Səhiyyə nazirliyi

Səhiyyə Nazirliyi tələbənin müəmmalı ölümünə reaksiya verdi

195
(Yenilənib 12:31 08.02.2019)
“Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqətə götürüb"

BAKI, 8 fevral — Sputnik. Bakı Dövlət Universitetinin (BDU) birinci kurs tələbəsi Nərdanə Tağızadənin dünyasını dəyişməsi ilə bağlı sosial mediada məlumat yayılıb. Məlumatda N.Tağızadənin H1N1 virusundan dünyasını dəyişdiyi qeyd olunub. Eyni zamanda N.Tağızadənin leptospiroz virusuna tutulduğu haqda da yazılıb.

BDU-nun mətbuat xidmətindən Sputnik Azərbaycan-a tələbənin ölümünü təsdiqləyiblər: “Gənc tələbənin ölümü ilə bağlı yayılan məlumat dəqiqdir. Lakin onun hansı səbəbdən ölməsi ilə bağlı məlumatı Səhiyyə Nazirliyi açıqlaya bilər". 

Universitetdən verilən məlumatda o qeyd olunub ki, adıçəkilən tələbə bütün imtahanlarda iştirak edib, kəsri olmayıb.

Səhiyyə Nazirliyindən isə bildirilib ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb: “Bu infeksiya haqqında məlumat daxil olan kimi Səhiyyə Nazirliyi məsələni xüsusi diqqətə götürüb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb”.

Nazirlikdən qeyd olunub ki, leptospiroz çox nadir rast gəlinən xəstəlikdir: “Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb. Ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb”.

Qeyd edək ki, yanvarın 29-da dünyasını dəyişdiyi söylənilən tələbə BDU-nun "Tarix" fakültəsinin tələbəsi olub. O, 575 balla universitetə qəbul olunmuşdu.

195
Teqlər:
donuz qripi, ölüm, tələbə, Bakı Dövlət Universiteti, Səhiyyə Nazirliyi
Əlaqədar
Uşaq bağçalarında "donuz qripi"nin qeydə alınıb-alınmadığına aydınlıq gətirildi
Ermənistanda "donuz qripi"ndən daha bir ölüm qeydə alınıb
Ölkəmizdə "donuz qripi"nın ilk dəfə aşkarlandığı tarix bəlli oldu
Baş epidemioloq: "Azərbaycanda "donuz" qripi adlı xəstəlik yoxdur"