Zeynəb Xanlarova - xalq artisti, millət vəkili

“Qalmaz belə, qalmaz dünya”: Kim kimin haqqına girir?

789
(Yenilənib 17:19 17.05.2018)
Ümid edirik ki, fakt araşdırılacaq və bütün hallarda həqiqət qalib gəlmiş olacaq

Rumiyyə MİRASLAN, Sputnik Azərbaycan

BAKI, 16 may — Sputnik. Yaddaşımıza əbədi həkk olunan, bir ömür bizi tərk etməyən musiqilər var. Bir qədər əhvalımız təlx olanda, dünyanın dərdi çiynimizə ağırlıq edəndə bizə həmdərd olan, ağrılarımızı ovudan, yeri gələndə onlara qalib gələn sirli-sehrli mahnılar. Belə musiqilərdən biri də canlı əfsanə Zeynəb Xanlarovanın şaqraq səsindən sevə-sevə dinlədiyimiz, ruhumuza yağ kimi yayılan "Qalmaz belə, qalmaz dünya"dır. 

"Qalmaz belə, qalmaz dünya" oxunanda təkcə Zeynəb xanım, Azərbaycan Dövlət Televiziyasının bayram buraxışları yada düşmür. Bu yanğılı, sehrli misraların müəllifi Zakir Fəxri də xatırlanır. Daha dəqiq desək, Zakir Fəxri deyəndə, ilk ağla gələn "Qalmaz belə, qalmaz dünya" olur. Bu şeir sanki onun "vizit kartı"na çevrilib. 

Şeir necə "doğulub"?

Bəlkə də çoxları elə bilir ki, Zakir Fəxri bu şeiri Qarabağ hadisələrinə həsr edib. Axı şair özü də qarabağlı — ağdamlıdır. Ancaq bu, heç də belə deyil. Çünki şeir Qarabağ hadisələrindən öncə yazılıb. Z.Fəxri özü də bu barədə bir neçə dəfə mətbuata açıqlama verib: "O şeir Qarabağ hadisələrindən qabaq yazılıb. Hələ proses təzə başlayanda, ara qarışanda, dünyanın ədalət tərəzisi təzə-təzə əyiləndə, yəni hərəkat illərində… Misranın da orijinalı belədir: "Qara qızıl qara bəxtim"".

Şeir ilk dəfə 1988-ci ildə "Ulduz" jurnalında "Aşıq Әdaləti dinləyərkən" epiqrafı ilə çap olunub. Z.Fəxri bu barədə belə deyir: "O vaxtlar tez-tez Qazaxa — Səməd Vurğunun muzeyinə gedirdik, orada Әdalət bizim üçün "Yanıq Kərəmi" çalırdı. Elə o ərəfələrdə həmin çalğılardan təsirlənib, belə bir şeir yazdım: "Ağlama, Yanıq Kərəmi; Qalmaz belə, qalmaz dünya".

Qarabağ hadisələri başlayan vaxt isə "Qarabağ", "Yaşayacaq Azərbaycan", "Yaşa, mənim xalqım", "Anam mənim", "Yol verin, əsgər gəlir",, "Ağlama, Sevda", "Gilavar" kimi mahnıların müəllifi bəstəkar Rauf Məmmədov həmin şeirin bir misrasında xırdaca dəyişiklik edərək musiqiyə çevirib. Zeynəb Xanlarovanın ifası isə mahnıya populyarlıq qazandırıb.

"Zakir Fəxri şeiri satın alıb" iddiası 

Şeir adam kitabı
© Photo : Şəxsi arxiv

Yazımın bu hissəsi barədə bəlkə də, çoxunun məlumatı var. İndi isə çoxlarının bilmədiyi, bəzilərinin isə bilib, ancaq susduğu mətləbə keçmək istəyirəm. Əvvəlcədən qeyd edim ki, bu barədə mənə Zakir Fəxrinin yaxın dostu olmuş bir həmyerlimiz məlumat verib. Müəyyən səbəblərdən adının açıqlanmasını istəmədiyi üçün mən də istəyinə hörmətlə yanaşmağa məcburam.

