İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyətini qəbul edib

17
(Yenilənib 14:25 04.03.2019)
Dövlətimizin başçısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarına görə minnətdarlığını bildirib

BAKI, 4 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun sədri, Səudiyyə Ərəbistanı-Azərbaycan Hökumətlərarası birgə Komissiyasının həmsədri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İbrahim bin Əbdülrəhman əl-Ömər İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırıb. O, ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini qeyd edərək, Azərbaycanda gördükləri inkişaf proseslərinin, mədəniyyət və arxitektura nümunələrinin, xüsusilə Heydər Əliyev Mərkəzinin gözəlliyinin nümayəndə heyəti üzvlərində dərin təəssürat yaratdığını vurğulayıb. 

Xoş sözlərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı Azərbaycanda gedən böyük quruculuq işlərinin, ən müasir infrastrukturun yaradılmasının iqtisadiyyatın bütün sahələrinə, o cümlədən turizmin inkişafına böyük təkan verdiyini vurğulayıb.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq əlaqələrinin genişləndiyi, ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, İbrahim bin Əbdülrəhman əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub, hökumətlərarası komissiyanın əməkdaşlığın inkişafı işinə töhfə verdiyi qeyd edilib.

Söhbət zamanı, həmçinin bildirilib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymaqda maraqlıdır. Məmnunluq ifadə olunub ki, bir il ərzində Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı dəfələrlə artıb.

Görüşdə ölkələrimiz arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, energetika, investisiya, bərpa olunan enerji mənbələrinin yaradılması, turizm və turizm infrastrukturu, sənaye, kənd təsərrüfatı, neft-qaz, alternativ enerji, nəqliyyat və digər istiqamətlərdə əlaqələrimizin inkişaf perspektivləri müzakirə edilib, ticarət dövriyyəsinin artırılmasının və bunun üçün logistik və nəqliyyat imkanlarının araşdırılmasının vacibliyi qeyd olunub.

Dövlətimizin başçısı İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və vəliəhd Məhəmməd bin Salman Əl Saudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və vəliəhdə çatdırmağı xahiş edib.

17
Teqlər:
qəbul, İlham Əliyev, Prezident, Səudiyyə Ərəbistan
Əlaqədar
Ölkəsində inqilab başlayan ahıl prezident ağır vəziyyətdədir
Prezident Xalq artisti barədə sərəncam imzalayıb
Gəncə sakinlərinə şad xəbər
Ermənistanda Rusiya hərbi bazası, arxiv şəkli

Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı davam etdirəcək

0
(Yenilənib 22:24 10.07.2020)
Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

 

BAKI, 10 iyul — Sputnik. Ermənistan yeni milli təhlükəsizlik strategiyası çərçivəsində Rusiya ilə hərbi əməkdaşlığını davam etdirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan hökumətinin saytında yerləşdirilən strategiyanın mətnində bildirilir.

Qeyd olunur ki, Ermənistan həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə hərbi-siyasi, hərbi və hərbi-texniki əməkdaşlığı inkişaf etdirməyə davam edib.

Sənəddə, həmçinin vurğulanır ki, Yerevan üzv-ölkələrin maraqlarının effektiv şəkildə qorunması və strukturun institusional imkanlarının genişləndirilməsi naminə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində birgə təşəbbüslərdə aktiv şəkildə iştirak edir: "Ermənistan təşkilatın effektivliyinin artırılması və üzv ölkələrinin biri-birinə münasibətdə müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi istiqamətində işlərini davam etdirəcək".

Sənəddə ABŞ-la əməkdaşlıq kontekstində hərbi-siyasi məsləhətləşmələrin və institutların islahatlarına yönələn qarşılıqlı əlaqələrin vacibliyi vurğulanır.

Sənəddə, həmçinin siyasi, ticari-iqtisadi, müdafiə və mədəni-humanitar sahələrdə Rusiya ilə strateji və müttəfiqlik əlaqələrinin inkişafı Yerevanın xarici siyasətində əsas prioritetlərindən biridir.

