Qara Qarayevin 100 illiyi Moskvada qeyd olunub

© Photo : TRENDВ Москве прошел торжественный вечер в честь 100-летия Гара Гараева
В Москве прошел торжественный вечер в честь 100-летия Гара Гараева - Sputnik Azərbaycan
Abunə olmaq
Polad Bülbüloğlu vurğulayıb ki, bu gün Azərbaycanın və Rusiyanın musiqi tarixində bizim mədəniyyətlərimizin, mədəniyyətə münasibətimizin vəhdətinin təsdiqi kimi qalacaqdır

BAKI, 24 sentyabr — Sputnik. Sentyabrın 22-də Moskvada P.İ.Çaykovski adına Konsert zalında Azərbaycanın dahi bəstəkarı, görkəmli alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mərasimdə Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq böyük bəstəkar Qara Qarayevin 100 illiyi Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlərlə qeyd edilir.

MƏDƏNİYYƏT
Dahi bəstəkar Qara Qarayevin xatirəsi yad edildi

Vurğulanıb ki, bu musiqi axşamı təkcə Qara Qarayevin 100 illiyi şərəfinə təşkil edilən mərasim deyil, eyni zamanda Azərbaycan və Rusiyanın tarixində iz qoymuş görkəmli mədəniyyət xadimlərinin xatirəsinə ehtiramın nümunəsidir. Nazir qeyd edib ki, Qara Qarayevin xatirəsi Rusiyada hər zaman böyük ehtiramla yad edilir. Moskvada onun adını daşıyan musiqi məktəbi var, bir neçə il öncə barelyefinin açılışı olub. Bu il Rusiyanın böyük şəhərlərində bəstəkarın 100 illiyi ilə bağlı konsertlərin keçirilməsi də onun yaradıcılığına, sənət irsinə, ümumilikdə Azərbaycan musiqisinə və mədəniyyətinə dərin hörmətin göstəricisidir. Bütün bunlar həmçinin Azərbaycanla Rusiya arasında mövcud olan sıx mədəni əlaqələrin təsdiqidir. 

Qeyd olunub ki, Qara Qarayevin yaradıcılıq irsi musiqinin demək olar ki, bütün janrlarını əhatə edir və onun əsərləri dünya musiqi mədəniyyətinin xəzinəsinə daxildir.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulayıb ki, bu gün Azərbaycanın və Rusiyanın musiqi tarixində bizim mədəniyyətlərimizin, mədəniyyətə münasibətimizin vəhdətinin təsdiqi kimi qalacaqdır. Bildirib ki, Qara Qarayevin yaradıcılıq irsi Azərbaycana və bütün dünyaya məxsusdur. Ancaq qeyd etmək lazımdır ki, o, Rusiya ilə çox bağlı idi – Moskvada konservatoriyada oxumuşdu, Dmitri Şostakoviçin tələbəsi olmuşdu, SSRİ Bəstəkarlar İttifaqında fəal çalışırdı. “Neçə illər keçsə də, 120, 150, 200 il sonra da dünya Qara Qarayevin – görkəmli mədəniyyət xadiminin, dünya miqyaslı musiqiçinin yubileyini qeyd edəcək”, — deyə Polad Bülbüloğlu əlavə edib. 

Tofiq Quliyev - Sputnik Azərbaycan
Ürəkləri fəth etmiş azərbaycanlı bəstəkar

Rusiya mədəniyyət nazirinin müavini Pavel Stepanov çıxışında dahi bəstəkarın geniş yaradıcılıq diapazonuna diqqət yetirib. Qeyd edib ki, Qara Qarayev həm Azərbaycanın, həm də Rusiyanın musiqi həyatında nadir şəxsiyyətdir. O, yaradıcılığının genişliyi – simfonik musiqisi, baletləri, kiçik həcmli əsərləri, filmlərə, teatr tamaşalarına yazdığı musiqilərlə hər kəsi heyran edir. O, yaradıcılığında müxtəlif xalqlara, müxtəlif zamanlara müraciət edib.

Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç bəstəkarın yüksək insani keyfiyyətlərindən söz açıb: “Qara Qarayev fenomenal bəstəkar və çox gözəl insan idi. Mən onu yaxşı xatırlayıram, o bizim evə gəlirdi, atamla birgə çalışırdı”.

Yubiley axşamının prodüseri Yelena Tverdolyub çıxışında Qara Qarayevin 100 illiyinin Moskvada qeyd olunmasının əhəmiyyətini vurğulayıb.

Sonra konsert proqramı təqdim olunub.

Konsertdə görkəmli dirijor, Azərbaycanın Xalq artisti Rauf Abdullayevin idarəsi ilə P.İ.Çaykovski adına Böyük Simfonik Orkestrin və solist – tanınmış skripkaçı, beynəlxalq müsabiqələr laureatı Alyona Bayevanın ifasında Qara Qarayevin “Don Kixot” simfonik qravürləri, 3 saylı simfoniyası, skripka və orkestr üçün konserti və “İldırımlı yollarla” baletindən 2 saylı süitası səsləndirilib.

Konsert zalının foyesində bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən sərgi nümayiş olunub.

Xəbər lenti
0