Taekvondo yarışları, arxiv şəkli

Koreya səfirliyi AXC-nin 100 illiyi ilə bağlı turnir keçirir

19
(Yenilənib 18:45 04.12.2018)
Turnirdə təxminən 300 nəfər azərbaycanlı gənc iştirak edəcək

BAKI, 4 dekabr — Sputnik. Dekabrın 4-də və 5-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunan Taekvondo üzrə Gənclər arasında "IV Koreya Səfiri Kuboku" turniri Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi (səfir Kim Tong Op) tərəfindən Qafqaz Baku Sport otelin idman zalında keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Koreya Səfirliyindən bildirilib.

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi ilə Azərbaycan Taekvondo Federasiyasının birgə təşkil etdiyi, Azərbaycan Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyinin dəstək verdiyi sözügedən turnirdə təxminən 300 nəfər azərbaycanlı gənc iştirak edəcəkdir. Oğlan və qız idmançılar 10 çəki dərəcəsində mübarizə aparacaq və hər çəki üzrə qalib gələn idmançı diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi 2015-ci ildən başlayaraq hər il sözügedən yarışları təşkil edir və bu ilki sayca dördüncü olan turnir Azərbaycanda taekvondo idman növünün daha da yayılmasına və iki ölkə arasında dostluq münasibətinin inkişafına töhfə verəcək.

19