Xalq artisti Nazpəri Dostəliyeva

Xalq artistinin "fəlsəfə doktoru" yalanı ifşa olundu

323
(Yenilənib 15:45 19.07.2018)
Komissiyanın aparat rəhbəri Arif Quliyev bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil

BAKI, 19 iyul — Sputnik. Dünən Xalq artisti Nazpəri Dostəliyeva öz "Instagram" səhifəsində fəlsəfə doktoru elmi adını alması barədə xəbər vermişdi.
Xalq artisti paylaşımında qeyd etmişdi ki, onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub.

Az keçmədi ki, tanınmış jurnalist Cavid İsmayıl Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı xəbərlərdə anlaşılmazlıq olduğunu bildirdi. Tarix üzrə fəlsəfə doktoru olan jurnalist qeyd etdi ki, elmi dərəcə diplomu N.Dostəliyevanın paylaşdığı şəkildəki kimi olmur. Cavid İsmayıl müqayisə üçün bu yaxınlarda fəlsəfə doktoru adı alan dostlarının diplomlarının şəklini də təqdim etdi.

Jurnalist, həmçinin bir məsələni də qeyd etdi ki, hər iki diploma baxanda akademik Arif Quliyevin daha Ali Attestasiya Komissiyasının baş elmi katibi olmadığı görünür, yanvar ayından yeni baş katib Tağızadədir. Xalq artistinin paylaşdığı sənəddə möhür olmadığı da aydın görünürdü.

Nazpəri Dostəliyevanın elmi ad alması ilə bağlı yaydığı sənəd
Nazpəri Dostəliyevanın elmi ad alması ilə bağlı yaydığı sənəd

Sputnik Azərbaycan xəbər verir ki, bu gün Ali Attestasiya Komissiyası Xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Komissiyanın aparat rəhbəri Arif Quliyev Lent.az-a açıqlamasında bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: "Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir".

Aparat rəhbərinin sözlərinə görə, o, hələlik baş verənlərlə bağlı gözləmə mövqeyindədir: "Bu haqda hələ Nazpəri xanımla danışmamışam. Mənə elə gəlir ki, yayılan xəbərlərə, bu məsələyə Nazpəri Dostəliyeva da öz narazılığını bildirər. Heç bilmirəm ki, bu məsələdən onun xəbəri var, ya yox. Heç bilmirəm bu necə baş verib. Bircə onu deyə bilərəm ki, Ali Attestasiya Komissiyası bu cür diplom verməyib. Nazpəri Dostəliyevaya elmi dərəcə verilməsi ilə bağlı komissiyada heç söhbət də olmayıb. Mən bir-iki gün gözləyəcəyəm".

"Düşünürəm ki, baş verənlərə Nazpəri xanım da etiraz bildirəcək. Çünki baş verənlər onun adına yaraşan hərəkət deyil. Əgər etirazını bildirməsə, mən də başqa cür hərəkət edəcəyəm. Oradakı imza da saxtadır, mənim deyil. Blankın özü də Ali Attestasiya Komissiyasının blankı deyil. Bizim blankımız, üzərindəki yazı dəst-xəttimiz başqa cürdür" — A.Quliyev vurğulayıb.

323
Teqlər:
fəlsəfə doktoru, elmi dərəcə, Nazpəri Dostəliyeva, Ali Attestasiya Komissiyası, xalq artisti
Əlaqədar
Nazpəri Dostəliyeva: İlhamənin yasında iştirak etməyəcəm!
Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi
Qonorarını ala bilməyən Xalq artisti səhnədə dava saldı
Xalq artisti tərəfindən zorlandığını iddia edən aktrisa aksiyaya başladı
Azərbaycanlı müğənni-aktrisadan şok etiraf: "Xalq artisti mənə təcavüz etdi"
Xalq artisti V Beynəlxalq Muğam festivalıdan gözləntilərini açıqladı