BAKI, 14 iyun — Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının 25-ci ildönümü və Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik bayramı keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bayram tədbiri "Milli Qurtuluşdan Zəfərə doğru" devizi altında baş tutub.
Tədbirdə Milli Məclisin üzvləri Kamran Nəbizadə və Ülviyyə Ağayeva, Müdafiə Nazirliyinin şöbə rəisi, general-mayor Rasim Əliyev, ziyalılar, rəssamlar, yazarlar, media nümayəndələri, incəsənət xadimləri, həmçinin rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə tər gül dəstələri qoyub, öz ehtiramlarını bildiriblər.
Daha sonra Azərbaycan ordusunun ilk qurucularından olan general-mayor Cavad bəy və polkovnik Rüstəm bəy Şıxlinskilərin yaşadıqları evə vurulmuş xatirə lövhəsinin açılış mərasimi olub.
Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani açılış mərasimində çıxış edərək Cavad və Rüstəm Şıxliniskilərin ordu quruculuğundakı xidmətlərindən danışıb. Həmçinin ilk general rütbəsini almış Süleyman Əfəndiyevin həyatından söz açıb. Bildirib ki, yaxın günlərdə onun adının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüləcək.
İlk dəfə hərbi geyim geyinmiş süvari əsgərlərin tədbirə qatılması isə iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, bütün qazaxlıları möhtəşəm bayram münasibətilə səmimi qəlbdən təbrik edib. Keçirilən tədbirin qazaxlıların yaddaşında uzun müddət silinməz izlər buraxacağını qeyd edib.
Daha sonra tədbirin qonaqlarına söz verilib. Çıxış edənlər yüksək səviyyədə belə bir tədbirin təşkil olunmasına görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Bu cür tədbirlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət daşıdığını vurğulayıblar.
Möhtəşəm bayram tədbirində Vətən uğrunda canından keçmiş igid oğul və qızlarımızın da xatirəsi yad edilib, ruhlarına dua oxunub. "Fəxri qazaxlılar" parkı ilə tanış olduqdan sonra qonaqlar Şəhidlər Xiyabanına baş çəkərək memorialın önünə gül dəstələri qoyaraq şəhidlərə ehtiramlarını bildiriblər.
Daha sonra bayramsayağı bəzədilmiş Mədəniyyət Mərkəzinin qarşısında "Milli Qurtuluşdan Zəfərə doğru" devizi altında keçirilən bayram tədbirinə start verilib.
Tədbirin aparıcıları bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsini, ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışının 25 ilinin tamam olmasını, Bakı şəhərinin erməni bolşeviklərindən azad edilməsinin 100 ilinin tamam olmasını xalqımız üçün əsl bayram olduğunu qeyd ediblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra Dövlət Himni səslənib.
"Azərbaycan fanfarası" hərbi orkestr tərəfindən ifa olunub. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, hakimiyyətə gəldiyi anları, xalqla görüşlərini, Azərbaycan xalqı naminə göstərdiyi misilsiz xidmətləri, ordu quruculuğu sahəsindəki əldə edilən nailiyyətləri özündə əks etdirən kadrlar monitor vasitəsilə nümayiş etdirilib.
Sonra səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib. Tədbir "Vətən marşı"nın sədaları ilə başa çatıb.
Qədim abidələrin rast gəlindiyi Suraxanı və Əmircan qəsəbələri Abşeronda ən maraqlı yerlərdən sayılır. Burada zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə olunan Atəşgah məbədi var. Suraxanı qəsəbəsinin adı toponim kimi iki komponentdən ibarətdir: surax - fars və tat dillərində çala, çuxur, xanı isə mənbə, qaynaq deməkdir.
Suraxanı həmçinin neft ənənələri ilə tanınır - burada 1857-ci ildə iş adamı Vasili Kokorev tərəfindən dünyada ilk Neftayırma Zavodu tikilib.
Əmircan qəsəbəsinin ərazisində Abşeronun ən gözəl məscidlərindən biri - Murtuza Muxtarov məscidi yerləşir. Məscid XX əsrin əvvəllərində Bakı milyonçusu M.Muxtarov tərəfindən inşa edilib.
Bu məsciddən bir az kənarda daha bir memarlıq abidəsi - XIV əsrə aid Nizaməddin məscidi var. Hazırda məsciddə rekonstruksiya işləri aparılır.
Bundan əlavə, qəsəbədə dini məbədlər, onlardan biri Səkinəxanım seyid Saleh qızı Piridir. Burada din xadimlərinin məzarları var.
Əmircan qəsəbəsində tanınmış azərbaycanlı yazıçı və mütəfəkkir Abbasqulu ağa Bakıxanov doğulub. Onun yaşadığı ev hazırda muzeydir.
Sputnik Azərbaycan-ın fotolentində Suraxanı və Əmircan qəsəbələrinin bu və digər tarixi abidələrini izləyə bilərsiniz.
Atəşgah məbədi.
Atəşgah məbədi.
Atəşgah məbədinin divarında sanskrit dilində yazı.
Əmircanda Murtuza Muxtarov məscidi.
Əmircanda Murtuza Muxtarov məscidi.
Məsciddə indiyə qədər Murtuza Muxtarovun məzarı saxlanılır.
Əmircan qəsəbəsində məscid.
Əmircan qəsəbəsinə mənzərə.
Murtuza Muxtarov məscidi (Qoşaminarəli məscid).
Qoşaminarəli məscidinin minarəsindən Əmircana mənzərə.
Abbasqulu ağa Bakıxanovun ev-muzeyi.
Suraxanı qəsəbəsinə mənzərə.
1904-1905-ci illərdə tikilən Binyət Əli məscidi.
Əmircan qəsəbəsində XIV əsrdə yonulmuş əhəng daşından tikilən Nizamədin məscidi.
Səkinəxanım seyid Saleh qızı Piri.
Əmircan qəsəbəsində dini xadimin məzarı.
Qəsəbədə bir çox evlərdə ərəb dilində yazılar qalıb.
Bakının Əmircan qəsəbəsində məhəllə.
Əmircan qəsəbəsində müsəlman məbədi.
BAKI, 2 mart - Sputnik. Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 28-də keçirilmiş qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, imtahan nəticələri ilə buradan tanış olmaq olar.
Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 19885 bakalavrdan 256 nəfəri imtahana gəlməyib. 3 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub. İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 96 bal olub. Xatırladaq ki, ötən il də ən yüksək göstərici 96 bal olub.
Bakalavrların imtahan nəticələrinə əsasən bu il median göstəricisi 47.57 bal olub. Bu o deməkdir ki, imtahan iştirakçılarının yarısı (9810 nəfərdən çox) bu göstəricidən daha yuxarı, qalan yarısı isə daha aşağı bal toplayıb. Median göstəricisinin 48 bala yaxın olması imtahanda təqdim olunan test tapşırıqlarının bakalavrların bilik səviyyəsinə uyğun olmasını deməyə əsas verir.
Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
İxtisaslaşma seçimi “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli” ilə tənzimlənir (həmin cədvəl “Magistr” jurnalının növbəti sayında dərc ediləcəkdir).
İmtahan nəticələri ilə əlaqədar Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 3-4 mart tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.
Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.