Bakı şəhərinin baş planı yenidən hazırlanacaq

© Sputnik / Murad OrujovВид на Бакинскую бухту
Вид на Бакинскую бухту - Sputnik Azərbaycan
Abunə olmaq
Proses çərçivəsində dünyanın müxtəlif şəhərlərinin baş planları öyrənilərək, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə təhlil olunacaq, onun Azərbaycanda tətbiqi imkanları nəzərdən keçiriləcək

BAKI, 17 iyul — Sputnik. Bakı şəhərinin baş planının hazırlanması prosesi başlayır. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən (DŞAK) məlumat verilib.

Nəsimi rayonu ərazisində çökmüş yol - Sputnik Azərbaycan
HADİSƏ
İddialar var: Bakıda yolun çökməsi nədən baş verib?

Bildirilib ki, Bakı şəhərinin baş planının hazırlanması prosesinin beynəlxalq standartlara uyğun təşkil edilməsi və Bakı şəhərinin baş planının ən uğurlu qlobal təcrübəyə əsaslanaraq tərtib olunması məqsədilə Komitə "Böyük Üçlük" adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən birini – "The Boston Consulting Group" ("Boston Konsaltinq Qrup") şirkətini cəlb edir.

1963-cü ildə yaradılmış "The Boston Consulting Group" şirkəti 50 ölkədə fəaliyyət göstərən 90-dan çox nümayəndəliyi özündə birləşdirən qlobal şəbəkəsi vasitəsilə dünyanın bütün regionlarında dövlət, özəl və qeyri-hökumət sektoruna xidmət göstərir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "The Boston Consulting Group" şirkəti ilə birgə Bakı şəhərinin baş planının hazırlanması işininin iki mərhələdə təşkil edilməsini planlaşdırır. Birinci mərhələdə paytaxt ilə bağlı bugünədək hazırlanmış bütün səhərsalma və ərazi planlaşdırılması sənədlərinin, o cümlədən "Böyük Bakının Regional İnkişaf Planı" və "Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı" layihələrinin təhlil edilməsi nəzərdə tutulur.

Bu mərhələdə mövcud layihələrin aktuallığı yoxlanılacaq, şəhər infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı ehtiyaclar qiymətləndiriləcək, habelə bu sahədə ən uğurlu dünya təcrübəsi və ölkənin inkişaf prioritetləri nəzərə alınaraq Bakının inkişaf konsepsiyası işlənəcək. Bu proses çərçivəsində dünyanın müxtəlif şəhərlərinin baş planları öyrənilərək, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübə təhlil olunacaq, onun Azərbaycanda tətbiqi imkanları nəzərdən keçiriləcək.

Eyni zamanda, birinci mərhələdə Azərbaycan Respublikasının aidiyyatı qanunvericiliyinin, o cümlədən müvafiq şəhərsalma norma və qaydalarının nəzərdən keçirilməsi, təkmilləşdirilməsi zərurətinin dəyərləndirilməsi planlaşdırılır.

Birinci mərhələdə görüləcək bu işlər nəticəsində baş planın hazırlanması prosesinə şəhərsalma və memarlıq planlaşdırılması, abidələrin qorunması, mühəndis kommunikasiya, sosial infrastruktur, ekoloji məsələlər və digər sahələr üzrə yüksək ixtisaslı, peşəkar xarici və yerli təşkilatların və ekspertlərin cəlb olunması üçün müvafiq layihə tapşırıqlarının və tələblərin hazırlanması nəzərdə tutulur.

İkinci mərhələdə Komitə "The Boston Consulting Group" şirkəti ilə birgə birinci mərhələdə müəyyənləşdirilmiş tələblər əsasında nüfuzlu şəhərsalma, memarlıq, mühəndislik şirkətlərini və aidiyyatı ekspertləri əməkdaşlığa cəlb etməklə paytaxtın baş planının işlənməsi prosesini davam etdirərək yekunlaşdırılmasını planlaşdırır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan və ictimai müzakirələr aparıldıqdan sonra Bakı şəhərinin baş planının təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunması nəzərdə tutulur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq baş plan təsdiq olunduqdan sonra 20 il ərzində qüvvədə olacaq.

Xəbər lenti
0