0
Abşeron tutu

Xəzrinin musiqisi, samovar çayı, tutlu plov: yaşlıya savab, cavana səhhət

6
(Yenilənib 22:21 10.07.2020)
Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar

 

BAKI, 10 iyul — Sputnik. Abşeronun tutu başqa aləmdir. Hər həyətdə bir-iki tut ağacı salmaq hələ dədə-babadan adət olub. Tutu əkən həmişə savab sahibidir, çünki ağacın kölgəsi sərinlik verir, meyvəsinin isə dadından doymaq olmur. Yayın cırhacırında bəzən hündürlüyü ikimərtəbəli ev boyda olan tut ağacının altında xəzri küləyinin musiqisini dinləmək, samovar çayı içmək qədər gözəl bir nəsə tapmaq çətin məsələdir.

Abşeronun xartutu əvəzolunmaz bir bitkidir

Tut ağacını həyətində əkən şəxs bir növ səxavətli insan kimi tanınır, çünki istəsən də, istəməsən də, mövsüm dövründə bütün məhsulu yığıb qurtara bilməzsən. Qonşuya, qohuma pay yollamalı olursan, ətrafdakıları tut yığmağa dəvət etməlisən. Tutu quruda, ondan mürəbbə və bəkməz hazırlaya bilərsən. Qışın soyuq günlərində insana güc-qüvvə verər tutdan hazırlanan məhsullar.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Abşeronda tutun onlarla növünə rast gəlinir. Şahtut, bidanə, tehrani, muştut, xartut kimi müxtəlif sortları yarımadanın hər yerində əkilib. Şahtut və muştut ilk məhsulunu artıq mayın sonunda verir. Tehrani iyunun sonuna tükənir. Bidanə isə iyulun yarısına kimi məhsulunu ağacda saxlayır. İyun ayı küləkli keçsə, bəzən tutun hamısı yerə tökülür. Küləksiz illərdə isə tut elə ağacda quruyur, toplayıb qışa ehtiyat kimi saxlamaq olar.

Abşeronun xartutu isə əvəzolunmaz bir bitkidir. Qanı aşağı olan, vitamini çatmayan şəxslərə məsləhətdir. Gözəl turşməzə dadı olur, hemoqlobini artırır. Hamilə qadınlara məsləhətdir. Toplayıb kənara qoyduqda, tez bir zamanda özündən xeyli şirə buraxır. Bazarlarda xartutun şirəsini ayrıca stəkanla satırlar. Tutların içində ən bahalısı sayılır. Əvəzsiz məhsuldur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir

Tutun yaxşı sirkəsi də olur. Amma üzümdən fərqli olaraq mütləq tərkibinə bir neçə element əlavə edilir. Qara çörək, kömür və paslı mismar sirkəni tündləşdirir. Tut qaraciyərin dərmanıdır deyə, tut sirkəsi və tut bəkməzi qaraciyər üçün xeyirlidir.

