Омбудсмен Азербайджана Эльмира Сулейманова

Ombudsman bəyanat yaydı

22
(Yenilənib 13:02 18.03.2019)
"Azərbaycanlılara qarşı zaman-zaman soyqırımı hadisələri, o cümlədən 1918-ci ildəki soyqırımı törədilib və təəssüf ki, beynəlxalq miqyasda heç vaxt tarixi qiymətini almayıb"

BAKI, 18 mart — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar bəyanat verib. Bu barədə Sputnik Azərbaycan-a Ombudsman Aparatından məlumat verilib.

Bəyantda qeyd edilir:

"Azərbaycanlılara qarşı zaman-zaman soyqırımı hadisələri, o cümlədən 1918-ci ildəki soyqırımı törədilib və təəssüf ki, beynəlxalq miqyasda heç vaxt tarixi qiymətini almayıb.

XIX əsrin əvvəllərindən başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa, Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına və digər bölgələrə İran və Türkiyədən minlərlə erməni ailəsi köçürülüb. Belə ki, erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü şəkildə həyata keçirdikləri soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin məqsədi soydaşlarımızı öz tarixi torpaqlarından didərgin salmaq və bu ərazilərdə "Böyük Ermənistan" dövləti yaratmaq olub.

Həmin siyasətin qanlı tərkib hissələrindən ən dəhşətlisi 1918-ci ildə azərbaycanlıların soyqırımı olub və özünün ağır nəticələri ilə seçilir.

Tarixi faktlara nəzər salsaq, 1917-ci il fevral və oktyabr inqilablarından məharətlə istifadə edən ermənilər öz çirkin iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular.

1918-ci ilin mart ayından etibarən silahlı daşnak-bolşevik dəstələri, erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli və dini mənsubiyyətinə görə xüsusi qəddarlıqla qırğına məruz qalmış, insanlar diri-diri yandırılmış, nadir tarixi və mədəniyyət abidələri, xəstəxanalar, məktəblər, məscidlər və qəbiristanlıqlar dağıdılmışdır. 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda törədilən qırğınlar kütləvi şəkil almış, erməni dəstələri 30 mindən çox dinc sakini amansızcasına qətlə yetiriblər. Bu zaman bir çox qədim binalar, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası, ziyarətgahlar top atəşinə tutularaq dağıdılıb, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb.

Daha sonra Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, İrəvan, Şirvan, Lənkəran və digər bölgələrdə xüsusi qəddarlıqla soydaşlarımıza qarşı soyqırımı və talanlar həyata keçirilmişdir. Bu hadisələr zamanı Şamaxının 70-dən çox kəndi tamamilə məhv edilmiş, 7000 nəfər öldürülmüşdür. Tarixi mənbələrdə göstərildiyi kimi, Şamaxıya hələ mart ayının ortalarında 2000 erməni əsgərinin və 60 maşına yüklənmiş silah-sursatın göndərilməsi buradakı qırğına əvvəlcədən hazırlıq görülməsinin sübutudur. Quba qəzasında 122 kənd, Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılmış və yandırılmış, çoxsaylı evlər talan edilmiş, yüzlərlə günahsız insan, o cümlədən qadın və uşaqlar qətlə yetirilib. 

Aradan uzun illər keçsə də, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra tarixi keçmişimizi daha yaxşı öyrənmək imkanı əldə edilmiş, uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxmış, beləliklə təhrif edilmiş hadisələr daha aydın görünməkdədir.

31 mart qanlı hadisələrindən yalnız 80 il sonra – 26 mart 1998-ci il tarixdə Prezident Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilmiş, 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmiş və hər il ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Ötən il bu bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, müvafiq tədbirlər planı geniş şəkildə həyata keçirilib.

Ötən illər ərzində aparılmış araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanmış, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu sübut edilib.

Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri və digər maddi sübutlar bu qırğınlar zamanı erməni qatillərinin vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu ərazidə kütləvi surətdə insanların qətlə yetirilməsinin sübutu kimi və onların xatirəsinə ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial Kompleksi yaradılmış və ölkəmizin əhalisi, həmçinin xarici qonaqlar tərəfindən bu tarixi abidə ziyarət olunur. Bir müddət əvvəl Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill də bu Memorial Kompleksdə olub.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində göstərilir ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla yanaşı, insanlığa qarşı ən ağır cinayətlərdəndir.

Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada təsbit olunub. Konvensiyaya görə, qabaqcadan düşünülmüş qaydada, hər hansı milli, etnik, irqi, yaxud dini qrupun kütləvi şəkildə tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilmiş cinayət əməlləri genosid aktıdır. Bu sənəddə göstərilən əməllərdən hər biri 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş və odur ki, bu hadisələr hüquqi baxımdan soyqırımı kimi qiymətləndirilməlidir. 

Tarix göstərmişdir ki, erməni millətçiləri sonralar da öz çirkin niyyətlərindən əl çəkməmiş, dinc soydaşlarımızı qəddarlıqla kütləvi qırğına məruz qoyaraq, cinayətlərini ört-basdır etmək məqsədilə hadisələri saxtalaşdırmağa əl atıblar.

Ermənistan 1988-ci ildən başladığı növbəti etnik təmizləmə, təcavüz siyasəti nəticəsində ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarını zəbt etmiş, nəticədə torpaqlarımızın 20 faizi işğala məruz qalmış, 20 min soydaşımızın həyatına son qoyulmuş, bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, onların hüquqları kütləvi şəkildə kobudcasına pozulmuşdur. Bu işğal zamanı da erməni millətçiləri və terrorçuları Azərbaycanın Xocalı şəhərində, Kərkicahan, Malıbəyli, Quşçular, Qaradağlı, Ağdaban kəndlərində və digər yaşayış məntəqələrində də soyqırımlar, kütləvi qırğınlar törədiblər.

Zəbt edilmiş Dağlıq Qarabağ və adı çəkilən yeddi rayonun Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olduğunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi, Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi bir daha sübut edir.

Lakin erməni tərəfi hər zaman olduğu kimi, qeyri-konstruktiv mövqe nümayiş etdirərək, atəşkəs rejimini mütəmadi olaraq pozur, regionda sülhün bərqərar olmasına maneçilik törədir. Ermənistanın mülki əhaliyə qarşı yönəlmiş soyqırımı siyasəti bu gün də davam etdirilir, dinc əhalinin, o cümlədən uşaqların qətlə yetirilməsi ilə nəticələnir. Bu kimi halları törədənlərin cəzalandırılmaması dünyanın hədəflədiyi əsas prioritetlərinə, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 il davam edən bu təcavüzə son qoyulmasına, münaqişənin sülh yolu ilə nizamlanmasına mütəmadi olaraq səylər göstərir, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının, məcburi köçkünlərin öz yurdlarına qaytarılmasının zəruriliyini dəfələrlə nüfuzlu beynəlxalq qurumların qarşısında qaldırır, bu isə həmin qurumların müvafiq qərarlarında öz əksini tapıb.

Lakin BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və İslam Əməkdaşlıq Təşkilatının, AŞPA-nın, habelə Qoşulmama Hərəkatının və digər beynəlxalq qurumların bu qərarlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi bu günədək beynəlxalq hüququn normaları və prinsipləri, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bötüvlüyü və suverenliyi çərçivəsində öz həllini tapmayıb. 

Beləliklə, 1918-ci ildə törədilmiş həmin soyqırımı zamanı qətlə yetirilənlərin, şəhidlərimizin əziz xatirəsini dərin hüznlə yad edərək, yuxarıda göstərilənləri, habelə beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, 31 mart - Azərbaycanlıların soyqırımını hər bir dövlət və səlahiyyətli beynəlxalq qurum tərəfindən genosid aktı kimi ədalət naminə tanımağa, haqlı mövqeyimizi dəstəkləməyə, bu istiqamətdə həmrəyliyə və səyləri artırmağa çağırıram.

Qətiyyətlə bildirirəm ki, insanlığa qarşı törədilən bu qatı cinayətlərə genosid aktı kimi beynəlxalq miqyasda hüquqi-siyasi qiymət verilməli, soyqırımları törətmiş Ermənistana qarşı sanksiyalar tətbiq olunmalı və beynəlxalq sənədlərin tələblərinə riayət edilməli, Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqları bərpa olunmalı, əsir və girovlar azad edilməli, onlar öz doğma yurdlarına qayıtmalı, həmçinin günahsız, dinc insanları qətlə yetirən cinayətkarlar tezliklə ədalət məhkəməsi qarşısında cavab verməli və cəzalandırılmalıdırlar".

