Bakıda veloyürüş, arxiv şəkli

"Az avtomobil, çox həyat" devizi altında veloyürüş keçiriləcək

47
(Yenilənib 20:27 05.04.2019)
Sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etmək məqsədi ilə yürüş keçiriləcək

BAKI, 5 aprel — Sputnik. Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar "Az avtomobil, çox həyat" devizi altında Veloparkda veloyürüş keçiriləcək. Birləşmiş Millətlər Təşkilatının Bakı ofisindən Sputnik Azərbaycan-a verilən məlumata görə, veloyürüş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə olacaq.

7 aprel 2019-cu il tarixində saat 12:00-da keçiriləcək veloyürüşün məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.

Yürüşdə Gənclər və İdman Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Gömrük Komitəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Nəqliyyat Agentliyi, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak edəcək.

Qeyd edək ki, 7 aprel–Ümumdünya Sağlamlıq Günü 1950-ci ildən etibarən keçirilir. Bu günün keçirilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini qlobal sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən bir mövzuya yönəltməkdir.

47