bu baxımdan, gürcülərə ruslarla yeni savaş lazım deyil. Mixail Saakaşvili müxalifləri və seçkidən narazıları etiraza səsləyir. İndiki halda müxalifətin etiraz aksiyaları nəyisə dəyişəcəkmi? Saakaşvilinin Gürcüstana qayıdışı mümkündürmü?

Araşdırmaçılar hesab edirlər ki, Gürcüstanda artıq "narıncı inqilab" resursu tükənib və proseslərin küçə və meydanlarda deyil, seçki məntəqələrində həll ediləcəyi ehtimalı daha böyükdür. Lakin gürcülər qeyri-standart gedişləri sevirlər və nələrin yaşanacağını indidən söyləmək çətindir. Şəxsən Saakaşvili rahatdır, tapşırıqlarını ölkə hüdudlarından kənarda verir, onun Tbilisidəki tərəfdarları üçün isə qərar vermək çətindir. Hakimiyyətlə qanlı qarşıdurma onların sonunu gətirə bilər.

Burada bir məqama da diqqət edək. Son hadisələr qarşıdan gələn parlament seçkiləri öncəsi "Gürcü Arzusu"nun mövqelərinə zərbə vuracaq. Çünki son hadisələrin əsas müqəssiri iqtidar partiyası və şəxsən İvanişvilidir. Güman ki, İvanişvili bəzi vəzifəli şəxsləri qurban verməklə məsələni nizamlamağa çalışacaq.

Nəhayət, bu olaylar İvanişvilinin Rusiya ilə pərdəarxası oyunlarının ifşası anlamına gəlir. Bu siyasət, yəqin ki, sona yetəcək və son həftələrdə "gürcü xalqının milli-mənəvi dəyərlərinin qoruyucusu" qismində ortaya çıxan təxribatçılar geri çəkilməli olacaqlar.

Sözsüz ki, Qərbə əsas qapımız olan Gürcüstanda qarışıqlıq Azərbaycanın maraqlarına uyğun gəlmir. Gürcüstandan strateji əhəmiyyətli neft-qaz kəmərləri, köhnə və yeni dəmiryolu xətləri (Bakı-Tbilisi-Qars) keçir. Bütün bunlara baxmayaraq, Zurabişvilinin hakimiyyətdə qalması Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına səbəb ola bilər. Gürcüstan üçün Azərbaycan lazımdır, Azərbaycan üçün də Gürcüstan. Gürcüstan Azərbaycanın bütün enerji layihələrində iştirak edir, bu layihələrdən maliyyə qazanır. SOCAR Gürcüstanın əsas investorlarındandır. Azərbaycan Gürcüstana ucuz qaz satır. Bütün bunları nəzərə alaraq, Gürcüstanda istənilən prezident və istənilən baş nazir Azərbaycanla strateji əməkdaşlığı qorumaq məcburiyyətindədir. Lakin Azərbaycan qonşu Gürcüstanda gərginlik olmasını arzulamır. Ən azından, ona görə ki, qonşu ölkədə yüz minlərlə soydaşımız yaşayır və onların Azərbaycana köç eləməsi qətiyyən maraqlarımıza cavab vermir. Azərbaycana sabit Gürcüstan lazımdır və odur ki, Bakı qonşu ölkədə olan prosesləri narahatlıqla izləyir...

300
Əlaqədar
Gürcüstanda dövlət çevrilişinə cəhd, Prezident təcili ölkəyə qayıdır