Məhkəmə çəkici

20 Yanvar faciəsinin təşkilatçısı azadlıqdan məhrum edilib

59
(Yenilənib 13:48 27.03.2019)
Vilnüs şəhər dairə məhkəməsi, 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qətliam işi üzrə qərar qəbul edib

BAKI, 27 mart — Sputnik. SSRİ-nin sabiq müdafiə naziri, 94 yaşlı Dmitri Yazov qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Sputnik Litva xəbər verir ki, bu gün Litvanın Vilnüs şəhər dairə məhkəməsi, 1991-ci ilin yanvarında Vilnüsdə törədilən qətliam işi üzrə qərar qəbul edib.

Ümumilikdə iş üzrə 67 nəfər mühakimə olunub. Lakin onların böyük əksəriyyəti qiyabi olaraq mühakimə olunub. Müttəhimlər kürsüsündə hazırda iki Rusiya vətəndaşı var. Onlar 2014-cü ildə Litvada saxlanılan Yuriy Mel və hazırda Litvada yaşayan Qennadiy İvanovdur.

Xatırladaq ki, Yazov Bakıda törədilən 20 Yanvar faciəsinin təşkilatçılarından biri olub.

59
Teqlər:
hökm, 20 Yanvar faciəsi, məhkəmə, SSRİ
Əlaqədar
Faciəvi 20 yanvar hadisələri ədəbiyyatda, sənətdə və dərsliklərdə
Professor: “20 Yanvar Azərbaycan xalqının azadlıq istəyidir”
Ziyalılarımız 20 Yanvar hadisələri ilə bağlı xatirələrini bölüşdülər
Sonuncu filmindən kadr

Azərbaycanlı rejissorun filmi Beynəlxalq Film Festivalının rəsmi proqramında - VİDEO

3
(Yenilənib 21:19 16.04.2021)
Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir

BAKI, 16 aprel — Sputnik. Bakı Media Mərkəzi və "Salnaməfilm" studiyası tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə istehsal olunmuş "Sonuncu" adlı sənədli film Rotterdam Beynəlxalq Film Festivalının rəsmi proqramına seçilib. Sputnik Azərbaycan xəbər verir ki, "Azərbaycanfilm" kinostudiyasının direktoru, kinorejissor Fariz Əhmədovun "Sonuncu" sənədli filmi Festivalın "Qısa və orta metraj" (Short & Mid-length) bölməsində iştirak edəcək.

Film Kürdili adasının sonuncu sakini Vitali Pronindən bəhs edir. 1981-ci ildə Xəzər dənizində suyun səviyyəsinin qalxması nəticəsində vaxtilə həyat qaynayan Kürdili adaya çevrilərək yaşayış üçün əlverişsiz hala gəldi. Əhalinin əksəriyyəti adadan köçdü. Qazsız, işıqsız və demək olar ki, insansız qalan ada tənhalaşdı, təbiəti, heyvanları vəhşiləşdi, evləri dağıldı. Daha orada heç kim yaşamırdı. 68 yaşlı Vitalidən başqa. O, adayla nəfəs alır. Son nəfəsini də adada alır. Elə kamera qarşısında.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, rejissoru Fariz Əhmədov, ssenari müəllifləri Esmira Əyyub və Fariz Əhmədovdur. Filmin operatoru Polşadan dəvət olunmuş kino mütəxəssisi Mateuş Çuxnovskidir.

Qeyd edək ki, Rotterdam Beynəlxalq Film Festivalı dünyanın ən vacib kino müsabiqələrindən biri sayılır. "A" kateqoriyalı festivalın adı Avropanın Kann, Venesiya, Berlin, Lokarno və digər böyük festivalları ilə yanaşı çəkilir. 2-6 iyun 2021-ci il tarixlərində festivalın 50-ci buraxılışı keçiriləcək. "Sonuncu" filminin geniş auditoriyaya ilk təqdimatı da məhz bu festival çərçivəsində baş tutacaq. Film haqqında qısa məlumat, treyler və fotolar artıq Festivalının rəsmi saytında da yerləşdirilib (https://iffr.com/nl/2021/films/the-last-one). Filmin dünya premyerasının məhz Rotterdam Beynəlxalq Film Festivalında baş tutacağı faktı kino mütəxəssisləri tərəfindən son illər Azərbaycan kinosu tarixində vacib hadisələrdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, kinorejissor Fariz Əhmədov hazırda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktorudur. Onun filmləri indiyə qədər bir çox beynəlxalq festivalların iştirakçısı və mükafatçısı olub.

3
Rejissor Eldar Quliyev

Kino xadimləri Eldar Quliyev haqqında: Azərbaycan möhtəşəm rejissorunu itirdi

4
(Yenilənib 23:37 16.04.2021)
Azərbaycanın məşhur kino xadimləri müxtəlif filmlərin çəkiliş prosesində birlikdə çalışdıqları kinorejissor haqqında xatirələrini bölüşüblər.

BAKI, 16 aprel — Sputnik, Kəmalə Əliyeva. Azərbaycan kinematoqrafiyasına ağır itki üz verib, istedadlı rejissor, Azərbaycanın Xalq artisti Eldar Quliyev bu gün 81 yaşında dünyasını dəyişib. Rejissorun gerçəkləşdirməyə fürsət tapa bilmədiyi neçə-neçə maraqlı ideyası yarımçıq qalıb...

