Bakıda tramvay, 1984-cü il

Yaxın 5 ildə su nəqliyyatı yaradılacaq, velosiped tramvay yolları salınacaq

89
(Yenilənib 16:08 24.01.2019)
İl ərzində hər 30 saniyədən bir yol qəzasında bir insan həyatını itirir

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində 2019-cu ildən başlayaraq yollarda aparılacaq islahatlarla bağlı mətbuat konfransı keçirilib. Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov media nümayəndələrinə yaxın 5 ildə nəqliyyat sahəsində aparılacaq islahatlar barəsində məlumat verib: “İldən-ilə Azərbaycanda yol qəzalarının sayı artır və yollarda xeyli sayda insan dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı 1 milyon 250 min insan ölür. Bu da o deməkdir ki, il ərzində hər 30 saniyədən bir yol qəzasında bir insan həyatını itirir”. 

“Bir tərəfdən nəqliyyat sektorunda ciddi islahatlar həyata keçirilir, yollar yenidən salınır, digər tərəfdən yol qəzalarının sayı artır. Bunları nəzərə alaraq Prezident İlham Əliyev 27 dekavr 2018-ci il tarixdə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nı qəbul edib” – deyə A.Allahverənov əlavə edib.

Ekspert qeyd edib ki, Dövlət Proqramı bu günə kimi gündəmdə olan problemlərin həllində böyük rol oynayacaq: “Belə ki, 5 il ərzində nəqliyyat idarəetməsinin vahid bir şəkildə birləşdirilməsi baş tutacaq. Vahid elektron analitik baza yaradılacaq. Nəqliyyat sektoru üzrə elmi tədqiqat mərkəzi qurulacaq. İctimai iştirakçılıq inkişaf ediriləcək. Dövlət qurumları ilə cəmiyyət arasında ictimai iştirakçılar vasitəsilə əlaqə yaranacaq. Beləliklə lazımı məsələlər tez gündəmə gələrək öz həllini tapacaq. Bu da çox vacib məsələ idi”.

“Çoxdandır danışılan və reallaşması gözlənilən məsələlərdən bir də tramvayların Bakı şəhərində yenidən istifadəyə verilməsidir. Bu məsələ 5 il müddətinə öyrənilib, plan hazırlanacaq. Daha sonra tramvayın  haradan cəkiləcəyinə qərar veriləcək. Eyni zamanda proqramda velosiped zolaqlarının çəkilməsi də öz əksini tapıb. Belə ki, iki il ərzində artıq şəhərin küçələrində velosiped yolları olmalıdır” – deyə o məlumat verib.

Ekspert vurğulayıb ki, bunların həyata keçirilməsi üçün yollar standartlara cavab verməlidir: “Hazırda yollar avtomobillərin hərəkəti üçün nəzərdə tutulub və sürücülər yolların ensiz olduğuna görə əziyyət çəkir. Velosiped zolaqları da ayrılsa, vəziyyət daha pis olar. Yəqin ki, yeni salınacaq yollarda velosiped üçün zolaqlar da nəzərə alına bilər. Eyni zamanda tramvay yollarına da bunları şamil etmək olar”.

Azər Allahverənov Azərbaycan üçün yad olan yeni nəqliyyat növünün də Dövlət Proqramında yer aldığını da diqqətə çatdırıb: “Belə ki, 2023-cü ilə kimi Xəzər dənizindən istifadə edərək sərnişin və yük daşınmasında su nəqliyyatından istifadə ediləcək.Turizmin inkişafına da təkan olacaq bu nəqliyyat Bakı-Siyəzən, Bakı-Astara və sair istiqamətdə işləyə bilər”.

Ekspert KİV nümayəndələrinin nəzərinə çatdırıb ki, məktəb ərazilərində də təhlükəsiz yollar yaradılmalıdır: “Məktəb ərazilərində olan yollarda günün pik saatlarında tıxaclar yaranır. Bu yollarda da məhz dəyişiklik edilməlidir. Sürətli yolların kənarında məktəblər olduğu üçün sürət həddi endiriləcək, məktəblərin qarşısına maneələr qoyulacaq, piyada keçidləri çəkiləcək və dayanma-durma qadağan ediləcək. Əvəzində isə sürücülərə, ən azı, iki məhəllə arxada avtomobili park etmək üçün şərait yaradılacaq”.

“Proqramda köhnəlmiş avtomobillərin yollardan yığışdırılması məsələsi də öz əksini tapıb. Bunun üçün utilizasiya proqramı lazımdır. Son statistikaya görə, Azərbaycanda 1 milyon 400 min maşın var. Onların 60 faizi köhnə maşınlardısa, çoxu artıq istismar müddətini başa vurmuş avtomobillərdir. Bu avtomobil sahiblərinə güzəştli və aşağı faizlə yerli istehsal olan avtomobillər satmaqla həmin maşınları yollardan çıxarmaq lazım olacaq. Əks halda, bu avtomobillər sürücülərə və piyadalara böyük təhlükədir” - deyə A.Allahverənov vurğulayıb.

Mətbuat konfransının sonunda Azər Allahverənov media nümayəndələrinin suallarını cavablandırıb.

89
Teqlər:
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi, mətbuat konfransı, Azər Allahverənov, velosiped, tramvay, nəqliyyat
Əlaqədar
Yol polisindən sürücülərə həyati əhəmiyyətli çağırış
Ekspert: “Yol hərəkəti təhlükəsizliyində vahid dövlət siyasətinin olması vacibdir”
"Yol terroru" 5 ildə 5 minə yaxın insanımızı həlak edib