Rusiyada halal supermarket, arxiv şəkli

Halal ət: Bu dəfə Rusiyadan Türkiyəyə

5523
(Yenilənib 16:16 13.10.2018)
Rusiya Türkiyəyə halal məhsullar ixrac etməyə hazırlaşır

BAKI, 13 oktyabr — Sputnik. "Miratorq" şirkəti Türkiyəyə mal və toyuq əti göndərəcək, amma hələlik türk bazarlarına baytarlıq girişi yoxdur. Bunu Sputnik-ə Rusiyanın ən iri mal əti istehsalçısı olan şirkətin vitse-prezidenti Aleksandr Nikitin bildirib.

Hazırda Moskvada "Qızıl payız" Rusiya aqrosənaye sərgisi keçirilir. Bu il həmin sərgidə Rusiyanın 60-dan artıq regionu və 15 xarici ölkə iştirak edir. "İmkanlar sərhədsizdir" devizi "Qızıl payız" sərgisinin yubiley devizidir. Bu, Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyinin yerli aqrar-sənaye kompleksinin ixrac potensialını nümayiş etdirmək kursunun davam etdirildiyini göstərir.

Rus istehsalçılarının kənd təsərrüfatı məhsulları ilə təmin etmək istədikləri əhəmiyyətli istiqamətlər arasında Türkiyə də var.

Nikitinin sözlərinə görə, Türkiyənin baytar həkimləri artıq Rusiyanın bir neçə müəssisəsində, eləcə də "Miratorq"da olublar.

"Buradakı hər şey onları qane edib. Ancaq bəzi bürokratik süründürməçiliklər qalır. Türkiyə hələ də Rusiyadan mal və quş ətinin tədarükü üçün bağlıdır" — deyə vitse-prezident bildirib.

O, dərhal və istənilən miqdarda məhsulu çatdırmağa hazır olduqlarını vurğulayıb.

"Biz toyuq əti, yüksək keyfiyyətli mal əti, eləcə də taxıl məhsulları göndərməyə hazırıq. Türk alıcılar da buna böyük maraq və almağa hazırlıq nümayiş etdirilər. Lakin hələlik, təəssüf ki, baytarlıq məsələləri həllini tapmayıb" — deyə Nikitin bildirib.

Rusiya şirkətinin nümayəndəsi onu da qeyd edib ki, heyvandarlıq məhsullarının ixracının bir problemi də tarif xarakterlidir. Türkiyə mal və quş ətinin ölkəyə gətirilməsinə çox yüksək rüsumlar qoyur.

"Bir sıra ölkələr üçün güzəştli rejim mövcuddur, lakin bu, bizə şamil edilmir. Eyni zamanda onlarda kvota sistemi də var. Hesab edirik ki, Türkiyə perspektivdə Rusiya istehsalı olan mal ətinə də güzəşt rejimini tətbiq edəcək. Hər şey Türkiyə tərəfinin xoş niyyətindən asılıdır" — deyə şirkətin vitse-prezidenti bildirib.

O, xatırladıb ki, Rusiya Türkiyə tərəvəzinə öz bazarlarını açır. "Niyə Türkiyə tərəfi buna qarşılıq verməsin? İndi top tamamilə Türkiyə tərəfdədir" — Nikitin deyib.

"Türkiyə istiqamətində "Amar group" aqrosənaye holdinqinin də müəyyən planları var". Bunu isə Sputnik-ə holdinqin inkişaf məsələləri üzrə direktoru Nikolay Kislinski deyib.

"Biz hazırda irimiqyaslı layihə üzərində işləyirik. Biz "Russian chicken" ticarət markasını yaratmışıq. Biz bu marka altında Rusiyanın xırda və orta istehsalçılarını birləşdirmək, öz məhsullarımızı Türkiyə və digər Yaxın Şərq ölkələrinə ixrac etmək istəyirik" — Kislinski deyib.

Onun sözlərinə görə, şirkət ixraca razılıq almaq üçün sənədlərini hazırlayır. "Quşçuluqda müsəlmanlar üçün vacib olan odur ki, məhsullar real surətdə halal olsun. Və biz bununla məşğuluq. Çox yüksək keyfiyyətli halal məhsullar istehsal edirik. Bu, islamın bütün qayda və standartlarına tam cavab verən ekoloji cəhətdən təmiz ərzaqlardır" — deyə holdinqin direktoru bildirib.

Kislinski qeyd edib ki, yaxın gələcəkdə holdinqin planında Türkiyə ilə birlikdə ticarət evi yaratmaq var.

"Bu, həqiqətən də, bazarda qiymətləri sabitləşdirməyə və istehsalçılara əlverişli şərait yaratmağa imkan verərdi. Bu səbəbdən də, biz ticarət markası ilə birlikdə ticarət evi açmaq istəyirik. Hal-hazırda bu layihəni Türk tərəfdaşlarımızla müzakirə edirik" — deyə Kislinski fikrini yekunlaşdırıb.

5523
Teqlər:
ixrac, "halal", mal və toyuq əti, Rusiya, Türkiyə, "Miratorq" şirkəti