Marneuli

Həyəcan təbili çalınır: Gürcüstandakı azərbaycanlıların bədbəxtliyinin günahkarı kimdir?

2006
(Yenilənib 21:46 29.06.2018)
Gürcüstanda 187 Azərbaycan məktəbindən cəmi 90-nı qalıb, erməni diasporu isə 140 erməni məktəbini saxlayıb

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 29 iyun — Sputnik. Gürcüstan azərbaycanlılarının icmasının ictimai inkişafının iflası göz önündədir.

Bunu Sputnik Azərbaycan-a Marneuli rayonunun meri Temir Abazovun saxlanmasını şərh edərkən Gürcüstan İnsan hüquqları üzrə Qafqaz Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov deyib.

Sınıqkörpü sərhəd gömrük məntəqəsi
© Official website of President of Azerbaijan Republic

Qeyd edək ki, Abazov Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə (məmur və ya ona bərabər tutulan şəxs və ya şəxslər qrupu tərəfindən törədilmiş alçaldıcı və ya qeyri-insani rəftar) təqsirləndirilir. Abazovu, çəkdirərək Facebook sosial şəbəkəsində yaydığı videoçarxa görə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Həmin videoçarx ictimaiyyət arasında hiddət doğurub. Orada müxalif "Vahid Milli Hərəkat" partiyasının üzvü Elçin Allahverdiyev Bidzina İvanişvilini, Marneuli merini və onun həyat yoldaşını təhqir etdiyi üçün qanundankənar cəzalandırılıb. Naməlum şəxslər onu kamera qarşısında sidiyi ilə üzünü yumağa və öz arvadını təhqir etməyə məcbur ediblər. Bu qanunazidd hərəkətlərdə Abazovun əlinin olduğu ehtimal edilir. İyunun 13-də Gürcüstan prokurorluğu Abazovun saxlandığı barədə məlumat yayıb.

Məmmədov qeyd edib ki, bütün bunları görmək üçün eynək taxmağa ehtiyac yoxdur. Amma aydın deyil ki, niyə məmurlar günahkarı görmək istəmir.

"Gəlin Gürcüstandakı azərbaycanlı icmasının ətrafındakı ictimai həyatla bağlı vəziyyəti analiz edək. Əvvəla, son 25 ildə azərbaycanlı icmasının kompakt yaşadıqları regionda məqsədli şəkildə xoşagəlməz mühit yaradılıb və ictimai təşəbbüssüzlük hökm sürür. İkincisi, bu gün Gürcüstanın azərbaycanlı əhalisi arasında bizə yad olan dəyərlərin təbliği istiqamətində ideoloji iş aparılır. Burada əsas məqsəd azərbaycanlıları öz milli kimliklərindən məhrum edilməsidir. Gürcüstandakı azərbaycanlılar arasında milli kimliyin məhv edilməsi proqramı artıq bəhrə verməyə başlayıb. Faktiki olaraq fəal şəkildə öz kökünü və əslini inkar edən yeni gənclər nəsli yetişməkdədir. Hazırda milli kimliyin süni və yabançı mədəni ideoloji komponentlə fəal şəkildə əvəz edilməsi prosesi gedir" — deyə Məmmədov bildirib.

Onun sözlərinə görə, bu təbliğat istisnasız olaraq mədəniyyət, din, sosial və ictimai həyatın bütün sahələrində gedir. Çox məhdud dünyagörüşlü azərbaycanlılardan ibarət ictimai fəal qrup meydana gəlib ki, onlar yaşadıqları yerdən asılı olmayaraq, azərbaycanlı ruhuna yaxın olan bütün ənənə və dəyərlərin təkzib edilməsi ilə məşğul olurlar. Azərbaycan gənclərinin zehinlərində belə bir zəhərli virus dolaşır ki, Gürcüstanda yaşayan azərbaycanlılar bütün dünyadakı soydaşları tərəfindən qeyd olunan tarixləri qeyd etməməlidirlər. İslam dini və mədəniyyəti gülünc bir şey kimi təqdim olunur. Bu isə öz milli kimliyini itirmiş azərbaycanlı gənclərin əli ilə edilir.

