Azərbaycan prezidenti İlham Əliyev

İlham Əliyevdən sərt konkret mesajlar: "Dövlətçiliyə qarşı cinayət törədilib"

1109
(Yenilənib 15:29 13.07.2018)
Prezident: "Son hadisələr göstərir ki, həmin qüvvələrin əlində terrordan başqa heç bir vasitə qalmayıb"

BAKI, 13 iyul — Sputnik. Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanında respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Sputnik Azərbaycan dövlət başçısının mətbuat xidmətin istinadən xəbər verir ki, prezident iclasda bir sıra məsələlər ətrafında danışıb.

Dövlət başçısı deyib ki, Azərbaycanda xalq-iqtidar birliyi var və xalq-iqtidar birliyinə nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilər: "Azərbaycanın müasir tarixi bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edirsə, bu niyyətlərinin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilib. Azərbaycan xalqı sülh, əmin-amanlıq şəraitində yaşayır, qurur. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. İqtisadi, hərbi quruculuq, idman, sosial və digər sahələrdə Azərbaycan sürətlə inkişaf edir".

"Son 15 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Əlbəttə, uğurlarımıza kölgə salmaq, bizə təsir etmək istəyən qüvvələr müxtəlif üsullardan istifadə edirlər. Bizə qarşı yalan, iftira üzərində qurulmuş kampaniyalar aparırlar. Azərbaycan xalqı bu yalanlara, böhtanlara inanmır, öz rəhbərliyinə inanır. Bu il keçirilən prezident seçkiləri bunu əyani surətdə sübut etdi" — İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, xaricdən idarə olunan media tərəfindən də qaralama kampaniyası aparılır: "Bunun da nəticəsi olmur. Özlərini QHT adlandıran bir qrupun kampaniyasının da heç bir təsiri olmadı. Bu gün NATO-nun zirvə görüşü bizim nə qədər yüksək hörmətə malik olduğumuzu sübut etdi. Azərbaycan dünyada böyük hörmətə malikdir. Bizim iradəmizə, siyasətimizə şər qüvvələr təsir edə bilmir".

Ölkə başçısının sözlərinə görə, son hadisələr göstərir ki, həmin qüvvələrin əlində terrordan başqa heç bir vasitə qalmayıb: "Azərbaycan dövləti, məhkəmə orqanları onların haqq, məhkəmə qarşısında cavab verməsini təmin edəcək. Bunun üçün bizim kifayət qədər gücümüz var. Aparılan əməliyyat-axtarış tədbirləri göstərir ki, cinayətkarların bir hissəsi saxlanılıb. Heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Azərbaycan xalqı isə tam əmin ola bilər ki, Azərbaycan bundan sonra da inkişaf, tərəqqi yolu ilə gedəcək. Biz Azərbaycan xalqının xoşbəxt inkişaf yolunu təmin edəcəyik".

Dövlət başçısı iyulun 3-də və 10-da Gəncədə törədilmiş cinayət aktları barəsində də danışıb. Bildirib ki, bu, dövlətçiliyə qarşı törədilmiş cinayətlərdir: "Bu cinayəti törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir. Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir. İslam sülh, mərhəmət dinidir. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Keçən il Azərbaycanda islam həmrəyliyi ili elan edilib".

Prezident qeyd edib ki, bu cinayətkarlar müsəlman deyillər: "Bu cinayətlər cavabsız qalmır. Cinayətkarlar və onların arxasında dayananlar öz məkrli niyyətlərinə çata bilməyəcəklər. Bütün Azərbaycan xalqı bu qanlı cinayəti birmənalı olaraq pislədi, bu cinayəti törədənlərə öz nifrətini ifadə etdi. Azərbaycan dövləti də öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirir. Cinayətkar dəstə zərərsizləşdirilib. Bu cinayətdə iştirakı olanların hamısı məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub".

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı iyulun 3-də sui-qəsd olub, başçı yaralanıb. Törədilmiş terror aktının ardınca Gəncə şəhərində qanunsuz aksiyalar çağışırlar olub. Daha sonra — iyulun 10-u axşam saatlarında bir qrup şəxs Gəncə şəhərinin mərkəzində qanunsuz aksiyaya cəhd edib.

Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda deyilir ki, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 10-da Gəncə şəhərində baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşların yaxından köməkliyi ilə tutularaq istintaqa təhvil verilib.

Polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.

1109
Teqlər:
qüvvə, dövlət, xalq, Azərbaycan Respublikası, İlham Əliyev, terror, prezident
Əlaqədar
Gəncədə polis qatillərindən biri məhv edilib - RƏSMİ
Gəncədə polislərin qətlə yetirilməsi ilə bağlı 9 nəfər həbs olunub
Arzu Nağıyev: “Gəncə hadisələri planlaşdırılmış addımlardır”
Gəncə cinayətkarları kimlərdir: Ana qatili, radikal ünsür, arvadını öldürən şəxs...
QMİ Gəncə hadisələrinə reaksiya verdi