Dövlət İmtahan Mərkəzinin binası

Magistraturaya sənəd qəbulu elan edilib

131
(Yenilənib 13:08 01.02.2019)
"Magistr" jurnalının bu sayında müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi"nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib

BAKI, 1 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM)2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elan edir. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib. 

Məlumatda qeyd edilir ki, qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2019-cu il fevralın 1-dən 11-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) "Şəxsi kabinet"indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.

Bakalavr "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə 1 fevral 2019-cu il saat 10.00-dan 11 fevral saat 23.59-dək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizemag/erize) daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edir (etdirir).

Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi 2019-cu il fevralın 24-də, ikinci mərhələsi isə mayın 26-da keçiriləcəkdir. Birinci mərhələdə bakalavrların ümumi intellektinin (məntiqi təfəkkürunün) inkişaf səviy­yəsi, informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların ixtisas fənləri üzrə bilikləri yoxlanılır.  

Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaqdır.

Ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Bu bakalavrlar 2019-cu il aprelin 26-dan mayın 7-dək olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. Bakalavrlar imtahanın ikinci mərhələsində test tapşırıqları və ya yazı işi yerinə yetirməli, xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyənlər isə yalnız qabiliyyət imtahanı verməlidirlər. İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır. 

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə onların iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır. 

Bakalavrların ixtisaslaşmalara yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisaslaşmaların ardıcıllığı və dövlət sifarişi ilə qəbulun proqnozu nəzərə alınmaqla ixtisaslaşmalar üzrə vakant yerlərin sayı çərçivəsində həyata keçirilir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ilk ixtisaslaşmaya yerləşdirilir.

Qəbul elanının tam mətni "Magistr" jurnalının 2019-cu il tarixli 2-ci sayında dərc olunmuşdur. Jurnalın bu sayında bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri və bakalavrları daha çox maraqlandıran ən səciyyəvi suallara cavablar təqdim olunub. "Magistr" jurnalının bu sayında eyni zamanda müsabiqə şərtləri, "Bakalavrın elektron ərizəsi"nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib.

Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

131
Teqlər:
Dövlət İmtahan Mərkəzi, magistratura, imtahan
Əlaqədar
Camaat ciddi-cəhdlə hazırlıq görüb - Qarşıda "imtahan" var
Dövlət İmtahan Mərkəzi xəbərdarlıq edir
Yeni imtahan keçiriləcək
Tam orta təhsil ala bilməyənlər yenidən imtahan verəcək
Manat, arxiv şəkli

Əmanətlərin Sığortalanması Fondu bağlanmış 4 bankdakı əmanətlərlə bağlı açıqlama yayıb

1
(Yenilənib 14:11 06.08.2020)
"Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək

BAKI, 6 avqust — Sputnik. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Atabank" ASC, "Amrahbank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-nin 17,9 min əmanətçisinə qorunan əmanətlər üzrə 6 avqust 2020-ci il tarixinə "Kapital Bank" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC vasitəsilə 402,3 milyon manat kompensasiya ödəyib. Bu barədə Əmanətlərin Sığortalanması Fondundan Sputnik Azərbaycan-a məlumat verilib.

Ləğv prosesində olan "Atabank" ASC-nin 7,6 min əmanətçisinə 170,8 milyon manat, "Amrahbank" ASC-nin 5,1 min əmanətçisinə 121,7 milyon manat kompensasiya ödənilib. Qeyd edilən banklar üzrə kompensasiyaların ödənilməsinə 01 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Kapital Bank" ASC-nin adlı debet kartları və "Xəzri" sürətli pul köçürmə sistemi vasitəsilə 35 filialda ödənilir.

Ləğv prosesində olan "AG Bank" ASC-nin 2,3 min əmanətçisinə 29,8 milyon manat, "NBC Bank" ASC-nin 2,9 min əmanətçisinə 80 milyon manat kompensasiya ödənilib. Adı çəkilən banklar üzrə kompensasiyaların ödənilməsinə 16 iyun 2020-ci il tarixdən başlanılıb və kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin adlı debet kartları vasitəsilə 20 filialda ödənilir.

"Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edəcək.

Həmçinin, "Atabank" ASC, "AG Bank" ASC və "NBC Bank" ASC-də təshih tədbirlərinin tətbiq edildiyi müddət ərzində qəbul edilmiş əmanətlərin ödənişi qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusuya Məhkəməsinin müvafiq şərhinə uyğun olaraq həll ediləcək.

1
Aeroport, arxiv şəkli

Azərbaycana səfər etmək niyyətində olan Türkiyə vətəndaşlarının diqqətinə

2
(Yenilənib 13:56 06.08.2020)
Qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər.

BAKI, 6 avqust — Sputnik. 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında Saziş" 13 avqust 2020-ci il tarixdə qüvvəyə minəcək.

Sputnik Azərbaycan Dövlət Miqrasiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, sazişə əsasən, qarşılıqlı olaraq Azərbaycan və Türkiyə vətəndaşları bir-birinin ərazisinə daxil olmaq, tranzit keçmək, ölkədən getmək və müvəqqəti qalmaq üçün 90 (doxsan) gün müddətinə viza tələbindən azad edilirlər. Müvafiq ölkə ərazisində 90 (doxsan) gündən artıq müddətə qalmaq istəyən şəxslər müvəqqəti yaşama icazəsi almaq üçün əvvəlcədən müraciət etməlidirlər. Hər iki ölkə vətəndaşlarına məxsus pasportlar müvafiq ölkə ərazisinə giriş tarixindən etibarən azı 6 (altı) ay etibarlılıq müddətinə malik olmalıdır. Hər iki ölkə vətəndaşları milli qanunvericilikdən irəli gələn qayda və prosedurlara riayət etməlidirlər. Azərbaycanda 15 gündən artıq müvəqqəti olan Türkiyə vətəndaşları olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin vizadan azad etmə işləmək və ya hər hansı peşə fəaliyyəti ilə məşğul olmaq hüququ vermir. Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən Türkiyə vətəndaşlarına mövcud qaydalara uyğun olaraq işəgötürənlər tərəfindən iş icazəsi alınmalıdır (iş icazəsinin alınması tələb olunmayan hallar istisna olmaqla).

2