Ekspert əmindir ki, milli şüurun məhv edilməsi, mədəni həyatın inkişafına maneələr, deqradasiya, gənclərin müəyyən bir hissəsinin parçalanması prosesi Azərbaycan icmasının kompakt şəkildə yaşadığı bölgələrdə başlayıb.

"Bu layihənin həyata keçirilməsi onilliklər ərzində davam edəcək. Buna görə də icraçıların (parlamentdə deputatların, ictimai xadimlərin, məmurların, din xadimlərinin) tərkibinin dəyişməsindən asılı olmayaraq, hər şey əsas məqsədə — maksimal dərəcədə öz kökündən uzaqlaşdırmağa, qoparmağa və milli şüuru məhv etməyə yönəlib. Beynəlxalq və yerli ictimai təşkilatların 50-dən çox məruzəsini, hadisələrin zəncirini və nəticələrini araşdırdım. Nəticədə, son 25 ildə Gürcüstandakı Azərbaycan icmasının ətrafında baş verən hadisələrin mənzərəsi ortaya çıxdı. Bu qiymətləndirmələr yuxarıdakı tezislərdən hər hansı birinin mövzusunun formalaşmasına, genişləndirilməsinə və ətraflı öyrənilməsinə kömək edə bilər. Deyilənlərin hər birinin doğruluğunu yoxlamaq üçün mənbələrə, fotoşəkillərə və videomateriallara müraciət edə bilərsiniz və baş verənlərin daha ətraflı təhlilini aparmaq olar" — deyə hüquq müdafiəçisi bildirib.

Məmmədovun sözlərinə görə, bəzi qüvvələr həmin yolla azərbaycanlıların Gürcüstandan emiqrasiyasına nail olmaq istəyirlər. Bu gün Gürcüstanda Azərbaycan əhalisinin birliyini bərpa edəcək və möhkəmləndirəcək təşkilatlar yoxdur. Bu amil icmanı təşkilatlar qarşısında aciz və passiv duruma salır. İcma nümayəndələri arasında əlaqələrin qırılmasında azərbaycanlı məmurların və onların rəhbərlərinin də rolu var. Gürcüstan Müsəlmanları İdarəsi ətrafında da məmurların çirkin oyunları gedir.

O, həmçinin qeyd edib ki, azərbaycanlıların kompakt yaşadıqları ərazilərdəki bütün toponimlər və hidronimlər dəyişdirilir, Tbilisidəki Heydər Əliyev adına Azərbaycan Dram teatrının fəaliyyəti məhdudlaşdırılır, hətta Gürcüstan Aşıqları Təşkilatına hücum edilir. Bütün bunlar mədəni təbəqənin məhvinə yönəlib.

"Bu məmurların çirkin intriqaları icma üçün çox vacib olan "Elat" bayramının keçirilməsinin qadağan edilməsinə səbəb oldu. Onilliklər ərzində ictimai təşkilatların məhv edilməsi və ləğvi istiqamətində iş aparanlar öz məqsədlərinə çatdılar. Hazırda regionda milli azlıqların problemləri ilə məşğul olmağın özü belə təhlükəlidir, hətta bununla özümüzünkülər və hakimiyyətə işləyənlər məşğul olmuş olsa belə" — deyə Məmmədov bildirib.

Ekspertin sözlərinə görə, Temur Abazov guya azərbaycanlıların regionda öz rəhbərlərini özlərinin seçdiyini göstərmək üçün Marneuli rayonunun meri təyin edilib və xoşagəlməz amillər nəticəsində qurbana çevrilib.

O, faktiki olaraq müdafiəsiz qaldı. Onu nə azərbaycanlı deputatlar, nə parlamentdəki hakim partiya müdafiə etdi. Bundan isə maraqlı yerli məmurlar istifadə etdilər. Nəticədə məsələ belə şəkil aldı ki, uzun müddət azərbaycanlıların mer postu uğrunda mübarizə aparmaq arzusu arxa plana keçməli olacaq. Elə bütün baş verənlərdə əsas məqsəd də buna nail olmaq idi.