Bidanə tutların içində möhtəşəmliyi ilə seçilir. Fars dilindən alınma söz olan “bidanə” tumsuz, toxumsuz mənasını verir. Toxumu yoxdur deyə, mürəbbəsi dadlı olur. Şirinliyi də normadadır. Bidanədən həm də çox gözəl bir yemək hazırlanır: tutlu plov. Ağdam və Ağcabədi zonasında məşhur olan tutlu plovu ən azı ildə bir dəfə tut mövsümündə bişirmək olar. Düyü qədər də tut tələb olunur. Kərə yağı, tut və düyüdən hazırlanır. Tut çırpılır, təmizlənir, qazana düzülür, yağda bişirilir, üzərinə də düyü əlavə edilir. Dadından doymaq olmur.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Qaratut və muştutun şirinliyi az olur, şəkərdən uzaq durmaq istəyənlər üçün daha məsləhətlidir. Gözəl mürəbbəsi alınır. Tut təkcə insanlara yox, həm də quşlara, həşəratlara bir yem vasitəsidir. Yerə tökülür, bir çox canlını qidalandırır. Qarışqalar elə hey tutdan daşıyırlar, qışa hazırlaşırlar. Həyətində toyuq-cücə, qaz-ördək saxlayanlar tutun qiymətini yaxşı bilirlər. Tutun qurumuş budaqları həm samovara, həm də manqala yarayır, çünki bərk oduncağı var, istisi çox olur. Bacaranlar kömür də hazırlaya bilərlər. Tut ağacından hər hansı bir əşya illərlə sahibinə xidmət edə bilər. Yaxşı ət taxtası, odun doğramaq üçün kötük düzəltmək olar, dekorativ işlər üçün material kimi yararlıdır. Tutdan musiqi alətləri də düzəldilir. Əsasən, tarı tut ağacından hazırlayırlar. 

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Gövdəsi insanın boynu yoğunluğunda oldusa, demək, ömrünün sonu yaxınlaşır

Tutla bağlı Azərbaycan miflərində xeyli maraqlı təsəvvürə rast gəlirik. Tutu kəsmək günah sayılır, tutu kəsənin başına çox bəla gələr deyirlər. Xartut Bakı əhli üçün müqəddəs sayılır, amma həm də ağır ağacdır, deyirlər, gərək tutu cavan adam əkməsin. Elə ki, xartutun gövdəsi insanın boynu yoğunluğunda oldu, demək, həmin şəxsin ömrünün sonu yaxınlaşır. Məsləhətdir, xartutu yaşı əllidən yuxarı olan birisi əksin. Tut əkən onu adətən özü üçün yox, özündən sonra gələn nəsillər üçün əkir. Elə xartutun böyüməsinə heç 20-30 il bəs eləmir bəzən.

© Photo : İsmayıl Rafiqoğlu
Abşeron tutu

Tutu sevməyən də az deyil, həyətini təmiz görmək istəyən, zir-zibili yığışdırmaqdan bezənlər ən radikal metoda, yəni ağacı doğramağa belə əl atırlar. Həm də əgər bağı başlı-başına buraxsan, elə ətraf qonşular bütün günü həyətdən tut daşımaqla məşğul olacaqlar. Tut yoxdursa, deməli, həyətinə girən də yoxdur. Son 30 ildə tut ağacları həm də xalq arasında “amerikan qurdu” deyilən bir bəla ilə rastlaşıb. Yaşıl rəngli qurd ağacda əməlli-başlı tor salaraq bütün yarpaqları məhv edə bilər. Nə qədər mübarizə etsən belə, çox zaman faydası olmur. Bağ əhli əlində qayçı tutu budayır, qurdları yandırır, ağacı dərmanlayır. Amma qonşuda varsa, bir müddət sonra yenə əmələ gəlir. Niyə bu qurda “amerikan qurdu” deyirlər, məlum deyil, amma əsasən SSRİ dağılandan və sərhədlər açılandan sonra əmələ gəlib. Ola bilər, haradasa xaricdən gətirilib.

Tut mövsümü sona yetməkdədir. Uzaqbaşı bir-iki həftəyə ağ tutdan əsər-əlamət qalmayacaq. Tutsevərlər isə növbəti mövsümü gözləməli olacaqlar.

6
Əlaqədar
Koronavirus bizə çətin qalib gələ, çünki bizim ona qarşı silahımız var
Bir gün yeməsək, marketdən uzaq dursaq, okeana bərpa olmaq şansı verərdik
Açılan süfrələrdə yeri görünər hər an: İtirdiyi mövqeyə qayıdacaqmı zəfəran?
Sarımsaqdan zəncəfilə kimi: antiseptik ədviyyələr nə qədər effektlidir?
Koronavirusdan sağalmağın yolu xəstələnməkdən keçir