BAKI, 31 avqust — Sputnik. Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi prezident İlham Əliyevə təqdim olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytında məlumat verilib.
Qeyd edək ki, sentyabrın 1-dən etibarən Azərbaycan vətəndaşlarına yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılacaq. Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq.
Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. Yeni nəsil vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.
BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".
BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”.
Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb.