CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq

© Sputnik / Murad OrujovЯнардаг – "Горящая года"
Янардаг – Горящая года - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Əliyev: “Basqal kəndinin abadlaşdırılması və turistləri cəlb etmək üçün xüsusi proqram hazırlanır”

BAKI, 12 yanvar - Sputnik. “Bizim tarixi yerlərimizin yenidən qurulması, bərpası istiqamətində çox böyük işlər görülür. Deyə bilərəm ki, bu il böyük turist kütləsini cəlb edən Yanardağ qoruğu yenidən fəaliyyətə başlayacaq”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı qeyd edib ki, bu yer bizim inkişafımıza uyğun şəkildə yenidən qurulacaq: “Çünki mən keçən il orada olarkən acınacaqlı mənzərədən dəhşətə gəldim. Mən Yanardağda sovet vaxtında olmuşam. O vaxtdan bu günə qədər heç nə dəyişilməyib - həmin o dağılmış binalar, eybəcər budkalar. Adam baxanda dəhşətə gəlir, bura Bakıdır, Azərbaycandır, yoxsa, haradır? Sözün düzü, mənim oraya yolum düşmürdü. Əlbəttə, mən orada olarkən dərhal göstəriş verdim ki, o tarixi yer yenidən qurulsun və bu il biz artıq buna nail olacağıq. Həm Azərbaycan vətəndaşları, həm də turistlər orada tam yeni bir mənzərə ilə üzləşəcəklər. Orada yeni istirahət zonaları, ictimai zonalar, kafe yaradılacaq. Yəni, bu yer bizim inkişafımıza uyğun şəkildə yenidən qurulacaq.

Bizim tarixi kəndlərimiz var. Onlardan biri Lahıc kəndidir. Bildiyiniz kimi, Şamaxıdan Lahıca daha rahat, daha təhlükəsiz, Bakıdan gələndə daha qısa yeni yol çəkildi, qaz çəkildi, yeni məktəb tikildi. Yəni, bu, bizim çox qiymətli, tarixi yerimizdir və əlbəttə ki, həm turistləri cəlb edir, həm də Lahıcda olan özünəməxsus ab-hava Azərbaycan dövlətinin nə qədər qədim və zəngin dövlət olduğunu göstərir”.

Prezident İlham Əliyev qeyd edib ki, Basqal kəndinin abadlaşdırılması və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlanır: “Mənim Sərəncamımla tarixi Basqal kəndini abadlaşdırmaq və turistləri cəlb etmək üçün çox böyük layihələrin icra olunması məqsədilə xüsusi proqram hazırlanır. Çünki Basqal da qədim tarixi kənddir, qədim yaşayış yeridir, yaşayış məskənidir. Həm Basqalda yaşayan vətəndaşlar üçün, həm də turistləri oraya cəlb etmək üçün çox gözəl şərait yaradılacaq. Digər tarixi şəhərlərlə bağlı göstərişlər verilib ki, bu şəhərlərin, xüsusilə turistləri daha çox cəlb edən şəhərlərin məsələləri öz həllini tapsın. Qusar rayonunda yerləşən “Şahdağ” xizək kurortunda yeni xizək zolaqları yaradılır, ümumiyyətlə, yeni yanaşma tətbiq olunur və əminəm ki, bu gözəl kurort turistləri daha çox cəlb edəcək”.

Xəbər lenti
0