Zərifə Əliyevanın abidəsi

Bu gün Azərbaycan Prezidentinin anasının vəfat günüdür

93
(Yenilənib 18:25 14.04.2019)
Zərifə Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub

BAKI, 15 aprel — Sputnik. Bu gün Azərbaycan SSR əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki olmuş Zərifə Əziz qızı Əliyevanın (28 aprel 1923, İliç rayonu, Şahtaxtı, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ – 15 aprel 1985, Moskva) vəfat etdiyi gündür.

Zərifə Əliyeva 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb.

Akademik Zərifə Əliyeva
Akademik Zərifə Əliyeva

Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparıb.

Həkimlər Tamerlan Əliyevin, Cəmil Əliyevin və musiqiçi Gülarə Əliyevanın bacısıdır. Həkim Əziz Əliyevin qızıdır.

Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.

Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb (1981).

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub. Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılıb.

Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınıb. Bakı və Naxçıvanda adını daşıyan küçələr var. Bundan başqa Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir.

Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin qızıdır. Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin həyat yoldaşıdır. Azərbaycan Respublikasının dördüncü Prezidenti İlham Əliyevin anasıdır.

93
Teqlər:
oftalmoloq, vəfat, prezident, Zərifə Əliyeva