Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib

Vatikanda Azərbaycan təntənəsi

64
(Yenilənib 10:23 27.09.2018)
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd olunub

BAKI, 27 sentyabr — Sputnik. Heydər Əliyev Fondunun və ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfirliyinin təşkilatçılığı ilə Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd olunub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, qonaqlar əvvəlcə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini, iqtisadiyyatımızın şah damarı- neft sənayesinin inkişafını əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. İştirakçılara italyan dilində ölkəmizin tarixinə dair nəşrlər təqdim edilib. 

İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
© Official website of President of Azerbaijan Republic

Müqəddəs Taxt-Tacın "Cancelleria" Sarayında təşkil olunmuş ziyafətdə ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və onun qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan, quruculuq işlərindən söz açıb.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyini, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd edib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, ölkənin himninin, bayrağının və gerbinin təsis olunmasının Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğunu vurğulayıb. Bildirilib ki, birinci respublikanın nailiyyətlərini izləyən böyük dövlətlərin nümayəndələri onun rəhbərlərini alqışlayıblar. 1919-cu ildə Britaniyanın Qafqaz üzrə ali komissarı Oliver Uoldrop deyib ki, Azərbaycan Zaqafqaziyanın digər etnik qrupları üçün ən yaxşı nümunədir.

Səfir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayıb. O, müasir müstəqil Azərbaycanın iqtisadi inkişafı, sabitliyi və balanslaşdırılmış xarici siyasəti haqqında danışıb. Qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib, Bakı qitələri birləşdirən böyük layihələrə imza atıb.

  • Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib
    Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib
    © Photo : AZƏRTAC
  • Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib
    Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib
    © Photo : AZƏRTAC
  • Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib
    Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib
    © Photo : AZƏRTAC
1 / 3
© Photo : AZƏRTAC
Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib

2019-cu ilin yanvar ayında Müqəddəs Taxt-Tac ilə ölkəmiz arasındakı əlaqələrin 25 ilinin tamam olacağını bildirən R. Mustafayev bu müddət ərzində ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyəyə çatdığını və dinamik inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı hörmətə, fəal dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb.

Siyasi sahədə dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin, xüsusilə də 2002-ci ildə Roma Papası II İohan Pavelin və 2016-cı ildə Papa Fransiskin ölkəmizə səfərləri, eləcə də Vatikanın xarici işlər naziri, arxiyepiskop Pol Riçard Qallaxerin bu il ölkəmizə səfəri çərçivəsində ikitərəfli və beynəlxalq münasibətlər sahəsində aktual məsələlərin müzakirə olunduğunu bildirib. Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tac arasında sıx əməkdaşlıqdan və bu birgə fəaliyyətin bəhrələrindən danışıb. Əməkdaşlıq çərçivəsində Vatikanın tarixi və mədəniyyətinin nadir rəmzlərinin bərpası, Müqəddəs Marçellinio və Pietro katakombaları, eləcə də Vatikan muzeyində Zevsin heykəlinin, Sikstin kapellasında divar şkaflarının bərpa edildiyini diqqətə çatdırıb.

Heydər Əliyev Fondu tərəfindən bərpa edilən, 2 min ildən artıq yaşı olan Müqəddəs Sebastian katakombalarının açılışından danışıb.

Elmi sahədə Vatikan Mədəniyyət Şurasının və Apostol kitabxanasının dəstəyi ilə arxiv tədqiqatlarının aparıldığını, Orta əsrlər Azərbaycan mütəfəkkirləri Nizami, Füzuli və Nəsimi haqqında oxuculara məlum olmayan yeni məlumatların əldə edildiyini bildirib. Ölkəmizin Müqəddəs Taxt-Tacla çoxşaxəli əməkdaşlığını və dialoq yolunu davam etdirmək əzmində olduğunu vurğulayıb. 

Müqəddəs Taxt-Tacın Mədəniyyət işləri üzrə şuranın sədri, kardinal Canfranko Ravazi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfərinə toxunaraq, iki dövlət arasında siyasi, mədəniyyətlərarası və dinlərarası dialoq sahələrində əlaqələrin yüksək səviyyəsindən söz açıb. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mühüm layihələr haqqında ətraflı məlumat verib. Əhalisinin əksəriyyəti müsəlman olmasına baxmayaraq, ölkəmizin xristian dini mədəni irs abidələrinin bərpasına dəstək verməsini dinlərarası dialoqun bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ziyafət Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist Emil Əfrasiyabın rəhbərliyi ilə Azərbaycan incəsənət ustalarının ifasında milli musiqi proqramı ilə davam edib.

