Qobustan Qoruğu

Qobustan Qoruğunu bir ildə 123 mindən çox turist ziyarət edib

21
(Yenilənib 10:46 10.01.2019)
Ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər artıb

BAKI, 10 yanvar — Sputnik. Həm yerli vətəndaşların, həm də xarici qonaqların ən çox üz tutduğu məkanlar arasında Qobustan Milli Tarix-Bədii Qoruğu xüsusi yer tutur. Ötən il Qobustan Milli Tarix-Bədii Qoruğunu 123 mindən çox turist ziyarət edib.

Sputnik Azərbaycan Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qoruğun direktoru Vüqar İsayevin verdiyi məlumata görə, 2018-ci ildə Qobustan qayaüstü rəsmlərini, minilliklərin daş yaddaşını görmək üçün buraya gələn ziyarətçilərin sayı 2017-ci illə müqayisədə 40 min nəfər (təxminən 50 faiz) artıb. 

Direktor bildirib ki, 123 min ziyarətçidən 58 mini xarici ölkə vətəndaşları olub: “Əcnəbi ziyarətçilər 20-dən artıq ölkədən – Türkiyə, İran, Rusiya, Almaniya, İngiltərə, Pakistan, Çin, ABŞ, İndoneziya, Qazaxıstan və ərəb ölkələrindən gəliblər. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi”.

Vüqar İsayev, həmçinin vurğulayıb ki, ötən il ərzində qoruğa gələn ziyarətçilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılması məqsədilə bir çox abadlıq işləri görülüb. Qoruq daxilində asfalt yollar təmir edilib, istiqamətləndirici yol nişanları quraşdırılıb, Böyükdaş dağında yerləşən iaşə obyekti, tamamilə, yenidən qurulub.

"Turistləri hər zaman cəlb edən məkana son illərdə marağın daha da artmasının səbəblərindən biri burada yaradılan şəraitdir. UNESCO-nun Dünya İrs Siyahısına daxil edilən Qobustan qoruğunda 2011-ci ildə istifadəyə verilən muzey kompleksi müasir standartlara uyğundur. Kompleks 2013-cü ildə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub" - V.İsayev əlavə edib.

Qeyd edək ki, 2017-ci ildə qoruğu 80 mindən çox turist ziyarət edib.

21
Əlaqədar
Luvr muzeyi ötən il daha çox turist qəbul edib
Qobustan vulkanları dünyanın təbiət möcüzələri sırasında
Milli parklarımıza 80 minə yaxın turist səfər edib
Azərbaycan əcnəbilər üçün "turist Məkkəsi" kimi təbliğ ediləcək