Şagirdlər

Məktəblilərin həyəcanla gözlədiyi tarix açıqlandı

115
(Yenilənib 10:24 14.03.2019)
İmtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 269 imtahan rəhbəri, 2995 nəzarətçi‑müəllim, 211 buraxılışı təşkil edən əməkdaş, 111 bina nümayəndəsi ayrılıb

BAKI, 14 mart — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) 17 mart 2019-cu il tarixində respublikanın 29 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. Sputnik Azərbaycan DİM-ə istinadla xəbər verir ki, həmin gün, ümumilikdə 33054 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. 

Bu imtahanlarda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə martın 10-dan etibarən çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

İmtahan saat 11:00-da başlanır.

İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 45 tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. Bildiyiniz kimi, imtahanda şagirdlərin xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılacaq. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlayacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və.icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda, ümumilikdə 111 imtahan mərkəzi ayrılıb.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə "Face Recognition" (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd şagirdlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş şagirdlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır. 

9-cu sinif buraxılış imtahanının birinci mərhələsində 33054 (Şəmkirdə 2644, Gədəbəydə 832, Ağstafada 928, Qazaxda 967, Tovuzda 2076, Mingəçevirdə 1367, Balakəndə 964, Zaqatalada 1162, Qaxda 598, Yardımlıda 623, Cəlilabadda 2197, Masallıda 2197, Lerikdə 574, Göyçayda 1308, Ağdaşda 1169, Ucarda 913, İsmayıllıda 945, Qobustanda 379, Ağcabədidə 1720, Füzulidə 808, Beyləqanda 1164, Salyanda 1398, Neftçalada 807, Hacıqabulda 816, Qusarda 1113, Qubada 1938, Siyəzəndə 527, Xızıda 182, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərdə – internat məktəblərində, tədrisi ingilis dilində olan məktəblərdə, Çilov adasında yerləşən məktəbdə, cəzaçəkmə müəssisələrində olan ümumtəhsil müəssisələrində 738) şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 111 ümumi imtahan rəhbəri, 269 imtahan rəhbəri, 2995 nəzarətçi‑müəllim, 211 buraxılışı təşkil edən əməkdaş, 111 bina nümayəndəsi ayrılıb.

Hazırda qeyd olunan rayonlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə martın 16-da təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

115
Teqlər:
həyəcan, Dövlət İmtahan Mərkəzi, imtahan
Əlaqədar
Dövlət İmtahan Mərkəzi tələbə qəbulu elan edir
DİM imtahan binasına girənləri yeni texnologiya ilə yoxlayacaq
Bu gün 40 minə yaxın şagird imtahan verəcək
Dövlət İmtahan Mərkəzi tələbələrin xahişini nəzərə alıb