Bir dəfə sosial şəbəkədə bir mahnının tarixçəsi barədə müzakirə gedirdi. Müzakirələrdə iştirak edən həmin həmyerlimiz mənə Kərim Nalə adlı bir şair haqqında məlumat verdi. Bir xeyli danışdıqdan sonra onu da qeyd etdi ki, hətta Zakir Fəxrinin "Qalmaz belə, qalmaz dünya" şeiri də Kərim Naləyə məxsusdur. Vurğuladı ki, bu barədə ölkədə kifayət qədər tanınan bir neçə ədəbiyyat və incəsənət nümayəndəsinin də məlumatı var. Sadəcə onlar da Z.Fəxri ilə dostluq münasibətlərinə görə susurlar.

Həmsöhbətimin dediyinə görə, səfil həyatı yaşayan Kərim Nalə şeirlərini pul qarşılığında müxtəlif şəxslərə satırmış. O cümlədən də "Qalmaz belə, qalmaz dünya" şeirini Z.Fəxriyə satıb. İddiaya görə, K.Nalə şeiri Z.Fəxriyə verərkən şeirin birinci bəndini özündə saxlayıb. Verdiyi şeir isə 4 bənddən ibarət olub və belə başlayıb:

"Sığınar bir xəlvət döşə,
Qorxar bəxti bəndə düşə.
Boynunu bükmə, bənövşə,
Qalmaz belə, qalmaz dünya".

Və elə Z.Fəxri də şeiri kitabına bu formada, 4 bəndlə daxil edib. Ancaq üstündən xeyli müddət keçəndən sonra K.Nalə ona şeirin birinci bəndi də verib. Z.Fəxri şeiri ikinci dəfə kitaba salanda şeir belə başlayıb:

"Bığ yeri tərləyən igid,
İçində çərləyən igid,
Girəvə hərləyən igid,
Qalmaz belə, qalmaz dünya".

Həmsöhbətimiz onu da vurğulayıb ki, K.Nalə bu şeiri cəmi on manata satıb: "Kərim Naləni cəmi bir dəfə görmüşəm. Yaşayıb-yaşamadığını isə dəqiq bilmirəm. Özü ilə bu barədə heç bir diskussiyam olmayıb. Mənim şübhəmi dəqiqləşdirmək üçün bu sualı ona məşhur bir aktyorumuz verib. Kərim Nalə isə inkar etməyib, təsdiq etməsə də. K.Nalə o aktyorun sualına eynən belə cavab verib: "Zakir yaxşı oğlandı, ona hər şey halaldı".

Müsahibimin dediyinə görə, o, bu haqsızlığa Zakir Fəxri övladını vaxtsız itirdiyi üçün susub: "Zakir mənim dostumdur, yaradıcılığına hörmətim var. Ancaq oğlunun ölümünə qədər bu mövzuya çox toxunurdum və ortaq dostlarımızın bəzisinə bu barədə demişdim. Çünki bu durumu ədalətsizlik hesab edirdim. Oğlunun faciəvi vəfatından sonra o, xeyli sarsıntı keçirdi, ruh halı pozuldu. Ondan sonra mən bu barədə susdum. Özümə söz verdim ki, bu barədə heç kimə heç nə deməyəcəm, Zakir bəy özü etiraf etməyənə qədər. Etiraf etməsə də, ən azı biz rahat olarıq ki, heç kimin haqqına girmədik".

Aldığım bu məlumatlardan sonra bəlkə Zakir Fəxri etiraf edər deyə, heç bir müəllif adı çəkmədən bir yazı hazırladım və çalışdığım saytda yayımladım. Az keçmədi ki, Zakir bəy əsəbi halda, saytın rəhbərliyinə zəng edərək yazını saytdan çıxartdırdı.

