BAKI, 3 oktyabr — Sputnik. Bu gün Təhsil Xidmətləri Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinə həsr olunmuş tədbir keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, QHT nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərindən danışıb: "Gürcüstanda azərbaycanlıların təhsil aldığı məktəblərin sayının azalması narahatedici faktdır. SOCAR və Heydər Əliyev Fondu Gürcüstanda təhsil almaq istəyən şəxslərə yardım göstərir. Lakin bu kifayət etmir".
Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, ekspert Kamran Əsədov qeyd edib ki, 2017-2018-ci tədris ilinin sonunda Azərbaycan dilli məktəblərdə təhsil alan şagirdlərin sayı 15150 nəfər təşkil edib: “Sovet dövründə Gürcüstanda 183 Azərbaycan dilli məktəb olub. 1999-cu il statistikasına görə isə Azərbaycan dilli məktəblərin sayı 167-dək azalıb. 2010-cu ildə Gürcüstanda 124 Azərbaycan dilli məktəb olub, hazırda isə Azərbaycan dilli məktəblərin sayı 80-dir".
Ekspert onu da qeyd edib ki, Gürcüstan universitetlərində Azərbaycan dilli məktəblər üçün müəllim hazırlayan fakültələr də yoxdur.
Kamran Əsədov vurğulayıb ki, Gürcüstanda Azərbaycan dilində təhsil verən müəllimlərin olmaması yaxın gələcəkdə Azərbaycan dilli məktəblərin yox olmasına gətirib çıxaracaq: "Ana dilində təhsil verən müəllimlər qocalır, get-gedə sayları azalır. Onların yerinə isə heç bir fənn üzrə gənc kadr meydana çıxmır".
Təşkilat sədri onu qeyd edib ki, Azərbaycan məktəblərində kadr çatışmazlığını həll etməyin yeganə yolu Gürcüstanda tez bir zamanda Azərbaycan pedaqoji universitetinin əsasının qoyulmasına nail olmaqdır. Bu da yalnız Azərbaycan dövlətinin dəstəyi ilə baş tuta bilər.
Daha sonra Milli Məclisin deputatı Fazil Mustafa çıxış edib. O, Gürcüstanda anadan olan şəxsin Azərbaycanda ali qəbul imtahanı verərkən xarici vətəndaş kimi hesab edilməsindən şikayətlənib və bu istiqamətdə işlərin aparıldığını diqqətə çatdırıb.
"Gürcüstandakı soydaşlarımız Azərbaycanda universitetə qəbul olduqdan sonra xarici vətəndaş olduqları əsas gətirilərək ən yüksək bal yığsa belə, yalnız ödənişli təhsil ala bilirlər. Bunun da nəticəsi olaraq Gürcüstan azərbaycanlıları Azərbaycanın universitetlərində, demək olar ki, təmsil olunmurlar" – millət vəkili deyib.
Tədbir iştirakçıları, rəsmi müraciət olmasına baxmayaraq, Təhsil Nazirliyinin və diaspor nümayəndələrinin tədbirdə iştirak etməməsini təəssüfləndirici hal kimi qiymətləndiriblər.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Bu gün bütün bölgələrdə olduğu kimi Qubada da şəhidlər böyük ehtiramla yad edilib. Güclü qar yağmasına baxmayaraq, şəhidlər xiyabanına böyük insan axını olub.
Ziyarət edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon rəsmiləri də iştirak edib. Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Onu da qeyd edək ki, şəhidləri yad etmək üçün Qubanın kəndlərindən də vətəndaşlar Şəhidlər xiyabanına üz tutublar.
Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Ötən gündən etibarən yağan güclü qar İsmayıllı rayonunda elektrik enerjisinin verilişində problemlər yaradıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, yağan qar rayonda su, qaz və rabitə sahəsinə elə də ciddi problem yaratmasa da, elektrik verilişində kəsilmələr qeydə alınıb. Eyni zamanda, güclü qar yollarda müəyyən çətinliklərin yaranmasına səbəb olub. Rayondaxili, magistral və dağətəyi kənd yollarının qardan təmizlənilməsinə başlanılıb. Hazırda texnika və canlı qüvvə tərəfindən yollarda hərəkətin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə müvafiq işlər görülür.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkə üzrə elektrik enerjisinin verilməsində problem yalnız İsmayıllıda yaranıb. Bu isə mövcud hava şəraiti ilə bağlıdır:
"Hazırda rayon ərazisinə düşən qarın hündürlüyü 30-40 santimetrə çatıb. Bu səbəbdən də xətdə açılma baş verib. Amma artıq bu istiqamətdə işlər görülüb. Açılma olub, bərpa olunub. İsmayıllıda 20 dəqiqədən sonra elektrik enerjisinin verilməsi təmin olunacaq. Hələ ki, İsmayıllıdan başqa heç bir yerdə elektrik enerjisinin verilməsində problem yaranmayıb. Bizim qurumun əməkdaşları mövcud hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçiblər".