BMT

Dünyada 160 min insana gün işığı bəxş edən missiya Azərbaycana gəlib

31
(Yenilənib 13:15 02.07.2018)
Bu, "Fuji" humanitar missiyasının Azərbaycana humanitar məqsədli 14-cü səfəridir

BAKI, 2 iyul — Sputnik. BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) Azərbaycana yeni təyin olunan nümayəndəsi Quido Ambroso fəaliyyətə başlayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Q.Ambroso tanınmış yaponiyalı alim, "Nansen" qaçqın mükafatının laureatı Doktor Akio Kanainin başçılığı ilə Azərbaycanda səfərdə olan "Fuji" humanitar missiyasının altı nəfər optometrist mütəxəssisindən ibarət heyətini qəbul edib.

Bu, "Fuji" humanitar missiyasının Azərbaycana humanitar məqsədli 14-cü səfəridir. Bu gün başlayan missiya iyulun 11-dək davam edəcək.

Bildirilib ki, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi hər il qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan əhali üçün ödənişsiz göz müayinəsi və eynək paylanışının həyata keçirilməsi üçün aidiyyatı dövlət orqanlarının dəstəyi ilə bu cür missiyalar təşkil edir. Bu il qeyd olunan humanitar fəaliyyət 3-5 iyul tarixlərdə Gəncədə, 6-7 iyul tarixlərdə Şəmkirdə, 9 iyul tarixində isə Bakı şəhərində keçiriləcək. Missiyanın sonunda heyət rəhbərlərinin yüksək vəzifəli dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Məlumata görə, Yaponiyanın "Fuji" humanitar missiyası Azərbaycandakı humanitar fəaliyyətinin yerinə yetirilməsi üçün 2005-ci ildən indiyədək 2,6 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 54 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib. Ümumilikdə, 28 mindən artıq qaçqın, məcburi köçkün və digər həssas qruplardan olan insan BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin aidiyyəti hakimiyyət orqanları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.

Bu il 6 gün ərzində görmə qabiliyyətinin müayinəsi və eynəklərin paylanması zamanı istifadə üçün "Fuji" humanitar missiyası BMT QAK-a 4 min eynək, eyni zamanda görmə və eşitmə ilə əlaqədar digər əşyalar ianə etmiş və 2500-dək məcburi köçkün, qaçqın və digər həssas qruplardan olan insanları müayinə etməyi hədəfə alıb.

Ümumiyyətlə, Tailandda Hind-Çin qaçqınları üçün humanitar fəaliyyətə başladığı 1983-cü ildən indiyədək "Fuji" humanitar missiyası Asiyanın, Avropanın və Afrikanın altı ölkəsinə qaçqınlar, məcburi köçkünlər və digər həssas qruplardan olan insanlar üçün 160 min eynək ianə edib, Azərbaycan da daxil olmaqla bu ölkələrdən dördündə BMT QAK-ın xətti ilə görmə qabiliyyətinin müayinəsi missiyalarını həyata keçirib.

Yaponiyanın "Fuji" humanitar missiyası görmə qabiliyyətinin müayinəsi üzrə yardım missiyası çərçivəsində humanitar təşəbbüsləri BMT QAK və Azərbaycan Hökuməti tərəfindən, həmçinin benefisiarlar tərəfindən daim yüksək qiymətləndirilib. Bu səylər Azərbaycanın üzləşdiyi didərginlik probleminə və BMT QAK-ın işinə anlayış və rəğbət nümayiş etdirir. Azərbaycan Hökumətinin də tövsiyə dəstəyi ilə Doktor Akio Kanai 2006-cı ildə Nansen Qaçqın Mukafatına layiq görülmüş və həmin mükafatdan əldə etdiyi vəsaiti Beyləqan rayonunda məcburi köçkün icması üçün su təchizatı layihəsinin maliyyələşdirilməsinə yönəldib.

BMT QAK milli hökumət qurumları ilə əmədaşlıq şəraitində dünyada olan qaçqınların və məcburi köçkünlərin himayəsi və rifahı üçün beynəlxalq müdaxilələrin idarə olunması və əlaqələndirilməsi vəzifəsini daşıyır. Təşkilat məlumatlılığın artırılmasına və didərginlik problemləri həllini tapana qədər Azərbaycandakı didərgin insanlara dəstək göstərilməsi üçün bütün təşəbbüslərə şərait yaratmağı qarşısına məqsəd qoyub.

31
Teqlər:
"Fuji" humanitar missiyası, Quido Ambroso, QAK, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT, səfər, Azərbaycan
Əlaqədar
Humanitar faciə davam edir: İki gündə yüzdən çox adam ölüb
Rusiya Hələbdə yeni humanitar fasilə tətbiq edir
V Bakı Beynəlxalq Humanitar Forumu başlayıb
​Suriyada mühasirədə olan şəhərə ilk humanitar yardım göndərilib