Bu barədə rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev Sputnik Azərbaycan-a müsahibəsində bildirib. Eldar Quliyevin vəfatını Azərbaycan mədəniyyəti üçün böyük itki hesab edən Salayev bildirib ki, rejissor şəxsən onun həyatında da mühüm rol oynayıb. Hətta Salayev rejissorluğa məhz onun sayəsində gəlib.

"Məsələ burasındadır ki, mən ixtisasca kinoşünasam. Bədii rəhbəri Eldar Quliyev olan "Debüt" studiyasına gedib çıxdığım vaxt həyatım tamamilə dəyişdi. Ondan xahiş etdim ki, mənə film çəkmək fürsəti versin. Həmin vaxt bir bədii film üçün o qədər də uğurlu olmayan ideyam var idi. O isə təklif etdi ki, Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanım haqqında sənədli film çəkim", – deyə Salayev qeyd edib.

Eldar Quliyevin Əməkdar incəsənət xadiminin həyatında oynadığı rol bununla da bitmir. Belə məqamlardan biri də Salayevi uzun müddət Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv qəbul etmək istəmədikləri vaxt yaşanıb. Ancaq Quliyev İttifaqın katibi təyin olunan kimi Salayev də bu quruma üzv seçilib.

"O, çox alicənab adam idi. Onun yoxluğu bizim kinomuz və şəxsən mənim üçün çox böyük itkidir. Mən onunla bütün problemlərimi bölüşə bilirdim. Son bir ildə ağır xəstə yatırdı, buna baxmayaraq, Bədii Şuranın bütün iclaslarına gəlir, ağıllı, müdrik məsləhətlər verirdi", – deyə Salayev əlavə edib.

Xalq artisti Həmidə Ömərovaya Eldar Quliyevin iki filmində çəkilmək qismət olub – "Nizami" və "Burulğan". Aktrisa üçün Eldar Quliyev yalnız rejissor deyil, həm də bütün məsələlər haqqında danışa biləcəyi yaxın dost, sirdaş olub.

"Deməyə söz tapmıram... Bu mənim üçün böyük itkidir! O çox gözəl insan idi. Tez-tez tədbirlərdə görüşürdük. Çətinliklə də olsa, həmkarlarını dəstəkləmək üçün bütün tədbirlərə qatılmağa çalışırdı. Biz çox xeyirxah, güclü insanı itirdik. Xoşbəxtəm ki, onunla çalışmaq mənə də qismət olub. İşdə isə çox ciddi və tələbkar idi. Həyatda bir cür idi, rejissor pultu arxasında tamam başqa cür", – deyə Ömərova vurğulayıb.

Azərbaycanın Xalq artisti Məbud Məhərromov isə Eldar Quliyevin yalnız bir filmində çəkilib – "Nə gözəldir bu dünya".

Aktyorun həmin filmin çəkilişi ilə bağlı unudulmaz xatirələri var. Onun sözlərinə görə, Eldar Quliyev çox tələbkar rejissor idi. Bununla belə, aktyora onunla işləmək rahat olub.

"Azərbaycan kinematoqrafiyası yüksək mədəniyyətə və intellektə sahib insanı itirdi. Onun doğmalarına başsağlığı verirəm. Eldar Quliyev kimi insanların həyatdan getməsi böyük itkidir", – deyə Məhərrəmov əlavə edib.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Eldar Quliyev 2021-ci ilin yanvar ayında infarkt keçirib. Rejissor bir müddət müalicə alandan sonra bu gün Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat edib.

Quliyev öz vəsiyyətinə əsasən, "Qurd qapısı" qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq. Dəfn mərasimi rejissorun xaricdə yaşayan qızı Azərbaycana gələnə qədər təxirə salınıb.

Xatırladaq ki, Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino şöbəsinin professoru, Kinematoqrafçılar İttifaqının katibi, "Şərəf" və "Şöhrət" ordenlərinin sahibi, rejissor Eldar Quliyev 1941-ci il yanvar ayının 18-də Bakıda anadan olub. 1960-1966-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq şöbəsində Sergey Gerasimovun kursunda oxuyub. Məzun olduqdan sonra "Azərbaycanfilm" kinostudiyasında çalışmağa başlayıb.

1969-cu ildə ilk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü rejissor kimi təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə "Babək" filmini çəkib ki, həmin ekran əsəri də peşəkarlıq səviyyəsinə, kütləvi və döyüş səhnələrinin miqyasına görə heç də xaricdə istehsal olunan bu tipli işlərdən geri qalmırdı. Həmin illərdə "Babək" filmi 52 ölkə tərəfindən satın alınmışdı. Bunlarla yanaşı, "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Ürək… Ürək…", "Nizami", "Nə gözəldir bu dünya…", "Girov", "İstanbul reysi", "Dərvişin qeydləri" və s. filmlərə də quruluş verib.

Eldar Quliyev, həmçinin bir neçə filmin ssenari müəllifi də olub. Çəkdiyi filmlər dəfələrlə kinofestivallarda mükafatlara layiq görülüb.

4