Kərim Nalə kim idi?

Ancaq mən boş durmadım, aldığım bu məlumatın mənə rahatlıq vermədiyindən həm Kərim Naləni, həm də bu barədə məlumatı olanları araşdırmağa başladım. Təəssüflər olsun ki, həm K.Nalənin artıq vəfat etdiyini öyrəndim, həm də çoxları bu barədə məlumatlı olsalar da, danışmaqdan imtina etdilər. Məlumatı təsdiq etsələr də, müəyyən səbəblərə görə adlarının açıqlanmasını istəmədilər. Və sualıma sadəcə belə bir sualla cavab verdilər: "Zakir Fəxrinin ondan başqa hansısa uğurlu şeirini göstərə bilərsənmi?" Sanki bu sualla mənə dedilər ki, "axtar!".

Kərim Nalə ilə bağlı virtual axtarış aparanda qarşıma çox maraqlı məqamlar çıxdı. Öyrəndim ki, yazar-jurnalist Kənan Hacı Kərim Nalə ilə sağ ikən görüşüb, həmsöhbət olmaq istəyib. Qəribə görünüşlü Nalə jurnalistə elə belə də cavab verib:

"Ay cavan oğlan, ünvanı səhv salmısan sən…Mən səninlə söhbət edə bilmərəm, dediklərimi gedib qəzetə yazsan, ölkə dağılar. Bəxtiyar Vahabzadə bütün şeirlərini məndən oğurlayıb! Bunu yaza bilərsən? Yaza bilməzsən".

Kərim Nalə haqqında danışanda çoxları deyir ki, o, sanki şeirin azdırılmış ritmi, 90-cı illər poeziyasının qırılmış simi idi. Ömrünün son illərini qorxunc, vahiməli görkəmdə gəzən Nalə qoltuğunda həmişə saralmış, çirkli kağızlarla dolu qovluq daşıyırmış. Pırtlaşıq saçları, üzünün qırışlarını bir az da dərinləşdirən saqqalı, tökülmüş əyin-başıyla ətrafdakıların diqqətini cəlb edən bu şair çox vaxt şəhərin küçələrini özüylə danışa-danışa dolaşırmış. Nalənin hansı səbəblərdən o vəziyyətə düşdüyü, həmçinin "Nalə" təxəllüsünün sirri isə başqa bir yazının mövzusudur deyə yazmıram.

Kərim Nalənin vaxtilə ədəbi jurnallarda xeyli şeirləri çap olunub. O cümlədən "Azərbaycan" jurnalının 80-ci illər saylarında da onun şeirlərinə rast gəlmək olar. Nalə daha çox o dövrdə çoxlarına qəribə gələn modern üslubda, eksperimental xarakterli şeirlər yazıb.

K.Nalə haqqında şair Qəşəm Nəcəfzadənin də bir xatirəsi var: "Bir dəfə Kərim Nalə Azərbaycan nəşriyyatına gəlmişdi. Mənə dedi: "Sən burda işləyirsən?" "Hə" — dedim (Onda mən "Mədəniyyət" qəzetində işləyirdim). O, bir vərəq çıxartdı, xəttini göstərib dedi ki, "Mən əlyazmalarımı itirmişəm, birdən bura gətirib öz adına çap etdirən olar?! Ona bax, bu xətlə, tutuşdur, o saat mənə xəbər ver". Sonra üzünü nəşriyyata gələnlərə tutub yavaş səslə mənə dedi: "Mən əlyazmalarımı itirəndən bəri nəşriyyata gəlib-gedənlərin sayı yaman çoxalıb".

