Zığ qəsəbəsində yerləşən Duz gölü

Göl yaxşıdır, qiymətlər - dövlət narazı, vətəndaşlarsa razı

1368
(Yenilənib 12:02 20.06.2019)
Dövlət qurumu qadağan etsə də, vətəndaşlar antisanitariyanın hökm sürdüyü yerə 1 manat ödəyərək istirahət etməyi üstün tuturlar.

Hövsan yolunun kənarında, Zığ qəsəbəsində olan "Duzlu göl" uzun illərdir ki, istifadəyə yararsız elan edilsə də, hər il yay fəslində gölün kənarı istirahətə gələnlərlə dolu olur. Elə bu il də vəziyyət eynidir. Sputnik Azərbaycan-ın əməkdaşı Zığ qəsəbəsində olan "Duzlu göl"ə gedərək mövcud durumu müşahidə edib.

Zığ qəsəbəsində yerləşən Duz gölü
© Sputnik / Irade JELIL
Zığ qəsəbəsində yerləşən "Duz gölü"

Göl paytaxtın mərkəzindən bir o qədər də uzaq deyil, Zığ şossesindən keçməklə Hövsan qəsəbəsinə gedən yolun sağ tərəfində, 3-4 kilometr içəridə yerləşir. Gölün ərazisinə giriş ötən illərdən fərqli olaraq, 50 qəpik deyil, 1 manatdır.

Pulu ödəyib gölün ərazisinə daxil olduqda, qarşıda xoşagəlməz mənzərə açılır. Burada antisanitar qaydalara kimsə riayət etmir. Bir tərəfdə gölün dibindən yığılıb vətəndaşlara 50 qəpiyə təklif edilən çirkab dolu vannalar, digər tərəfdə yenicə boyaqdan çıxmış uçuq-sökük kafelər diqqəti çəkir.

Hər il olduğu kimi bu il də gölün ətrafı adamla doludur. "Duzlu göl"ə getməyi çox adam istirahət kimi dəyərləndirə bilər. Amma bunun istirahət olmadığını suya girən hər kəs hiss edə bilər. Gölün suyu isti olsa da, qəribə ağırlığı vardı. Gölün dibinə toxunduqda müxtəlif çürüntüləri, lili hiss etmək mümkündür. Buna baxmayaraq, göldə üzən, kənarında süfrə açıb yemək yeyənlər az deyil.

Zığ qəsəbəsində yerləşən Duz gölü
© Sputnik / Irade JELIL
Zığ qəsəbəsində yerləşən "Duz gölü"

Maraqlısı budur ki, gölə daha çox yaşlı nəslin nümayəndələri gəlir. 65 yaşlı Bakı sakini Dürrə İmanova deyir ki, Hövsanda yaşayır və uzun illərdir ki, bu gölə gəlir.

İmanova hesab edir ki, gölün suyu şəfavericidir və ağrıları, qaşınmanı, dəri xəstəliklərini sağaldır: "Mən gənc yaşlarımdan bu gölə gəlib-gedirəm. Çox da eşitmişəm ki, gölün suyu sağlamlıq üçün zərərlidir. Amma bu illər ərzində bir dəfə də olsun zərərini görməmişəm. Hərə bir söz deyir. Desin. Onsuz da hər kəs öz bildiyini edir. Mənə bura xoşdur. Burda istirahət edirəm. Kimsə mənim istirahətimə qarışa bilməz".

Gölün digər ziyarətçisi Zaman Qasımovun sözlərinə görə, burada bütün xidmətlər ucuz olduğu üçün kasıblar bura üz tutur: "Dənizə giriş 5-10 manatdır. Amma bura 1 manata daxil olub, istədiyin qədər çimə bilirsən. Çayın çaydanı 1 manata harda var? Süfrə açıb saatlarla oturursan, kimsə sənə demir ki, niyə oturmusan. Duş 50 qəpik, palçıq 50 qəpik. Bu qiymətə harda istirahət etmək olar?"

Zığ qəsəbəsində yerləşən Duz gölü
© Sputnik / Irade JELIL
Zığ qəsəbəsində yerləşən "Duz gölü"

Qasımov bildirib ki, gölün suyunun sağlamlığa heç biri zərəri yoxdur, əksinə dəri xəstəliklərini aradan qaldırır: "Çimirsən, günəşlənirsən, sonda da duş alıb, təmizlənib gedirsən. Burda nə var ki?"

Qeyd edək ki, gölün kənarında geyinmə-soyunma otaqları olmadığı üçün istirahətə gələnlər yaxınlıqda olan divarların, təpələrin arxasına sığınaraq soyunub, geyinir.

Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 2006-ci ildə respublika baş dövlət sanitar həkiminin müavini tərəfindən imzalanan 25 saylı qərara əsasən, Suraxanı rayonu Zığ yaxınlığındakı "Qızılı göl" və "Yodlu su" mənbəyindən istifadə yararsız hesab olunaraq qadağan edilib: "Biz ərazidə gigiyenik vəziyyətin normal olmadığına görə, müvafiq qurumlara müraciət etmişik. Kimsəyə "gölə getmə" deyə bilmərik. Xəbərdarlıq edilib. Qərar da qüvvədədir".

1368
Belorusda seçkinin gedişi zamanı

Belarus MSK ilkin nəticələri açıqlayıb

161
Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir.

BAKI, 10 avqust - Sputnik. Belarusun Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Komissiyanın məlumatına görə, beş regionun səsvermələrinin nəticələrinə əsasən hazırkı dövlət başçısı Aleksandr Lukaşenko seçkilərdə liderdir. O, seçicilərin 82%-nin səslərini toplayıb. 

Qeyd edək ki, Lukaşenko altıncı dəfədir prezident seçkilərində namizəddir.  

161
Musiqi qulaq asan şəxs, arxiv şəkli

Musiqi ilə məşq edin, o zaman...

9
Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

BAKI, 9 avqust — Sputnik. Tsukuba Universitetinin tədqiqatçıları 33 gəncin idman məşqlərini bitirdikdən sonra əhval-ruhiyyəsini qiymətləndirib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məşqlər zamanı onlara musiqi və bir sıra səs siqnalları dinləndirilib. Musiqiyə qulaq asanların daha yaxşı əhval-ruhiyyədə olduğu və beyin testlərində daha yaxşı idrak performansı göstərdiyi məlum olub.

Alimlər iddia edirlər ki, insan fiziki işlə məşğul olan zaman musiqi dinləyərsə, bu onun əhval ruhiyyəsini yaxşılaşdırar.

"Musiqi ilə rəqs, səs siqnalları ilə müqayisədə həyat gücünü daha da artırır", - deyə qeyd edilir.

Əvvəlki tədqiqatlar göstərir ki, məşq beynin müəyyən bir hissəsində dorsolateral prefrontal korteks (DLPC) fəaliyyətini artırır.

Müəyyən edilib ki, beynin bu sahəsi aktivləşdirildikdə düşüncə, diqqət və qısamüddətli yaddaşa yol açır.

Bu, musiqi ilə məşq etməklə yaranan müsbət əhval-ruhiyyənin təkcə insanın xarici görkəminə deyil, həm də idrak qabiliyyətlərinə təsir etdiyini göstərən ilk araşdırmadır.

Bir müddət əvvəl isə dietoloqlar yemək zamanı sakit musiqi dinləməyin qidalanma prosesini yavaşlatdığını açıqlamışdı.

9