Qeyd edək ki, Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, YUNİSEF-in, YUNESKO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

22
Teqlər:
Elmira Süleymanova, bəyanat, ombudsman
Əlaqədar
Ombudsman da sosial şəbəkələrdə hüquqi tənzimlənmədən danışdı
Ombudsman parlamentdə əhalini narahat edən məsələləri dilə gətirdi
Ombudsman Milli Məclisdə mühüm məsələ qaldırıb: Təcili qanun qəbul olunmalıdır
Həblər, arxiv şəkli

Hər birimizin köməyinə çatan dərmanlarla bağlı qorxunc xəbərdarlıq - öldürə bilər

2
(Yenilənib 16:21 26.11.2020)
"Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda antimikrob dərmanların apteklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımi dəstək verməlidir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, bu preparatlara əlçatanlığını azaltmaq lazımdır. "İnsanların antibiotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımi laboratoriyaları var. Həmçinin, maarifləndirmə də olmalıdır. Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi".

Qeyd edək ki, antibiotiklər yüngün soyuqlama zamanı hər birimizin köməyinə çatır. Ona görə də antibiotiklərin reseptlə satılması əhali tərəfindən birmənalı qarşılanmır. Sputnik Azərbaycan antibiotiklərin reseptsiz satışının fəsadlarını araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında antibiotiklərin reseptsiz satışının məhdudlaşdırılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. A.Qeybulla deyir ki, apteklərdə antibiotiklərin reseptsiz satışı qanunda olan boşluqdan irəli gəlir. Onun sözlərinə görə, xarici ölkələrdə antibiotiklər reseptlə satılır:

"Antibiotiklərin həkim təyini olmadan istifadəsi çox risklidir. Bu, hətta ölümə belə gətirib çıxardır. Koronavirusun müalicəsində antibiotiklərdən istifadə məsləhət görülmür. Çox təəssüf ki, insanlar evdə müalicə zamanı kortəbii antibiotiklərdən istifadə edirlər. Bu isə anafilaktik şok, allergik təsirlər göstərə bilər. Antibiotiklərdən həkim təyinatı olmadan istifadə qulağı kar edə, böyrək problemlərinə səbəb ola bilər. Sovet dövründə antibiotiklərdən istifadə geniş yayılmışdı. İndi də bəzi insanlar həkim təyinatı olmadan antibiotikləri alaraq istifadə edirlər. Təbii ki, buna son qoyulmalıdır".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır: "Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi. Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır. COVID-19 dövründə problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır".

Koronavirusdan ölüm artır - Səbəblər virusun özü qədər qorxuludur>>

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, antibiotiklərin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla müvafiq qaydada tənzimlənir:

"Bu, qanunvericilikdə olan hər hansı boşluq yox, qanunun icrası ilə bağlı problemdir. Qanunların icra müxanizmi NK-nın müvafiq qərarları ilə tənzimlənir. Ola bilər ki, bu məsələ də icra mexanizmində yaranan anlaşılmazlıqla bağlı ola bilər. Qanun antibiotiklərin satışını kifayət qədər tənzimləyir. İşçi qaydada təlimatlarla bu məsələyə baxılmalıdır", - deyə deputat bildirib.

M.Məmmədli bildirir ki, antibiotiklərin kortəbii təyini mənfi təsirə səbəb ola bilər. Koronavirusla mübarizədə isə bu, daha təhlükəlidir: "Çünki koronavirusa yüngül yoluxmada müalicə əsasən orqanizmin gücləndirilməsi, immun sisteminin möhkəmləndirilməsi ilə bağlı aparılır. Antibiotiklərdən istifadə isə orqanizmi, immun sistemini zəiflədir. Bu, o demək deyil ki, xəstələrə antibiotik ümumiyyətlə təyin olunmamalıdır. Sadəcə olaraq bunun üçün tibbi göstəriş olmalıdır. Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır. Bu, beynəlxalq təcrübəyə əsaslanır. Antibiotiklər həkimlərin təyinatı ilə resept əsasında satılmalıdır".

