Ailə

ATU-nun professorundan həyəcan təbili: Nevroloji uşaqlara ciddi yanaşmırlar

3545
(Yenilənib 22:17 06.02.2019)

BAKI, 7 fevral — Sputnik. Valideynlər azyaşlı uşaqlar və körpələrdə heç bir əlaməti nəzərdən qaçırmamalıdır. Çünki bəzən uşağın davranışında adi görürən hansısa dəyişiklik ciddi nevroloji problemlərdən xəbər verə bilər.

Tibb Universitetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tanınmış mütəxəssis, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru Zakir Əliyev deyir ki, müasir dövrdə uşaqlar arasında nevroloji patologiyalar əsasən dörd istiqamətdə müşahidə olunur: əqli inkişafdan geri qalma, yaddaşdan kəmlik, hərəkətin zəifləməsi (iflic, parezlər) və qıcolmalar (epilepsiyalar).

"Əgər həkim bu dörd əlamətin hər birini heç olmasa 5 faiz aşağı sala bilirsə, bu, böyük göstəricidir. Lakin bu əlamətlərin üçünün eyni uşaqda olması artıq fəlakətdir" - deyən Z.Əliyevin fikrincə, valideynlər nevroloji problemləri olan uşaqların müalicəsinə ciddi yanaşmırlar. Məsələn, qıcolma kəsilən kimi, dərmanları yarımçıq saxlayır, müalicəni davam etdirmirlər:

"Əgər müalicəyə düzgün əməl olunmasa, uşaqlarda tutmaları düzəlsə də, əqli problemləri həll olunmayacaq. Bəzən valideynlər uşağın özünü yerə çırpmasına da adi hal kimi, şıltaqlıq kimi yanaşırlar. Halbuki, bu, problemlərdən xəbər verir. Bu məsələlərlə bağlı mediada, televiziyalarda maarifləndirici verilişlər artırılmalıdır ki, valideynlər bu haqda daha çox məlumatlı olsunlar” - deyə professor əlavə edib.

3545