Polietilen paket, arxiv şəkli

Nazirlik rəsmisi polietilen paketlərin pulla satılmasına münasibət bildirdi

425
(Yenilənib 19:08 11.01.2019)
Bu torbalar istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Sosial şəbəkələrdə bir neçə marketdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlər yayılır. Hazırda mağazalarda sellofan torbaların 5-20 qəpiyə satıldığı iddia edilir.

Qeyd edək ki, bir çox ölkələrdə satış mərkəzləri könüllü şəkildə bu təşəbbüsə qoşularaq ictimaiyyəti bu tədbirlərdə iştiraka təşviq edirlər.

Son illərdə əlverişli istifadə vasitəsi kimi gündəlik həyatımızda məhdudiyyətsiz istehlak olunan polietilen torbaların ətraf mühitə və canlı təbiətə mənfi təsirlərini nəzərə alaraq maraqlı tərəflərin bu tədbirlərə qoşulması təqdirəlayiq haldır.

Qeyd edək ki, bir müddətdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu təşəbbüsü qaldırıb. İctimaiyyət nümayəndələri bu təşəbbüsü alqışlasa da, məsələ ilə razı olmayanlar da var.

Bununla bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxladıq.

Onun sözlərinə görə, marketlərdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlərə yayılsa da, bu torbaların pulla satışına hər hansı bir marketdə rast gəlinməyib: "Ancaq torbaların mağazalarda pulla satılmasının tərəfdarıyıq. Lakin qiymət məsələsini biz müəyyən etmirik. Amma bir daha qeyd edirəm ki, polietilen torbaların pullu olmasını isə dəstəkləyirik".

İbrahimova bildirir ki, marketlərdən sellofan torbaların pulsuz verilməsi ilk baxışdan yaxşı bir təşəbbüs kimi görünür. Lakin bu torbaların təbiətə vurduğu zərər hesaba gəlməyəcək dərəcədə çoxdur: "Yəqin, mənimlə razılaşarsız ki, bu torbalar istifadə edildikdən sonra atılır və yol kənarında, ətraf ərazilərdə xoşagəlməz mənzərə yaradır".

İ. İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb və bununla bağlı KİV nümayəndələrinin iştirakı ilə aksiyalar keçirilib, ictimaiyyət arasında sorğular aparılıb: "Plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib. Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir".

ETSN vətəndaşlarımızı təmiz ətraf mühit üçün polietilen torbalardan imtina etməyə, alış-verişlərdə parça torbalardan və həsir zənbillərdən istifadə edərək ətraf mühitin qorunmasına töhfə verməyə çağırır.

425