Məmmədov onu da qeyd edib ki, Gürcüstanda sistemli olaraq azərbaycandilli təhsil məhdudlaşdırılır, azərbaycanlıların öz ana dillərində təhsil aldıqları məktəblər mərhələli şəkildə bağlanır.

"Bir sözlə, savadsızlaşdırma prosesi gedir. Biz azərbaycandilli məktəbəqədər uşaq bağçalarının tamamilə yox olma həddindəyik. Gələcəkdə məktəblərdə dərs deyəcək müəllim kadrların hazırlanması prosesi aradan qaldırılır. Yaxın vaxtlarda Azərbaycan məktəbləri kadr çatışmazlığı ucbatından bağlanacaq. Erməni diasporu isə bu problemlərə qarşı dirəniş göstərir və bütün problemlərini uğurla həll edir. Gürcüstanda 187 Azərbaycan məktəbindən cəmi 90-nı qalıb. Müqayisə üçün deyək ki, erməni diasporu 140 erməni məktəbini saxlayıb. Bütün bunlarla yanaşı, azərbaycanlıların gələcəyi heç kəsin vecinə deyil" — hüquq müdafiəçisi bildirib.

O qeyd edib ki, məktəb və məktəb kollektivlərini dəstəkləmək məqsədilə yaradılmış ictimai təşkilatlar fəallıq nümayiş etdirmirlər. Bəzi təşkilatlar müəllimlər üçün çap vəsaitlərinin bərpasına cəhd edir. Lakin artıq gecdir. Erməni diasporu bu məsələdə xeyli şanslıdır. Ermənistanda Gürcüstandan və hətta Abxaziyadan olan müəllimlərə kvota ayrılıb. Orada 30-dan çox erməni məktəbi fəaliyyət göstərir.

"Hansı inkişafdan danışmaq olar ki, azərbaycanlıların adından parlamentə gürcü dilini bilməyən və milli məktəblərin bağlanması üçün təbliğat aparan Mahir Dərziyev deputat seçilir?" — deyə Məmmədov soruşur.

Onun sözlərinə görə, müstəqillik dövründə Gürcüstan parlamentinə Azərbaycan icmasından 24 nəfər deputat seçilib. Onlardan 20-si dövlət dili olan gürcü dilini bilmir. Aydındır ki, deputatlar seçilən zaman onların son siyasi proseslərdə və Gürcüstanın ictimai həyatında fəallıq göstərib-göstərməməsi nəzərə alınırdı. Azərbaycanlı deputatların fəaliyyətsizliyinin başlıca səbəbi iqtisadi asılılıq və Gürcüstandakı daşınmaz əmlakını itirmək qorxusudur. Bütün regionlarda müxtəlif dərəcəli məmurlar gəlirlər və gedirlər. Yalnız azərbaycanlıların regionlarında eyni məmurlar qalırlar. Azərbaycanlı deputatların avtoriteti maksimal səviyyədə devalvasiyaya məruz qalıb. Azərbaycanlı məmurların heç biri effektiv inteqrasiyadan söhbət açmır, lakin fəal surətdə assimilyasiya siyasəti aparırlar. Bu amil, azərbaycanlı icmasını xarici təşkilatların qarşısında aciz və passiv duruma gətirir.

Xatırladaq ki, Tbilisidə keçirilən etiraz aksiyaları zamanı Marneuli (Kvemo Kartli regionu) sakini Elçin Allahverdiyev hakim "Gürcü arzusu – demokratik Gürcüstan" partiyasının rəhbəri, milyarder Bidzina İvanişvili və Marneuli meri Temur Abazovun ünvanına senzuradankənar ifadələr işlədib.

Gürcüstan prokurorluğunun yaydığı məlumata görə, "Parlament üzvü Azər Süleymanov Elçin Allahverdiyevdən sosial şəbəkədə canlı yayımlanan videomüraciəti kimin sifarişi ilə etdiyinə dair izahat tələb edib. Nəticədə Azər Süleymanov, Ramin Allahverdiyev (Marneuli rayon şurasının hakim partiyadan olan deputatı) və vətəndaş E.Q. Elçin Allahverdiyevi fiziki cəhətdən təhqir ediblər.

