Polis əməkdaşı

Bakı polisi xəbərdarlıq edir: Hər kəs məsuliyyətini dərk etsin

177
(Yenilənib 11:10 04.10.2018)
Vaqif Əsədov: "Hər bir hərəkət iştirakçısı yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşmalıdırlar"

BAKI, 4 oktyabr — Sputnik. Bakı şəhərində hərəkət iştirakçılarının təhlükəsizliyinin təmini, avtomobil yollarında süni sıxlığın, ləngimələrin, tıxacların qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Yeni tədris ilinin başlanması, orta və ali təhsil ocaqlarına bitişik küçə və prospektlərdə hərəkətin intensivliyini nəzərə alaraq, hərəkət iştirakçılarının təhlükəsizliyi diqqət mərkəzində saxlanılır.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik Vaqif Əsədov açıqlama verib. Onun sözlərinə görə, bu məqsədlə sıxlığın müşahidə olunduğu ərazilərdə — yol ayrıclarında, piyada keçidlərində tərəfimizdən hərəkətin tənzimlənməsi üçün günün pik saatlarında əlavə naryadlar cəlb olunur.

"Orta məktəblərin yerləşdiyi ərazilərdə, yaxud onlara yaxın yollarda yeraltı və yerüstü piyada keçidlərinin yaxınlığında, piyadalar üçün keçid zolaqlarında mütamadi olaraq reydlər keçirilir, qadağan olunan yerlərdən piyada hərəkətinin qarşısını almaq üçün profilaktiki iş aparılır. Eyni zamanda, sürət həddinin aşılması, yolayrıclarının keçilməsi və ötmə qaydalarının pozulması hallarına yol verən, avtomobilləri sərxoş halda idarə edən sürücülərə qarşı mübarizə tədbirləri diqqətdə saxlanılır" — deyə V.Əsədov bildirib.

"Tərəfimizdən aparılan araşdırma və təhlillər göstərir ki, süni sıxlıq, ləngimələr, tıxac yaradan hallara səbəb olan əsas inzibati xətalar sırasında "dayanma-durma", "parklanma" qaydalarının tələblərinə etinasız yanaşmadır. Hər bir hərəkət iştirakçısı, xüsusilə sürücülər nəzərə almalıdır ki, bu etinasızlıq, biganəlik yollarında süni sıxlıq, ləngimə və tıxac yaradır" — o, əlavə edib.

DYP rəsmi vurğulayıb ki, bu halları aradan qaldırmaq, hər birimizin hüquq və vəzifəsi olmaqla qalmır, ictimai, həm də sosial məsuliyyətidir: "Hər bir hərəkət iştirakçısı – sürücü, piyada yollarda digər insanların qanunla qorunan maraqlarına ehtiramla yanaşmalıdırlar".

177
Teqlər:
yol hərəkəti, piyada, sürücü, yol polisi, Bakı şəhəri
Əlaqədar
Yol polisi sürücülərə xəbərdarlıq edib
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Yol polisi kütləvi reydlər keçirir
Vaqif Əsədov: "Məlum videoda yol polisi barədə yanlış informasiya yayılıb"
Paytaxtın yol polisində mühüm dəyişiklik baş verir - VİDEO