Şair Kərim Naləyə rejissor İlqar Nəcəfi 2001-ci ildə "Bir qoca var" adlı sənədli film həsr edib. Filmdə "Necə dolanırsan?" sualına "Xalq məni saxlayır. Amma onlar da nə qədər hörmət edər. İndi hamının vəziyyəti ağırdır. Onlar boğazlarından kəsib mənə köməklik edirlər", — deyə cavab verir K.Nalə.
İ.Nəcəfli özü isə şairlə bağlı bunları deyir: "Kərim demək olar ki, şeirlərini kağıza yazmırdı. Necə ki, Səttar Bəhlulzadə bir çox rəsmlərini adi kağıza və yaxud vərəqə çəkib atırdı. O əsərləri biz heç vaxt görməyəcəyik. Ola bilər ki, o rəsmlərin arasında onun şah əsəri də olub, kim bilir? Kərim də tərk edilmiş insan idi, ruhunun səsini kağızlara köçürmürdü. Şerlərini ürəyində gəzdirirdi".

Bütün deyilənlər, K.Nalənin yaşadığı səfil həyatı şairin beyninin, ürəyinin məhsulu olan şeirlərini satma ehtımalını daha da artırır. Kimsəyə möhtac olmaqdansa, şeir satıb dolanması ilə bağlı deyilənlər ağlabatan görünür.

Şeir adam kitabı
© Photo : Şəxsi arxiv

Bəs indi nə etməli, bunu necə araşdırmalı, Kərim Nalənin satdığı, həmçinin oğurlanmış şeirlərini necə müəyyən etməli?

Bildiyimiz kimi, ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına (əqli mülkiyyətin qorunmasına) və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda milli müəllif-hüquq institutunun yaradılmasına başlanılıb. 1995-ci ildə qəbul edilmiş ölkə Konstitusiyasında ilk dəfə olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları (30-cu maddə) təsbit olunub, Azərbaycanda ilk dəfə olaraq "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun (1996) qəbul edilib. Prezident İlham Əliyevin 30 avqust 2005-ci il tarixli 287 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi" yaradılıb. Ölkə başçısının 20 aprel 2018-ci il sərəncamı ilə isə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi təsis edilib.

Agentlik tərəfindən müəlliflik hüququ ilə qorunan obyektlər, o cümlədən ədəbi əsərlər qorunur. Agentlik mübahisəli hallarda müəlliflər və digər hüquq sahibləri ilə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların münasibətlərini tənzimləyir, bu ictimai birliklərin təmsil etdikləri müəlliflərin və digər hüquq sahiblərinin ərizə və şikayətlərinə baxır, istifadəçilərlə bağlı yaranan mübahisəli hallarda əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyət dairələrini öz səlahiyyətləri daxilində müəyyənləşdirir.

Ancaq "Qalmaz belə, qalmaz dünya"nın müəllifi olduğu iddia edilən Kərim Nalə həyatda olmadığı üçün bu barədə hər hansı iddia qaldırmaq mümkün deyil. Belə olan halda başqa bir sual meydana çıxır. Əqli Mülkiyyət Agentliyi tərəfindən həyatda olmayan, öz əsərinə iddia edə bilməyənlərin hüquqları necə qorunur? Həmçinin əsərinə iddia etməyənlərlə bağlı mövcud qanunlarda nələr nəzərdə tutulur?

Mövcud Qanunda bu barədə nə deyilir?

Hüquqşünas Vamiq Hüseynov bildirir ki, mövcud qanunvericiliyə əsasən, müəllifin müəyyən hüquqlarını vərəsələri qoruya bilərlər. Belə ki, müəllifin şəxsi hüquqlarının qorunmasını — əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); əsərinin mənasının dəyişilməsinə, təhrif olunmasına və müəllifin şərəf və ləyaqətinə xələl gətirən hər hansı başqa hərəkətlərə qarşı çıxmaq hüququ (şöhrətinə hörmət edilməsi hüququ); istifadədən götürmək də daxil olmaqla, əsərinin istənilən formada açıqlamaq və ya açıqlanmasına icazə vermək hüququ (açıqlama hüququ) həyata keçirə bilər.

