İnsanlar köməksiz qalıb: Təbii fəlakət zonasına helikopter cəlb edilib — VİDEO

© Photo : REPORTFövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri şimal-qərb bölgəsində
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin Mi-17 helikopteri şimal-qərb bölgəsində - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatala rayonunun bir neçə kəndinin sakinləri ev və həyətlərini sel basması nəticəsində köməksiz vəziyyətdə qalıblar.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 11 avqust — Sputnik. Son iki gün ərzində aramsız yağan yağışlar, eləcə də güclü leysan respublikamızın şimal-qərb bölgəsində həyatı iflic edib. Yağıntılar çaylarda daşqınlara səbəb olub. Sel Qax, Zaqatala və Balakən rayonlarına ciddi ziyan vurub.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, bu gün Zaqatala rayonunun bir neçə kəndinin sakinləri ev və həyətlərini sel basması nəticəsində köməksiz vəziyyətdə qalıblar.

Onların köməyinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Helikopterin köməyi ilə rayonun Böhtala kəndində yaşayan 12 ailə təhlükəsiz əraziyə köçürülüb.

Qax rayonu ərazisindən keçən Ərdava çayının üzərindəki körpünü sel aparıb - Sputnik Azərbaycan
HADİSƏ
Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd – Bir bölgədə yağışın fəsadları

Qeyd edək ki, ərazidən keçən Qara çay və Tala çayının daşması nəticəsində rayonun Höytala, Böhtala və Silban kəndlərini su basıb. Sel Böhtala kəndinə gedən piyada körpüsünü aparıb.

Regiona yağan intensiv yağışlar səbəbindən Qapıçay, Qanıx və Tala çaylarının daşması nəticəsində Zaqatalanın Lahıc, Bəhmətli, Muxax, Qaxın Zəyəm, Lələli, Lələpaşa, Qındırğa kəndləri sel suları altında qalıb.

Qax rayonun ərazisindən keçən Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb. Nəticədə Çinarlı kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Qeyd edək ki, Lahıc kəndi ərazisində dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsi Bakıdan Balakənə hərəkət edən sərnişin qatarının yolda qalmasına səbəb olub. 

Qatar Qax rayonu, Qaratala kəndi ərazisindəki Qax-1 stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla gedəcəkləri ünvana göndərilib.

Hazırda bölgədə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində iş aparılır. Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturları prosesə cəlb olunub.

Xəbər lenti
0