Tədbir çərçivəsində ziyafət və sərgi salonlarında böyük ekranda ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub.

Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian kilsəsində bərpa edilmiş katakombalarla bağlı nəşrlər tədbir iştirakçılarına hədiyyə edilib.

64
Teqlər:
Vatikan, Azərbaycan Xalq Cümhuriyyəti, 100 illik yubiley
Əlaqədar
Cümhuriyyətin 100 illiyinə “Cümhuriyyətin 100 illik zirvəsi”
Prezidentin qızı Cümhuriyyətin 100 illiyi ilə bağlı film çəkib - VİDEO
Cümhuriyyətin 100 illiyi 177 saylı məktəbdə qeyd edilib
Cümhuriyyətin ilk paytaxtı və son istehkamında tarixi sərgi
Xalq artisti Cümhuriyyətin yubileyinə silsilə konsertlər həsr edəcək
Donald Tramp, arxiv şəkli

Tramp səssiz-sədasız getməyəcək: ABŞ İrana zərbə vurmağa hazırlaşırmı

3
(Yenilənib 19:57 30.11.2020)
Amerikanın İrana qarşı planlarına dair təsdiqlənmiş məlumat yoxdur. Bununla belə, İsrail etiraf edib ki, mümkün qarşıdurmaya hazırlıqlı olmaq tapşırığı alıb.

BAKI, 30 noyabr — Sputnik, Qaliyə İbrahimova. Donald Tramp ABŞ seçicilər kollegiyasının Co Baydenin qələbəsini qəbul edəcəyi təqdirdə hakimiyyəti ona ötürəcəyini bildirib. Ancaq mediada gedən xəbərlərə əsasən, o, iqtidarı əldən verməzdən əvvəl İranla müharibə etməyə hazırdır. Yeni qalmaqalın səbəbi iki ölkə arasındaki nüvə razılaşmasının pozulmasından sonra İranda yenidən inkişaf etdirilməyə başlanan nüvə proqramıdır. Üstəlik, amerikalılar Tel-Əvivi də Tehrana təzyiq göstərməyə cəlb etmək niyyətindədirlər. RİA Novosti bunun Yaxın Şərqdəki vəziyyətə necə təsir edəcəyini araşdırıb.

Trampın qəzəbi

"Donald Tramp İrana zərbə vurmağı əmr edə bilər, bu səbəbdən də İsrail Müdafiə Ordusu ayıq-sayıq olmalıdır. İsrail hakimiyyəti üçün Co Baydenin andiçmə mərasimindən əvvəlki dövrdəki çətinlikləri başa düşmək çox vacibdir. Səlahiyyətləri başa çatmaq üzrə olan ABŞ lideri dəfələrlə Natanzdakı uran zənginləşdirmə zavodunun necə məhv ediləcəyi məsələsini gündəmə gətirmişdi", - deyə İsrail mənbələrinə istinadən Axios onlayn xəbər saytı yazır.

Saytın istinad etdiyi mənbənin fikrincə, Tramp BAEA (Beynəlxalq Atom Enerjisi Agentliyi) İranın nüvə proqramının inkişafı ilə bağlı növbəti hesabatını yayımladıqdan sonra Tehrana qabaqlayıcı zərbə endirmək qərarına gəlib.

Hesabatda bildirilir ki, İran İslam Respublikası Birgə Hərtərəfli Fəaliyyət Planının şərtlərini yerinə yetirməkdən imtina etdikdən sonra ölkədə yüksək dərəcədə zənginləşdirilmiş (silah səviyyəsində) uran ehtiyatları artırılıb.

"Bunu öyrənən Donald Tramp bərk qəzəblənib, ancaq Mayk Pens və Mayk Pompeo onu dilə tutaraq sakitləşdiriblər", - deyə The New York Times qəzeti Amerikanın dövlət məmurlarına istinadən xəbər verir.

Amerikanın İrana qarşı planlarına dair təsdiqlənmiş məlumat yoxdur. Bununla belə, İsrail etiraf edib ki, mümkün qarşıdurmaya hazırlıqlı olmaq tapşırığı alıb.

"Cavab zərbəsi birbaşa İrana deyil, bu ölkənin Suriyadakı, Qəzzədəki və ya Livandakı qoşunlarına da endirilə bilər", - deyə mənbə Axios-a bildirib.

Siyasətçilərin mümkün müharibə barədə məlumatların etibarlılığını müzakirə etdikləri vaxt İranda fizik Möhsün Fəxrizadə öldürüldü. Qərb kəşfiyyat xidmətləri onu "İran bombasının atası" adlandırırdı. Belə hesab olunurdu ki, İranın nüvə proqramına məhz o rəhbərlik edir. Tehran dərhal qətldə İsraili günahlandırdı və intiqam alacağını bildirdi. Benyamin Netanyahu isə İranın iddialarını rədd etdi.

Müharibə öncəsi vəziyyət

Əvvəl baş verən hadisələr olmasaydı, İrana hücum təhlükəsi barədə məlumat sızması diqqətdən kənarda qalacaqdı. Məsələ burasındadır ki, bu yaxınlarda Amerika Birləşmiş Ştatları B-52H Stratofortress strateji bombardmançı təyyarələrini Yaxın Şərqə göndərib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) döyüş təyyarələrinin bölgəyə "təcavüzün qarşısını almaq və ABŞ müttəfiqlərini dəstəkləmək üçün" gəldiklərini bildirir.

ABŞ bu barədə məlumat verməsə də, qırıcıların keçən qış olduğu kimi bu dəfə də Hind okeanındakı ingilis adası Dieqo Qarsiyadakı bir hava bazasında olduğu ehtimal edilir.

Həmin vaxt İranla mümkün müharibə təhlükəsinə qarşı hərbi bazaya altı bombardmançı təyyarə yerləşdirilmişdi. Silahlı qarşıdurmanın səbəbi isə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Qasım Süleymaninin amerikalılar tərəfindən öldürülməsi idi. Tehran qisas alacağına söz vermişdi.

Bölgədəki Amerika hədəflərinə ilboyu hücumlar edilsə də, birbaşa toqquşma baş vermədi. Üstəlik, amerikalılar hərbi qüvvələrini geri çəkməyə başladılar. Bu isə İranla həmsərhəd ölkələrdə narahatlığa səbəb oldu. Onlar ərazidəki ABŞ kontingentinin təhdidlərə qarşı bir növ bufer rolunu oynadığını və ən əsası, Tehranın əl-qolunu bağladığını bildirdilər.

Danışıqlar – gizli və aşkar

İranın Yaxın Şərqdə artan nüfuzu hamıdan çox İsraili narahat edir. ABŞ-la İran arasında keçən qış baş verən hadisədən sonra Tel-Əviv həyəcan təbili çalmağa başladı. İsrailin Baş naziri Benyamin Netanyahu iddia etdi ki, Tehran yalnız amerikalılardan deyil, yəhudilərdən də intiqam almağa hazırlaşır. Və xəbərdarlıq etdi: gözləmədən vəziyyətə uyğun addım atacaq.

Fars körfəzinin monarxiya dövlətləri İranın Yaxın Şərqə təsirinin qarşısını almağa çalışırlar. Səddam Hüseyn rejiminin İraqdakı süqutundan sonra İslam Respublikası regional lider rolunu öz üzərinə götürməyə cəhd edir ki, ərəblər də bundan narahatdırlar. Çünki ayətullahların şiə rejimi sünni ənənələri üçün qəbuledilməzdir. Odur ki, həmin dövlətlər İranın regionda nüfuzunun artmasının qarşısını almaq məqsədi ilə 2000-ci illərin ortalarında etibarən İsrail ilə qeyri-rəsmi danışıqlara başladılar.

Çözülməmiş Fələstin məsələsi onların açıq birləşməsinə mane olsa da, tərəflər Tehrana qarşı birgə addım atmağı qəbul etdilər.

Müşahidəçilərin fikrincə, bu əməkdaşlıq, məsələn, İordaniya, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin hava məkanlarını İsrail aviasiyasına açmağa hazır olmalarından xəbər verirdi.

Donald Trampın prezidentliyi və İrana qarşı tutduğu mövqe ərəb-İsrail əlaqələrini gücləndirdi. 45-ci ABŞ prezidenti iqtidara gələrkən bəyan etmişdi ki, "əsrin müqaviləsi"nin köməyi ilə Yaxın Şərqin bütün problemlərini həll edəcək. Bu sənəd Fələstin məsələsinin "iki xalq üçün iki dövlət" prinsipi ilə həllini nəzərdə tuturdu - İsrail ilə yanaşı, Fələstin də dünya xəritəsində görünəcəkdi. Lakin bu təşəbbüsə ərəb dünyasından dəstək gəlmədi. Bununla belə, ərəb ölkələri həmin sənədin "Yaxın Şərqin yenidən qurulmasına" kömək etdiyini bildirdilər. Sentyabr ayında İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn amerikalıların vasitəçiliyi ilə rəsmi diplomatik əlaqələr qurdular. Eyni zamanda, bu dövlətlərdən heç biri qarşılıqlı münasibətlərin taktiki anti-İran xarakteri daşıdığını də gizlətmədi.