Əqli Mülkiyyət Agentliyinin Əqli mülkiyyət obyektlərinin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli isə bildirir ki,"Azərbaycan Respublikasının "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanununa əsasən, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, əsəri yaradan müəllifin bütün həyatı boyu və onun ölümündən sonrakı ilin əvvəlindən başlayaraq 70 il müddətində qüvvədə qalır. Əgər müəllif həyatda deyilsə, həmçinin hüquqlarını qorumağa vərəsələri yoxdursa, bu işi Agentlik özü görür. Mübahisəli hallar ortaya çıxdıqda Agentlik əvvəlcə araşdırma aparır. Əsərin başqa bir şəxsə məxsus olması barədə təsdiq edici sənədlər (əsərin qeydiyyatı haqqında şəhadətnamə, əlyazma, əsərin iddia edən şəxsin adı altında dərc olunması və s.) olduğu və hər hansı müəllif hüququnun pozulması faktı aşkarlandığı təqdirdə, məsələnin məhkəməyə qədər həlli mümkün olmadıqda, mübahisəni məhkəmə yolu ilə həll olunur. Əks halda, yəni pozulmuş müəlliflik hüququnun bərpası üçün kifayət qədər təsdiq edici sənədlər olmasa məhkəmə iddianı qəbul etməyə bilər.

Ümid edirəm ki, bu yazıdan sonra Kərim Nalənin həyatda olan varisləri Əqli Mülkiyyət Agentliyinin "Qalmaz belə, qalmaz dünya" ilə bağlı lazımi araşdırma aparması üçün müraciət edəcəklər. Əgər həqiqətdirsə, Kərim Nalənin tapdanmış hüquqları bərpa olunacaq. Yox, əgər həqiqət deyilsə, sadəcə kimlərinsə şəxsi münasibətlərindən doğan uydurmadırsa, bu məsələdə Zakir Fəxrinin haqlı olduğu sübut ediləcək. Hər iki nəticədə də haqq qalib gəlmiş olacaq.

Qeyd: Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) jurnalistlər arasında "Mediada müəllif hüquqları: rəqəmsal mediada müəllif hüquqlarını necə qorumalı?" mövzusuna dair çap və elektron məqalələrin müsabiqəsi üçün nəzərdə tutulub.

789
Teqlər:
Əqli Mülkiyyət Agentliyi, Müəllif Hüquqları Agentliyi, Bəxtiyar Vahabzadə, Kərim Nalə, Zakir Fəxri, Zeynəb Xanlarova, şeir, musiqi, mahnı
Əlaqədar
Bakıda keçiriləcək mahnı müsabiqəsinə 150 min manat xərclənəcək
Elnur "Eurovision 2015" mahnı müsabiqəsinin final mərhələsində
Abşeronda mahnı üstündə "zakaz" davası düşdü, müğənni bıçaqlandı
Vətəndaş həmrəyliyinə nail olmaq istəyən şair

Həqiqəti tapmaq: "Feyk-nyus"la necə mübarizə aparmalı

3
Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu pandemiya ilə əlaqədar fasilədən sonra SputnikPro təhsil qrupunun işini bərpa edib. Yeni modulun mövzusu feyk-nyus və onunla necə mübarizə aparılması olub.

Bazar ertəsi, iyulun 26-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası keçirilib.

"Feyk-nyus barədə qəşəng və maraqlı fikirlər" mövzusunda ustad dərsini RİA Novosti-nin "İnanmıram!" (Не верю!) antifeyk resursunun aparıcıları Natalya Şaşina və Artyom Buftyak verib.

SputnikPro layihəsi çərçivəsində keçirilən "Müasir jurnalistika üçün faktçekinq texnologiyaları" adlı ustad dərsinin spikeri isə Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir olub.

Son zamanlar sosial şəbəkələrdə, bəzən isə KİV-lərdə də yalan məlumatların yayılması geniş vüsət alıb. Blogerlərin sayının artması, habelə koronovirus pandemiyası sosial şəbəkələrdə işıq sürəti ilə yayılan şayiə və feyklərin sayını artırıb.

