BAKI, 29 yanvar — Sputnik. Ermənistan parlamentinin sabiq deputatı Melikset Manukyanın restoranında baş verən atışma nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Bu barədə Sputnik Ermənistan "Shamshyan.com"-a istinadən xəbər verir.
Belə ki, yanvarın 29-u gecə saatlarında Kotayk polis idarəsinə Yerevan və Abovyan xəstəxanasından bir neçə vətəndaşın gətirildiyi və onlardan birinin öldüyünə dair məlumat daxil olub.
Xəstəxanaya gələn polislər və müstəntiqlər həmin şəxslərin Çiçəklənən Ermənistan Partiyasından seçilən sabiq deputat Melikset Manukyana məxsus "Partez" restoran kompleksindən gətirildiyini öyrəniblər.
Hazırda hüquq mühafizə orqanları restoranda işlər aparır. Restoranda ərazisi döyüş meydanına bənzəyir. Atışma zamanı "Makarov" və "TT" tipli tapançalar da daxil olmaqla bir sıra silahlar, giliz və güllələr tapılıb. Həmçinin hadisə yerində qan izləri olan ling də götürülüb. Zərərçəkənlərin olduğu otaqda, həmçinin kart da aşkarlanıb.
Hazırda hadisə nəticəsində ölən və 8 yaralının şəxsiyyəti dəqiqləşdirilir.
BAKI, 26 yanvar — Sputnik. Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, R.Quluzadə bundan əvvəl Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsində çalışıb. O, bu gün dövlət başçısının sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Oqtay Qəşəm oğlu Şahbazov Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsindən azad edilib.
BAKI, 26 yanvar — Sputnik. Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, FHN xilasediciləri 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Xatırladaq ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin cəsədini çıxarıblar.