2
Teqlər:
Müşfiq Məmmədli, Nəzifə Mürsəlova, Adil Qeybulla, antibiotik, Koronavirus, epidemiya, COVID-19
Fransa Senatının binası, arxiv şəkli

Fransa Senatının Qarabağla bağlı qətnaməsinə Rusiya Dövlət Dumasından reaksiya verildi

7
(Yenilənib 19:47 26.11.2020)
"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

BAKI, 26 noyabr — Sputnik. Fransa Senatı, Fransa hökumətini Azərbaycan ərazisindəki saxta "Dağlıq Qarabağ Respublikası" (DQR) rejiminin "müstəqilliyini" tanımağa çağıraraq, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səylərini pozmağa çalışdı. Sputnik Azərbaycan "Vestnik Kafkaza"-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib.

"Mən Rusiyanın müharibəni sona çatdırması və münaqişə tərəflərini normal nizamlanma yoluna gətirməsinə görə Fransa, həmçinin ABŞ-dan inciklikdən başqa bir şey gözləmirdim. İşlərin sülhə doğru getdiyini, tərəflərin razılığa gəldiyini görən Paris bu prosesi pozmaq, hər hansı bir gərginlik yaratmaq cəhdlərini bərpa etdi", - deyə Kalaşnikov qeyd edib.

O qeyd edib ki, hazırkı mərhələdə bu cür addımlar tamamilə qeyri-konstruktivdir: "Hazırda bu cür müdaxilələr, xüsusi ilə Minsk Qrupunun həmsədrinin müdaxiləsi sadəcə yolverilməzdir. Bu qətnamə Cənubi Qafqazda heç kimə xeyir verməyəcək".

"Natsionalnaya oborona" jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko xatırladıb ki, Fransa əvvəl də balansa riayət etmirdi və açıq şəkildə Ermənistanın maraqlarına lobbiçilik edirdi:

"İndi isə bu, bir daha təsdiqləndi, artıq Senatda deputat çoxluğu ilə. Hüquqi cəhətdən bu qətnamənin heç bir çəkisi yoxdur, siyasi cəhətdən isə o, Fransanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında öz təsirini bərpa etmək üçün son cəhdi idi. Lakin əməldə bu, Parisin vasitəçilik missiyasından imtinasıdır".

Ekspert vurğulayıb ki, bu qətnamə heç bir halda Rusiya və Türkiyənin Cənubi Qafqazda mövqelərinə təsir etməyəcək: "Ümumiyyətlə, bu, sadəcə Parisin maraqlarına zərbə vuracaq olan axmaq hərəkətdir. Fransanın tərəfdaş və ya rəqib olmasından asılı olmayaraq, Azərbaycanın müvafiq nəticələr çıxaracağı aydındır".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Sənədin lehinə 305 senator səs verib. Bir nəfər isə əleyhinə olub. Sənəd tövsiyə xarakteri daşıyır.

Fransa Xarici İşlər Nazirliyi artıq Senatın qərarına münasibət bildirib: Parisin "Dağlıq Qarabağın müstəqilliyi"ni birtərəfli tanıması nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə fayda vermir.

Fransanın Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuanın sözlərinə görə, bu addım Fransa hökumətinin, rəsmi Parisin başqa partnyorlarının siyasətini əks etdirməyəcək.

Xarici İşlər Nazirliyinin dövlət katibi qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyini tanımayıb.

Diplomatın sözlərinə əsasən, bu addım Fransa hökumətinin siyasətini əks etdirmir: "Dağlıq Qarabağ münaqişənin həlli tək tərəfli deyil, iki tərəf arasındakı dialoqdan asılıdır. Bu gün tərəflər həmsədrlərin dialoqu davam etdirmək üçün dəstəyinə ehtiyac duyurlar".

7
Teqlər:
Kalaşnikov, Leonid Kalaşnikov, Rusiya Dövlət Duması, Qarabağ, Fransa Senatının qətnaməsi, Fransa Senatının qərarı, Senat, Fransa