Radio studiyası

İctimai Radio yenilik edib

13
(Yenilənib 13:26 01.11.2018)
Tezliklə bəyənilən musiqilər "90 FM" dalğasında dinləyicilərə təqdim olunacaq

BAKI, 1 noyabr — Sputnik. "Təzə mövsümə yeni nəfəs ilə başlayan və bir çox maraqlı layihələri Azərbaycan efir məkanına gətirən İctimai Televiziya və Radio Yayımları Şirkətinin "90-FM" radiostansiyası test rejimini yekunlaşdıraraq ilk verilişinə başlayıb". Bu barədə Sputnik Azərbaycan-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Məlumata görə, artıq noyabrın birindən radioda səhər proqramı dinləyicilərə təqdim olunub.

"Adicə" adlanan səhər şousunun aparıcıları Sevinc Salahova və Gülnar Muradovadır. İnsan münasibətləri haqqında öncül olmağa iddialı səhər verilişində dinləyiciləri həm də fərqli rubrikalar gözləyir. "App-Asan" rubrikasında həyatı asanlaşdıran, maraqlı mobil tətbiqetmələr barədə məlumat veriləcək. Rubrikalardan biri də "Qənaət kraliçası" adlanır. Bu rubrikada dinləyici həyatın müxtəlif sahələrində qənaət etməyin yolları barədə xəbər tutacaq. 

Radionun daha bir layihəsi isə indiyədək müraciət edilməyən mövzudadır. "İdarəetmənin əsasları" adlı yeni verilişdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə bu işdə təcrübəsi olanlar tərəfindən məsləhətlər veriləcək. Aparıcı Xuraman Süleymanlı naharda iş adamları və biznes sahibləri ilə onların işi barədə söhbətləşəcək. Verilişdə həmçinin sahibkar dinləyicilərin öz biznesləri barədə danışmaq imkanı olacaq. Radiosevərlər "İdarəetmənin əsasları" verilişinin "Milyonerlər məhəlləsi" adlanan rubrikasında milyonçu və milyarderlərin böyük pullara gedən həyat yolu barədə eşidəcəklər.

Bundan başqa radionun aparıcılarından olan Pərvanə Qasımovanın təqdimatı ilə mahnıların tarixçəsi haqqında veriliş bu mövsümdən rubrika şəklində fəaliyyət göstərəcək ki, burada da dinləyicilər müxtəlif musiqi və mahnıların maraqlı hekayələrini eşidəcəklər.

Yeniliklər sırasında daha bir rubrika isə "Nobel prospekti" adlanır ki, burada Adil Oruclu Nobel mükafatçıları olan şəxslər və onların kəşfinin elmə və insanlığa təsirindən danışacaq.

Radiostansiya yaxın gələcəkdə maraqlı verilişləri və yeni rubrikaları ilə dinləyicilərini sevindirməyi planlaşdırır. Yeniliklərin ikinci dalğası özünü çox gözlətməyəcək. Artıq musiqi formatındakı dəyişikliyə dair test rejimi bitmək üzrədir. Tezliklə bəyənilən musiqilər "90 FM" dalğasında dinləyicilərə təqdim olunacaq.

13
Teqlər:
İctimai Televiziya və Radio Yayımları Şirkəti, musiqi, radio
Əlaqədar
Azərbaycan prezidenti televiziya və radio işçilərini təltif edib
“ASAN Radio”nun direktoru: Biz gələcəyin media işçilərini yetişdiririk
Radio-aparıcı: Dinləyicinin kimdən eşitdiyi yox, nə eşitdiyi önəmlidir
Bakı Şəhər Halqası ilə ASAN Radio arasında əməkdaşlıq memorandumu imzalanıb