Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva

Məşhur brendin çarxında mahnısı səslənən Nəsibə Abdullayeva danışdı - EKSKLÜZİV

4760
(Yenilənib 23:42 18.10.2018)
Nəsibə Abdullayevanın ifa etdiyi Azərbaycan mahnısını dünyaca məşhur “Fendi” brendi müğənnidən xəbərsiz öz çarxında istifadə edib

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 18 oktyabr — Sputnik. “Bir çox müğənnilər arzu edirlər ki, onların mahnıları dünya brendlərinin reklam çarxlarında səslənsin. Lakin bunun üçün ifaçının razılığı lazımdır”.

Bu sözləri Sputnik Azərbaycan-a Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva repertuarındakı "Bir gün mənə rəhmin gələcək" (Fəridə) adlı mahnısının İtaliyanın məşhur “Fendi” Moda evinin reklam çarxında istifadə olunmasına münasibətini bildirərkən öz prodüseri Dilroba Ramazanova vasitəsilə deyib. Bu xəbər müğənnini həm sevindirib, həm də təəccübləndirib. Çünki o, daha əvvəl heç bu barədə eşitməyib. 

"Bu xəbər bizim üçün əsl sürpriz oldu. Əlbəttə ki, bu, birmənalı olaraq bizi kədərləndirməyib, əksinə sevindirib. Düşünürəm ki, bir çox müğənnilər səslərinin məşhur brendlərin reklam çarxlarında istifadə olunmasını arzu edirlər. Lakin bunun üçün ifaçının razılığını almaq lazımdır. Onlar isə mənə zəng etməyiblər. Hələlik bu barədə heç nə demək istəmirəm" — deyə müğənninin sözlərini prodüsseri Ramazanova çatdırıb.

Xalq artisti “Fendi”-dən onun adını niyə qeyd etmədiklərini soruşmaq niyyətindədir. Müğənni ümid edir ki, onlar bir-birilərini başa düşəcəklər və problemi sülhlə həll edəcəklər. Hazırda Nəsibə Abdullayeva qarşı tərəfin reaksiyasını gözləyir. Ona görə də hesab edir ki, bununla bağlı məhkəməyə müraciət etmək hələ tezdir. 

Prodüseri onu da qeyd edib ki, xalq artisti düşüncəli, müdrik və sülhsevər insandır. O, təbiət etibarilə əlaqələrin və münaqişələrin hansısa yollarla aydınlaşdırılmasını qəbul etmir.

"Çarxda Nəsibə Abdullayevanın 35 il əvvəl yazılan "Fəridə" mahnısının səs yazısından istifadə edilib. Onda o, həmin mahnını "Səmərqənd" instrumental ansamblının tərkibində olanda ifa edib. Bu, 1983-cü ildə baş verib. Baxmayaraq ki, həmin vaxtdan çox illər keçib, o mahnı bu gün də populyardır. O, bu mahnını tez-tez ifa edir. Nəsibə həmişə Azərbaycan dilində mahnılar oxuyub və oxuyacaq. Azərbaycan mahnıları onda çox yaxşı alınır" — deyə Ramazanova bildirib.

"Nəsibə Abdullayeva xahiş edir sizə çatdırım ki, o, hər zaman Azərbaycana böyük məmnuniyyətlə gedir. O, musiqiçiləri ilə birlikdə Bakıya dəvət olunanda və canlı ifa ilə çıxış edəndə xüsusilə şad olur. Biz Azərbaycanı sevirik. Nəsibə Abdullayeva Azərbaycanın musiqi tarixi haqqında çox şey bilir və mahnılarınızın incəliklərini gözəl başa düşür. O, səbirsizliklə Bakıdan dəvət gözləyir" — prodüser deyib.

Qeyd edək ki, İtaliya moda evi “Fendi” sosial şəbəkələrdə özünün yeni kapsul kolleksiyası olan #FendiMania-nın çarxını təqdim edib. Onun reklam çarxında Azərbaycan dilində sözlərdən və mahnıdan istifadə olunması azərbaycanlıları təəccübləndirib.

Sözügedən yeni kolleksiyanın reklam çarxı məşhur brendin Instagram sosial şəbəkəsindəki hesabında yayılıb. Bu reklam Azərbaycan və xarici musiqinin sədaları altında təqdim edilir. Bütün çarx boyu müğənni Azərbaycan dilində olan "Bir gün mənə rəhmin gələcək" mahnısını oxuyur və ingilis dilində rep səslənir.

