Alaçadırlıda arıçılar

Arıçıdan həyəcan təbili: Hər dəfə pambığa dərman səpiləndə arılar məhv olur

8273
(Yenilənib 20:34 23.09.2018)
Saxta bal alverçiləri xalis bal satanları pis vəziyyətdə qoyur

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Aran iqtisadi zonasının ənənəvi təsərrüfat sahələri, adətən maldarlıq, qoyunçuluq, quşçuluq və əkinçilik olub. Kənd təsərrüfatı sahəsi olaraq arıçılıqla isə əsasən dağlıq ərazilərdə yaşayan əhali məşğul olub. Ancaq son dövrlərdə Bərdə rayonunda arıçılıq təsərrüfatlarının sayı getdikcə artmaqdadır. Belə təsərrüfatlardan biri də Bərdə rayonunun Alaçadırlı kənd sakini Fəxrəddin Məmmədova məxsusdur.

Fəxrəddin Məmmədov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində arıçılığa olan marağından danışıb. O bildirib ki, arıçılığa marağı təsadüfən yaranıb.

"Həyətimizə arı beçəsi düşmüşdü. Onu tutmağım sayəsində arıçılığı öyrənməyə başladım. Bu, təsadüf nəticəsində arıların iş prinsipinə qarşı məndə maraq yarandı. Tədricən arıçılığa dair ədəbiyyatlardan istifadə edərək, bu sahənin bacarıqlarını qazana bildim".

Alaçadırlıda arıçılar
© Sputnik / Musa Muradlı
Alaçadırlıda arıçılar

F.Məmmədov bildirib ki, arıçılıq kənd təsərrüfatının gəlirli sahələrindəndir: "Bu sahəni inkişaf etdirməyin böyük perspektivləri var. Arıçılıq təsərrüfatlarının yaradılması indiki dövrdə işsizliyin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir".

O, yaxşı məhsul götürmək istəyən arıçının üzərinə düşən vəzifələrdən də söz açıb:

"Arıçılıqda hər fəslin özünəuyğun işləri var. İndiki dövrdə bal götürüləndən sonra ziyanvericilərə, gənəyə qarşı dərmanlar verilməlidir. Ana arının yerinin olub-olmamasını yoxlamaq lazımdır. Bununla da qışa hazırlıq başlamalıdır. Yəni gələn ilin təməli indidən qoyulmalıdır. Arıya yaxşı baxılsa, lazım olan tədbirlər görülsə, növbəti il bal çox olur. Ona görə də arılara əvvəlcədən qayğı göstərmək lazımdır ki, bol məhsul əldə etmək mümkün olsun".

Müsahibimiz başa çatan mövsümün arıçılıq üçün əlverişli olduğunu vurğulayıb: "Bu il qış mülayim keçdiyindən arılar yaza daha gümrah çıxdılar. Qışın sərt keçməsinin də müəyyən xeyirli tərəfləri olur. Belə olanda arılar dağılmır, pətəkdə bir yerdə olanda özlərinə lazım olan istiliyi itirmirlər. Qışın isti keçməsinə görə arılar tez oyandı. Bu da məhsuldarlığa səbəb oldu".

Alaçadırlıda arıçılar
© Sputnik / Musa Muradlı
Alaçadırlıda arıçılar

Arıçının dediyinə görə, əldə etdiyi məhsulun miqdarından razı olsa da, satışını həyata keçirməkdə çətinlik çəkir:

"Ortada saxta bal satanlar var. Belə olanda insanlar da xalis bal almaqda çətinlik çəkirlər. Eyni zamanda arıçılar təmiz balı müxtəlif cür izah edirlər ki, bu da istehlakçılar arasında birmənalı qarşılanmır. Alıcılar belə olanda çaş-baş qalırlar. Fikrimcə, təmiz balın xüsusiyyətlərini kənd təsərrüfatı nazirliyinin mütəxəssisləri müəyyən eləməli, birmənalı izahını verməlidirlər. Subyektiv fikirlərə son qoyulmalıdır. Belə olsa, hamı təmiz balı müəyyən edər, çaşqınlıq olmaz".

F.Manafov son illərdə Aran iqtisadi zonasında arıçılığın inkişaf etməsinin səbəblərinə də aydınlıq gətirib. Onun dediyinə görə, əvvəllər arıçılar bu işi dağa-arana köç etməklə həyata keçirirdilər. Yazın erkən çağında arılar aranda saxlanır, oradakı ağacların, otların çiçəklərindən bal yığandan sonra, dağların vədəsi yetişəndə, yaylaqlara köçürülürdü. Laçın, Kəlbəcər dağlarını ermənilər işğal edəndən sonra arıları köçürmək mümkün olmayıb. İndi ilin bütün fəsillərində arılar Aran bölgəsində qalmalı olur. Bununla da arıçılıq Aran iqtisadi zonası üçün yeni təsərrüfat sahəsinə çevrilib".

Yonca və pambıq sahələrinin arı üçün şirə mənbəyi olduğunu deyən həmsöhbətimiz bildirib ki, pambığa ziyanvericilərə qarşı dərman səpiləndə arılar da məhv olur. Ona görə də, bu halın baş verməməsi üçün arıçılarla pambıqçıların əlaqələndirilməlisi vacibdir:

"Kənd təsərrüfatı idarələrində pambıq sahəsinə dərman səpilən zaman həmin əraziyə yaxın arıçıları xəbərdar etsələr, yaxşı olar. Həmin gün arıçı arını yeşikdə saxlamaqla zəhərlənmədən yayındıra bilər".

F.Məmmədov Aran zonasında arıçılığın inkişaf etdirilməsi üçün əlverişli şəraitin, geniş sahələrin olduğunu diqqətə çatdırıb. O, Aranda bitki növlərinin zəngin olduğunu xatırladıb. Faydalı biyan bitkisinin bu arealda geniş yayıldığını vurğulayan arıçı, bu səbəbdən də Aran balının özünəməxsus keyfiyyətə malik olduğunu bildirib.

Fəxrəddin Məmmədov ölkə başçısının arıçılığın subsidiyalaşdırılması barədə göstərişinə uyğun olaraq, Bərdə rayon Kənd Təsərrüfatı İdarəsində qeydiyyatdan keçib, göstərilən tələbləri yerinə yetirib. İndi o, dövlətin ayırdığı vəsaitin ünvanına çatdırılmasını gözləyir. Çünki hazırda arıların qışa hazırlanması üçün bir sıra tədbirlər görülməlidir.

8273
Teqlər:
pambıq, bal, arı, arıçılıq, kənd təsərrüfatı, Fəxrəddin Məmmədov, Bərdə
Əlaqədar
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində arı südü yığılıb
Arı zəhərinin sehri
"Kəpənək kimi süz, arı kimi sanc"
Arı sancdı və qorxduğu başına gəldi