Prokurorluğun məlumatına görə, hadisə Milli Hərəkatın ofisində baş verib. Daha sonra Elçin Allahverdiyevi restoranlardan birinə gətiriblər. Orada onu mer Abazov gözləyib. Abazov burada onun üzünə tüpürüb və onu vurub. Sonra isə ondan tələb edib ki, internetdə canlı yayıma qoşularaq əvvəllər verdiyi bəyanata görə üzr istəsin və öz arvadını təhqir eləsin. Hər şey onunla bitib ki, Elçin Allahverdiyevi kamera qarşısında öz sidiyi ilə yuyunmağa məcbur ediblər.

2006
Teqlər:
Marneuli rayonu, mer, qanunsuzluq, problem, Gürcüstan, azərbaycanlı
Əlaqədar
Azərbaycanlı icra başçısı həbs edildi
Gürcüstanda azərbaycanlı icra başçısı seçilib
Arxeoloji qazıntılar, arxiv şəkli

Yeddi min ilin sirri - Polşada qədim xəndəklər aşkar edilib

4
(Yenilənib 23:51 06.07.2020)
Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

BAKI, 7 iyul — Sputnik. Arxeoloqlar qrupu Polşanın şimalında naməlum mənşəli xəndəklər sistemi aşkarlayıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, tədqiqatlarla müəyyən edilib ki, hündürlükdən onlar tək şəkil kimi görünürmüş.

Xəndəklər ilk dəfə "Google Maps" və "Google Earth" xəritələrinin köməyi ilə gözə çarpıb. Alimlərin fikrincə, obyektlərin 7 minə yaxın yaşı var.

Polşada daha əvvəl buna bənzər tapıntı aşkarlanmayıb. Ancaq Slovakiyada, Çexiyada, Macarıstanda və digər ölkələrdə buna bənzər çıxıntılar - quruluşlar hələ də qalıb.

Xəndəklər bir mərkəz ətrafında oval şəklində qazılıb və bəzi yerlərdə torpaq "körpülər" qorunub saxlanılıb.

Xəndəklərin eni üç metr, dərinliyi iki metrdir. Ən böyüyünün diametri 85 metr təşkil edir. Yəqin ki, qədim tayfalar onları sümük alətlərinin köməyi ilə qazıblar, bu da çox səy və vaxt tələb edib. Arxeoloqların sözlərinə görə, gil torpaqlarda müasir avadanlıqlarla belə qaıntı aparmaq çətindir.

Elm adamları bu quruluşların ritual məna kəsb etdiyini düşünürlər. Ancaq burada hansı ayinlərin keçirildiyi hələ müəyyən edilməyib. İçəridə olan qədim kömür izləri burada hansısa tikilinin olduğunu və sonradan yandığını sübut edir.

4
London, arxiv şəkli

Fərdi sanksiyalar! Britaniya rusiyalılara səudiyyəlilərə qarşı "müharibəyə" başlayır

3
(Yenilənib 23:01 06.07.2020)
Bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq.

BAKI, 6 iyul — Sputnik. Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab bazar ertəsi "Maqnitski düzəlişi" çərçivəsində insan hüquqlarının pozulmasına görə barəsində sanksiyalar tətbiq ediləcək Rusiya və Səudiyyə Ərəbistanı vətəndaşlarının adlarını açıqlayacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" qəzeti nazirin özünə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bəzi rusiyalılara Birləşmiş Krallığa daxil olmaq qadağan ediləcək və onların Britaniya banklarındakı hesabları dondurulacaq. "Financial Times" yazır ki, sanksiya siyahısında "işgəncə icraçılarının, qatillərin və təcavüzkarların" adları olacaq.

Raabın qara siyahısına, Londonun fikrincə, 2009-cu ildə hüquqşünas Sergey Maqnitskinin ölümündə əli olan şəxslərin adları da daxil ediləcək. Nəşrin məlumatına görə, sanksiyalar dərhal qüvvəyə minəcək.

Qəzetin yazdığına görə, siyahıda müxalifətçi jurnalist Camal Qaşıqçının öldürülməsində əli olduğu şübhəli bilinən Səudiyyə Ərəbistanı təbəələrinin də adları olacaq.

3