Yalnız özünü ərəb dünyasının lideri sayan Səudiyyə Ərəbistanı bəyan etdi ki, Fələstin problemi həll olunmamış Tel-Əvivlə hər hansı münasibətdən söhbət gedə bilməz. Ancaq çox keçmədən bu stereotip də dağıldı. Bu yaxınlarda Netanyahunun gizli şəkildə Səudiyyə Ərəbistanının Neom şəhərini ziyarət etdiyi və vəliəhd Məhəmməd bin Salmanla danışıqlar apardığı məlum oldu. Xəbər sensasiya yaratsa da, görüşün detalları ilə bağlı məlumat əldə etmək mümkün olmadı. Bununla belə, ərəb və yəhudi liderlərinin görüşündə əsas mövzunun İranın Yaxın Şərqə təsirinin artması olduğu ilə bağlı mülahizələr irəli sürüldü. Ər-Riyad əvvəlcə baş tutmuş dialoqu inkar etdi. Ancaq Tel-Əvivin məsələni şərh etməkdən imtina etməsi əksər ölkələr üçün sübut rolunu oynadı - görüş baş tutmuşdu. Danışıqların məhz ABŞ dövlət katibinin Yaxın Şərqə səfərindən sonra baş tutmasına da diqqət çəkildi. Mayk Pompeo bir daha bölgədəki dövlətləri barışdırmağa çalışaraq İran təhdidinin ciddiliyindən dəm vurdu.

"Özündən sonra alyans qoyub getmək"

"İsrail İranla birbaşa hərbi toqquşmaya girmək fikrində deyil, ancaq gizli bir qarşıdurma bütün cəbhələrdə baş verir. İslam Respublikası Suriyadakı İsrail sərhədinin perimetri boyunca hərbi varlığını gücləndirir. Daha bir qonşu ölkə, Livan isə əslində, İranın vassalıdır. Tehran Qəzzə zolağına ciddi təsir göstərir, Həması maliyyələşdirir. Əslində İran İsrailin bütün sərhədlərində mövcuddur", - deyə Knessetin keçmiş deputatı, İsrailin Herzliya Disiplinlərarası İnstitutunun eksperti Kseniya Svetlova qeyd edir. O, Netanyahunun Səudiyyə Ərəbistanına gizli səfərini ABŞ-da gözlənilən hakimiyyət dəyişikliyi kontekstində dəyərləndirir.

"ABŞ-da hakimiyyətə gələn yeni qüvvələr Yaxın Şərqlə münasibətləri korreksiya edir. Netanyahu ilə ibn Salman arasında Baydenin hakimiyyəti dövründə İrana münasibətdə əlaqələndirmənin necə davam etdiriləcəyinin müzakirə olunduğu istisna deyil. Hərçənd, demokrat-prezidentin bu cür təmaslara qarşı olacağını düşünmürəm. Barak Obamanın dövründən bəri amerikalılar bölgədən çəkilmə kursu götürüblər. Ancaq orada özlərindən sonra İran təhdidinə qarşı ən azı bir ərəb-İsrail ittifaqını qoyub getmək ABŞ-ın maraqlarına cavab verir", - deyə Svetlova bildirib.

Trampın səhvini etiraf etmək

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MQİMO) analitiki Adlan Marqoyev İranın Ərəb-İsrail qarşılıqlı əlaqəsindən xəbərdar olduğuna əmindir. Ekspertin fikrincə, Tehranda ərəb ölkələri ilə "sionist rejim" arasında əlaqələrin qurulması "Fələstinə xəyanət" kimi qəbul edilir. Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreynin İsrail ilə təmaslarını tənqid edən İran hakimiyyəti, bununla belə, qarşıdurmanı kəskinləşdirməkdə maraqlı deyil.

Marqoyevin fikrincə, Tehran ABŞ-da hakimiyyət dəyişikliyindən sonra İran əleyhinə çıxışların azalmasına ümid edir. "İran hakimiyyəti Baydeni Trampın səhvlərini etiraf etməyə və Birgə Hərtərəfli Fəaliyyət Planını dirçəltməyə çağırır. Demokratlar artıq bunu mütəxəssislər səviyyəsində müzakirə edirlər, amma praktikada bu iş bir o qədər də sadə deyil. Hərəkət istiqamətini müəyyənləşdirmək belə çox çətindir. Məsələn, İran sanksiyaların ləğv edilməsini tələb edir. Ancaq onda Tehranın Birgə Hərtərəfli Fəaliyyət Planınının şərtlərinə əməl edəcəyi təsdiqlənməlidir. Tehranın fikrincə, nüvə sazişi ona görə tam şəkildə həyata keçirilmədi ki, amerikalılar birinci bu razılaşmadan imtina etdilər. Bəs mexanizmin paralel işləməsi üçün Birgə Hərtərəfli Fəaliyyət Planına necə qayıtmaq olar? Bu sualın cavabı hələlik məlum deyil", - Marqoyev qeyd edir.

Trampın İran əleyhinə qərarlarını ləğv etməyin Bayden üçün asan olmayacağını deyən ekspert, bununla belə, vəziyyətin münaqişə səviyyəsinə qədər yüksəlmənin qarşısının alınacağına da əmindir.

3
Teqlər:
Donald Tramp, müharibə, Səudiyyə Ərəbistanı, Fələstin, İsrail, İran, ABŞ
 Müslüm Maqomayev, arxiv şəkli

Ukraynada Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq vokal müsabiqəsi keçiriləcək

5
(Yenilənib 19:33 30.11.2020)
Müsabiqə iştirakçıları iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnılar ifa edəcəklər

BAKI, 30 noyabr — Sputnik. Dekabrın 1-dən 4-dək Ukraynanın kurort paytaxtı sayılan Truskavetsdə Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş III Beynəlxalq müsabiqəsi keçiriləcək.

 Maqomayev bioqrafik serialından səhnə
© Photo : Первый канал/ Mediaslovo / АМЕДИА/ 2020

Sputnik Azərbaycan xəbər verir ki, bu unikal müsabiqədə həm opera, həm də estrada musiqisini eyni dərəcədə uğurla ifa edən vokalçılar aşkar ediləcək, onlar Ukraynanın və dünyanın musiqi ictimaiyyətinə təqdim olunacaqlar. Müsabiqə iştirakçıları iki seçim turunda Müslüm Maqomayevin akademik (opera) və estrada repertuarına daxil olan mahnılar ifa edəcəklər. Onun repertuarına daxil olan "Mən göyə baxıram" adlı Ukrayna xalq mahnısı müsabiqədə hökmən ifa edilməlidir.

Müsabiqəyə 16-40 yaşlarında, musiqi üzrə ixtisas təhsili almış peşəkar müğənnilərlə bərabər, musiqi təmayüllü ali məktəblərin və kolleclərin tələbələri də qoşula bilərlər.

İştirakçılar ilkin mərhələdə qiyabi seçimdən keçiblər. Bu mərhələdə ən çox bal toplayanlar final seçiminə dəvət olunublar.

Vokalçıların Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş Beynəlxalq Müsabiqənin mövcud olduğu illərdə bu yarışda Ukrayna, Moldova, Niderland, ABŞ, Özbəkistan, Litva və Qazaxıstandan olan vokalçılar iştirak ediblər.

Bu il iştirakçıların peşəkar səviyyəsi çox yüksəkdir: xaricdə kontrakt üzrə işləyən gənc opera müğənniləri koronavirus karantini səbəbindən Ukraynaya qayıdıblar və onlar da bu müsabiqədə iştirak edəcəklər. On beş nəfər finalçı arasında "Ölkənin səsi" teleşousunun iştirakçıları və populyar aktyorlar da var.

Epidemiyaya qarşı mübarizə tələblərinə uyğun olaraq, müsabiqə qarışıq formatda keçiriləcək: ifaçılar, münsiflər heyətinin üzvləri və prodüserlər seçim turlarında canlı iştirak edəcəklər, tamaşaçılar isə müsabiqəyə onlayn rejimdə qoşula biləcəklər. Seçim turları və qala-konsert müsabiqənin rəsmi internet səhifəsində nümayiş etdiriləcək. Efirin texniki təminatı "Truskavets-onlayn" saytına həvalə edilib.

Müsabiqənin təşkilatçıları Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Truskavets Şəhər Şurasıdır. Tədbir Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. AzərTac bu müsabiqənin media-tərəfdaşıdır.

5
Teqlər:
Ukrayna, vokal, müsabiqə, Müslüm Maqomayev