Mənzil

Kirayədə yaşayacağı evi almaq istəyənlərə şad xəbər

562
(Yenilənib 15:45 11.06.2019)
Vətəndaşlar "ASAN xidmət" mərkəzləri vasitəsilə də kirayə evlərə müraciət edə biləcəklər

BAKI, 11 iyun — Sputnik. Bu il yanvarın 26-da Azərbaycan Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" fərman imzalayıb. Artıq fərmanın icrasını təmin etmək məqsədilə bir sıra qanunverici aktlara dəyişiklik edilib.

Bu dəyişikliklərdə nələr nəzərdə tutulur və nə zamandan vətəndaşlar satın almaq məqsədilə kirayə mənzilə sahib ola biləcəklər?

İqtisadçı-alim Vüqar Bayramov bu sualları cavablayıb. "Facebook" profilindən müəyyən qaranlıq məqamlara aydınlıq gətirən ekspertin fikrincə, son fərman kirayə mənzil fondunun yaradılması ilə bağlı mexanizmin hazırlanmasının yekunlaşdığından xəbər verir: "Bu o deməkdir ki, yaxın zamanlarda artıq vətəndaşlarımız kirayə mənzilə müraciət edə biləcəklər. Eyni zamanda elektron ipoteka portalında da kirayə mənzillərə müraciət baş tutacaq".

"Fondun təklif edəcəyi mənzillər ilə bağlı kirayə yaşayış sahələri barədə ətraflı məlumatın (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı, plan-cizgisi, aylıq ödənişi və s.) və bu məlumatlar üzrə sadə axtarış imkanının yaradılması həyata keçiriləcək. Burada da məqsəd kirayə mənzilə sahib olmaq istəyən vətəndaşlarımızın zonalar və eləcə də mənzil parametrləri üzrə məlumatları axtarış sistemi vasitəsilə əldə etmələridir", - deyə ekspert əlavə edib.

İqtisadçı bildirib ki, digər tərəfdən, kirayə müqaviləsi bağlamaq üçün müraciət etmiş şəxsin imkanının kirayə kalkulyatoru vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsi üçün kalkulyatorun hazırlanması həyata keçiriləcək. O, digər mühüm məqamla da bağlı məlumat verib: "Digər vacib dəyişiklik kirayə mənzil üçün müraciətin yalnız İpoteka və Kredit Zəmanət Fondu vasitəsi ilə deyil, həmçinin "ASAN xidmət" mərkəzləri vasitəsilə həyata keçiriləcəyidir. Vətəndaşlar həmçinin "ASAN xidmət" mərkəzləri vasitəsilə də kirayə evlər üçün müraciət edə biləcəklər".

Qeyd edək ki, evi kirayə götürmək üçün aşağıdakı sənədlər tələb olunacaq:

- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;

- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi;

- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;

- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin ailə tərkibi barədə məlumatlar;

- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin kredit bürolarında saxlanılan məlumatları;

- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin sosial sığorta ödənişləri barədə məlumatlar;

- Kirayə müqaviləsini bağlamaq üçün müraciət edən şəxsin məhkumluğunun olması (olmaması) barədə məlumatlar;

Qeyd edək ki, kirayə evlər üçün müraciət elektron formada olacaq və müraciətlərə növbəlilik əsasında baxılacaq.

 

562
Teqlər:
cəmiyyət, iqtisadiyyat, Azərbaycan, kirayə, mənzil
Əlaqədar
Mənzil bazarında yeni canlanma gözlənilir - "Kirayə evlər" gəlir
Ekspert kirayə mənzilə sahiblənmək qaydalarını açıqladı – SİYAHI
Bakıda kirayə mənzillər niyə bahalaşır - ekspert şərh edir
Həkim, arxiv şəkli

Həkimlərin təşkilatına ittiham: irqçidirlər

0
(Yenilənib 22:52 12.07.2020)
“Sərhədsiz həkimlər” humanitar təşkilatının əsası 1970-ci illərin əvvəllərində qoyulub. O, hərbi münaqişə zonalarında tibbi yardımın göstərilməsi üzrə ixtisaslaşıb.

BAKI, 12 iyul — Sputnik. “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatının minədək sabiq və hazırkı əməkdaşı açıq məktub yazaraq təşkilatı institusional irqçilikdə ittiham edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə The Guardian yazır.

Məktubda deyilir ki, “Sərhədsiz həkimlər”in rəhbərliyi korporativ mədəniyyətin, işə qəbul təcrübəsinin və “kiçik qrup imtiyazlı ağ adamların rəhbərlik etdiyi qeyri-insani proqramların” dəstəklədiyi irqçiliyin miqyasını dərk etmir.   

Məktuba imza atanlar təşkilatda müstəqil araşdırma aparılmasına, eləcə də “dəyişilməz rəhbərlik və paternalizmi” aradan qaldıracaq islahatların edilməsinə çağırırlar.

Bundan başqa, iradların sırasında təşkilatın iyerarxik quruluşu və bütün idarəçiliyin qərb ölkələrinin əlində olması yer alır.

Belə ki, 2019-cu ildə təşkilatda 65 min əməkdaş çalışırmış, bunların 90%-i isə təşkilatın işlədiyi zonalardakı lokal heyət olub. Bütün idarəçilər isə həmin dövrdə qərb ölkələrində olublar.

“Sərhədsiz həkimlər” humanitar təşkilatının əsası 1970-ci illərin əvvəllərində qoyulub. O, hərbi münaqişə zonalarında tibbi yardımın göstərilməsi üzrə ixtisaslaşıb.

0
Əlaqədar
Qəflətən: ABŞ-dakı qaradərili hərəkatına Rus Pravoslav Kilsəsindən irad
“Heykəl müharibəsi”: bu günün qəhrəmanı sabah zibillikdə yer ala bilər
Anqlikan kilsəsi İsa peyğəmbərin qaradərili olduğunu bəyan edib və onun təsvirlərini yayıb
Qaradərilinin qətli dondurmanın adını dəyişdirdi
BMT baş katibi Antonio Quterreş videomüraciət yayıb
Zaqatala rayonunda çay, arxiv şəkli

Çayda batan əsgərin yaxınlarını onun boğulduğu əraziyə apardılar

11
Hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin meyitinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər

BAKI, 12 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin Alazan çayında batan əsgərinin yaxınları hadisə baş verən əraziyə aparılıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, əsgər Fərdi Yarəliyevin qohumları onun öldüyü çay kənarında olub, şahidlər və əsgər yoldaşları ilə görüşüblər. 

Əsgərin çayda üzməsinə şahid olan, ona bunun təhlükəli olduğunu deyən  Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini mərhumun valideyninə danışıb.

Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.

Məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.

Zaqatala hərbi prokuroru Surxay Hüseynov əsgərin yaxınları ilə görüşüb, mərhumun meyitinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, suallar cavablandırılıb.

Qeyd edək ki,  hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin meyitinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər.

11