Sözügedən çarxda Fendi-nin dünyanın 56 butikində satılacaq geyimlər, ayaqqabılar və aksessuarlardan ibarət kapsul kolleksiyası təqdim edilir.

Fendi — paltar, dəri və xəz məmulatlar, aksessuar və parfüm üzrə ixtisaslaşmış İtaliya moda evidir. Sözügedən şirkət LVMH holdinqinin tərkibinə daxildir.

Xatırladaq ki, "Bir gün mənə rəhmin gələcək" mahnısını məşhur sovet və özbək müğənni, Azərbaycan mahnılarının təkrarsız ifaçısı Nəsibə Abdullayeva oxuyub. O, milliyyətcə azərbaycanlıdır. Özbək, Azərbaycan, rus, tacik, türkmən, fars və türk dillərində mahnılar ifa edir. Müğənni tez-tez Orta Asiya və Şərq ölkələrində konsert proqramları ilə çıxış edir və dəfələrlə Bakıda solo konsertlər verib.

4760
Teqlər:
Fendi, reklam, mahnı, müğənni, Nəsibə Abdullayeva, Özbəkistan
 Prezident İlham Əliyev, arxiv şəkli

Prezident: Biz informasiya məkanında qələbə qazandıq

0
İlham Əliyev: "Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu".

BAKI, 25 noyabr — Sputnik. "Mən Prezident kimi bu illər ərzində əlimdən gələni edirdim ki, Dağlıq Qarabağ məsələsi daim gündəlikdə olsun, özü də daim gündəliyin mərkəzində olsun".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

"Həm ölkə daxilində vətənpərvərlik, milli qürur, həmrəylik hissləri daha da yüksək səviyyəyə qalxsın. Həm beynəlxalq müstəvidə daim bu məsələ gündəlikdə olsun. Hər kəs bilsin, həqiqət nədən ibarətdir, hər kəs bilsin, təcavüzkar kimdir, zərərçəkmiş tərəf kimdir və biz buna nail olduq. İndi dünyada hər kəs bunu bilir. Əgər Vətən müharibəsi dövründə xarici mətbuata diqqət yetirsək, görərik ki, əlbəttə, qərəzli, islamofob, anti-Azərbaycan, ermənipərəst məqalələr və reportajlar üstünlük təşkil edir. Ancaq, eyni zamanda, əvvəlki dövrdən fərqli olaraq bir çox obyektiv, həqiqəti əks etdirən reportajlar, məqalələr də dərc edildi. Deyə bilərəm ki, biz informasiya müharibəsində qələbə qazandıq. Biz döyüş meydanında qələbə qazandıq, informasiya məkanında qələbə qazandıq, siyasi müstəvidə qələbə qazandıq. Müharibənin nəticələri mən deyən kimi oldu", - deyə Prezident bildirib.

O qeyd edib ki, ilk günlərdən Qarabağ probleminin hərbi və siyasi yollarla həll edilməli olduğunu deyib:

"Deyirdim ki, biz məsələnin hərbi yollarla həllini hər an dayandıra bilərik və buna hazırıq. Bir şərtlə, Paşinyan şəxsən özü deməlidir ki, nə vaxt o, bizim torpaqlarımızdan çıxır. Öhdəlik götürməlidir, tarix verməlidir. Deməlidir ki, nə vaxt bizim torpaqlarımızdan çıxır. Bu olan kimi, mən bizim hücum əməliyyatlarımızı dayandırıram".

"Biz Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Murovdağı, Suqovuşanı, Hadrutu, Xocavənd rayonunun böyük hissəsini və Şuşanı hərbi yollarla azad etdik. Döyüş meydanında düşmənin belini qırdıq. Şuşanın azad olunmasından bir gün sonra 70-dən çox kəndin azad edilməsi ilə düşmən diz çökdü, kapitulyasiya aktına imza atdı. Hələ ki, bilmirəm harada. Bunu gizlədirlər. Yəqin ki, nə vaxtsa bizə deyəcəklər. Paşinyan, harada imzalamısan sən bu kapitulyasiya aktını? Ancaq məcbur olub bizim şərtlərimizi qəbul edib. Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!", - deyə İlham Əliyev əlavə edib.

0
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

3
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

3
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA