Передача денег из рук в руки, фото из архива

"Azərbaycanda da aliment fondu yaradılmalıdır"

5433
(Yenilənib 12:13 29.11.2018)
Son illərdə alimentin alınması işləri ilə bağlı məhkəməyə müraciətlərdə artım olub

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 29 noyabr — Sputnik. Son illər Azərbaycanda boşanmaların sayında artım nəzərə çarpır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı il 66 min 771 nikah, 13 min 114 boşanma qeydə alınıb. 2017-ci ildə nikahlarda azalma, boşanmalarda isə artım qeydə alınıb. Belə ki, ötən ilin statistikasına görə, 62 min 923 nikah, 14 min 514 boşanma rəsmiləşdirilib. 2018-ci ilin altı ayı ərzində isə 27 min 525 nikah, 72 min 19 boşanma qeydə alınıb.

Boşanmaların artımı isə aliment probleminin daha da böyüdüyünü göstərir. Çünki əksər hallarda ata aliment verməkdən imtina edir. Körpəli uşaqla işləmək imkanları məhdudlaşan ananın gəlir və qazancları olmadığı üçün övladına lazım olan vəsaiti xərcləyə bilmir. Belə olan halda isə uşağın təhsilində, sağlamlığında gecikmələr olur.

Bir sıra ölkələrdə bu kimi halların qarşısının alınması üçün aliment fondu yaradılıb. Belə fondlar tərəfindən vaxtaşırı olaraq boşanan ailələrin övladları üçün vəsait ödənilir. Daha sonra isə fond həmin vəsaiti atadan geri alır.

Azərbaycanda isə belə bir fondun yaradılması məsələsi dəfələrlə Milli Məclisin gündəliyində səsləndirilsə də, problemin həlli üçün hansısa addım atılmayıb.

Sputnik Azərbaycan-a danışan millət vəkili Fazil Mustafa Azərbaycanda belə bir fondun yaradılmasının zəruri olduğunu deyib: "Hazırda aliment fondunun yaradılması məsələsi Milli Məclisin gündəliyində deyil. Lakin bu, təxirəsalınmaz məsələ hesab olunur. Çünki bu gün boşanan ailələrdə qadınların ən çox qarşılaşdığı problem məhz alimentlə bağlıdır. Bəzən ata aylarla, illərlə övladı üçün aliment ödəməkdən imtina edir. Belə olan halda isə uşağın təhsili və sağlamlığı ilə bağlı müəyyən gecikmələr olur".

"Uşağı dünyaya gətirməklə iş bitmir. Onu böyütmək, ehtiyaclarını ödəmək, normal qida və təhsillə təmin etmək vacibdir. Aliment fondunun olmaması isə uşağın zamanında normal təhsil almasını gecikdirir. Bu səbəbdən Azərbaycanda da aliment fondu yaradılmalıdır" – deyə millət vəkili bildirib.

F.Mustafa bu məsələni davamlı olaraq Milli Məclisin gündəliyində səsləndirdiyini vurğulayıb.

Sputnik Azərbaycan aliment fondu ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin münasibətini də öyrənib. Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova aliment fondunun bir sıra ölkələrdə özünü doğrultduğunu qeyd edib: "Fransa, İngiltərə, Avstriya, Norveç, Finlyandiya və Ukrayna kimi bir çox xarici ölkələrdə alimentin ödənilməsi dövlət vəsaiti hesabına uğurla həyata keçirilir”.

“Belə fondların yaradılmasında əsas prinsip uşaq üçün nəzərdə tutulan pul vəsaitinin vaxtında ödənilməsidir. Bu cür fondların sayəsində uşaqlı valideyn məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti dövlət vəsaiti hesabına vaxtında ala bilir. Daha sonra məhkəmə icraçıları dövlətin ödədiyi aliment vəsaitini valideyndən geri alır" – deyə A.Veysəlova bildirib.

Onun sözlərinə görə, Azərbaycanda alimentlə bağlı müraciətlərin sayı çoxdur: "Qarşı tərəfdən alimentin alınması işləri ilə bağlı məhkəmə qərarlarının icrası üzrə statistikaya nəzər salsaq, artımın olduğunu görə bilərik. Belə ki, 2005-ci ildə alimentin alınması işləri üzrə statistika 3757 idisə, 2017-ci ildə bu rəqəm 82 162 olub".

Qurum rəsmisi onu da qeyd edib ki, aliment problemi ilə Komitəyə müraciətlər çox olur: "Aliment ala bilməyən qadınlar bir çox hallarda övladının ehtiyaclarını ödəyə bilmir. Qadının yaşayış yeri və ya daimi işi yoxdursa, o zaman vəziyyət daha da çətin olur. Bu problemə görə Komitəyə müraciət edən qadınlara dəstək oluruq. Onların aliment alması üçün hüquqi yardımlar göstərir, həm qadının, həm də uşağın hüquqlarını müdafiə edirik. Bu qadınların çoxunun heç bir peşəsi olmadığı üçün məşğulluq məsələsində də onlara dəstək oluruq. Yaxşı olar ki, valideynlər qızlarını ailə qurmağa sövq etməkdənsə, onların təhsil almalarına, peşəyə yiyələnmələrinə səy göstərsinlər".

A.Veysəlova alimentin ödənilməsi ilə bağlı qanunvericilik bazası haqda da danışıb: ""Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununda uşaqların maddi təminatı haqda müddəalar yer alıb. Burada qeyd olunur ki, uşağın Qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var. Ailə Məcəlləsinə əsasən, uşağın saxlanması üçün valideyndən vəsait (aliment) tələb edilə bilər".

"İnzibati Xətalar Məcəlləsinin 313-cü maddəsi isə aliment ödəməkdən yayınan valideynlərin cərimə və həbsləri haqdadır. İcra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətlər etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir. İşin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 10 günədək inzibati həbs tətbiq oluna bilər” – deyə komitə rəsmisi bildirib.

A.Veysəlova onu da əlavə edib ki, eyni zamanda, Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən, valideynlər (onlardan biri) alimenti qəsdən ödəmədikdə valideynlik hüquqlarından məhrum edilə bilərlər.

5433