Dövlət İmtahan Mərkəzinin binası

Dövlət İmtahan Mərkəzi xəbərdarlıq edir

168
(Yenilənib 10:39 28.01.2019)
Burada DİM-in razılığı olmadan ona məxsus materiallar yerləşdirilib

BAKI, 28 yanvar — Sputnik. "Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi razılığı olmadan onun hazırladığı yoxlama-ölçmə materiallarının, dərc etdiyi elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə vasitələrinin hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır!" Sputnik Azərbaycan xəbər verir ki, bu barədə DİM-in məlumatında bildirilib.

Məlumatda qeyd edilir ki, son vaxtlar sosial şəbəkələrdə DİM-in adından və cəmiyyət içərisində olan nüfuzundan öz şəxsi maraqları üçün istifadə edən bəzi qruplar daha da fəallaşmışlar. Onlar imtahana hazırlaşan abituriyentlərə və bakalavrlara elmi‑metodik kömək göstərmək məqsədilə DİM əməkdaşları və ekspertləri tərəfindən hazırlanmış və dərc edilmiş müxtəlif vəsaitlərdə, habelə DİM-in internet saytında yerləşdirilmiş nümunəvi yoxlama-ölçmə materiallarından Mərkəzin rəsmi razılığı olmadan, şəxsi qazanc məqsədi ilə istifadə edir, bununla müəllif hüquqları və intellektual mülkiyyət haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla yanaşı, bəzən də müxtəlif yollarla yaydıqları təhrif olunmuş materiallarla imtahana hazırlaşan şəxsləri çaşdırırlar. 

"Məsələn, "Facebook" sosial şəbəkəsində fəaliyyət göstərən "İngilis dili müəllimləri üçün imtahana hazırlıq" adlı qapalı qrup DİM-in ingilis dili üzrə hazırlayıb internet saytında yerləşdirdiyi və kurikulum əsasında hazırlayıb çap etdiyi siniflər üzrə vəsaitdə verilmiş dinləyib-anlama bacarığını yoxlamaq üçün nəzərdə tutulmuş audioyazıları, hətta onların mətn versiyasını və onlar əsasında test tapşırıqlarını müəyyən ödəniş müqabilində (7-10 manata) qrup üzvlərinə satırlar" - deyə məlumatda bildirilib.

"Facebook"da fəaliyyət göstərən "Salamzade"s English" adlı digər bir açıq qrupda isə Android platformalı telefonlar üçün "apk" formatlı mobil proqram yerləşdirilib, proqramda DİM-in intellektual mülkiyyəti olan materiallardan, o cümlədən internet saytımızda pulsuz olaraq yerləşdirilmiş audioyazılardan DİM-in razılığı olmadan istifadə edilib. 

DİM-in yoxlama-ölçmə materiallarını icazəsiz yayan internet saytlarından biri də www.xaricidil.com saytıdır. Burada da DİM-in razılığı olmadan ona məxsus materiallar yerləşdirilib.

Bəzi tədris mərkəzləri və kurslar isə buraxdıqları hazırlıq vəsaitlərində və keçirdikləri sınaq imtahanlarında DİM-in hazırladığı yoxlama-ölçmə materiallarından qanunsuz olaraq istifadə edir, eyni zamanda onları internet resursları vasitəsilə yayırlar.

Belə insanların nəzərinə bir daha çatdırırıq ki, Dövlət İmtahan Mərkəzinin rəsmi razılığı olmadan onun hazırladığı yoxlama-ölçmə materiallarının, dərc etdiyi elmi-metodik vəsaitlərin, jurnalların, test kitabçalarının və qiymətləndirmə vasitələrinin hər hansı hissəsinin təkrar çapı, yayılması, elektron və ya mexaniki üsulla surətinin çıxarılması qadağandır!

İmtahana hazırlaşan şəxslərə, onların valideynlərinə və müəllimlərinə isə tövsiyə edirik ki, hazırlıq zamanı Təhsil Nazirliyinin təsdiq etdiyi rəsmi dərsliklərdən və DİM-in imtahan iştirakçılarına elmi-metodik kömək məqsədi ilə hazırlayıb nəşr etdiyi rəsmi materiallardan istifadə etsinlər.

168
Teqlər:
xəbərdarlıq, Dövlət İmtahan Mərkəzi
Əlaqədar
DİM imtahanın nəticələrini açıqladı
DİM vacib açıqlama ilə çıxış etdi
DİM-dən dövlət qulluqçusu olmaq istəyənlərə məyusedici xəbər
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

42
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

42
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

20
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

20