İnternet məkanında yayılan mif və feyklərin əsas mövzusu peyvəndləmə və bununla əlaqədar məsələlər olub.

Ustad dərsində ekspertlər iştirakçılara sosial şəbəkələrdə və onlayn KİV-lərdə yalan məlumatları və feykləri necə effektiv şəkildə aşkara çıxarmaq metodları və üsulları, habelə hansı mənbələrə etibar edib-etməmək barədə danışıblar.

SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

Bu maarifçilik layihəsi ilə bağlı yenilikləri aşağıdakı "Facebook" səhifəsindən izləmək olar: https://www.facebook.com/SputnikProject/

Foto:

Sputnik Azərbaycan mətbuat mərkəzində keçirilən görüşdə jurnalistlərə feyk xəbərlərin hansı şablonlar üzərində yaradıldığı və bir çox məşhur feyklərin yaranmasının səbəbləri barədə danışılıb.

"Feyk-nyus barədə qəşəng və maraqlı fikirlər" mövzusunda ustad dərsini RİA Novosti-nin "İnanmıram!" (Не верю!) antifeyk resursunun aparıcıları Natalya Şaşina və Artyom Buftyak danışıblar.

SputnikPro layihəsi çərçivəsində Sputnik Azərbaycan mətbuat mərkəzində KİV nümayəndələri üçün ustad dərsi

Artyom Buftyak – "İnanmıram!" (Не верю!) və "Biz hamımız öləcəyik. Amma bu dəqiq deyil" (Мы все умрем. Но это не точно) resurslarının aparıcısıdır. "Bu, necədə russayağıdır" (Как это по-русски) və "Hekayələr. DOC" (Истории. DOC) resursları üçün ssenarilər yazır.

SputnikPro layihəsi çərçivəsində Sputnik Azərbaycan mətbuat mərkəzində KİV nümayəndələri üçün ustad dərsi

Natalya Şaşina – "Rossiya Seqodnya" media qrupunun İnnovativ jurnalistika mərkəzi rəhbərinin müavini.

Spikerlər çoxsaylı nümunələrlə "şübhə testlərinin" necə keçirilməsini, feykləri aşkar etmək, yoxlamaq və ifşa etməyin yollarını nümayiş etdiriblər

SputnikPro layihəsi çərçivəsində Sputnik Azərbaycan mətbuat mərkəzində KİV nümayəndələri üçün ustad dərsi

SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır

3
  • © Sputnik / Murad Orujov

    Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası keçirilib.

  • © Sputnik / Murad Orujov

    "Feyk-nyus barədə qəşəng və maraqlı fikirlər" mövzusunda ustad dərsini RİA Novosti-nin "İnanmıram!" (Не верю!) antifeyk resursunun aparıcıları Natalya Şaşina və Artyom Buftyak verib.

  • © Sputnik / Murad Orujov

    Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası

  • © Sputnik / Murad Orujov

    Ustad dərsində ekspertlər iştirakçılara sosial şəbəkələrdə və onlayn KİV-lərdə yalan məlumatları və feykləri necə effektiv şəkildə aşkara çıxarmaq metodları və üsulları, habelə hansı mənbələrə etibar edib-etməmək barədə danışıblar.

  • © Sputnik / Murad Orujov

    İnternet məkanında yayılan mif və feyklərin əsas mövzusu peyvəndləmə və bununla əlaqədar məsələlər olub.

  • © Sputnik / Murad Orujov

    Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası

  • © Sputnik / Murad Orujov

    SputnikPro layihəsi çərçivəsində keçirilən "Müasir jurnalistika üçün faktçekinq texnologiyaları" adlı ustad dərsinin spikeri isə Rusiya Jurnalistlər İttifaqının Beynəlxalq şöbəsinin rəhbəri Timur Şafir olub.

  • © Sputnik / Murad Orujov

    SputnikPro – Rusiyanın ən yaxşı media menecerləri, KİV sahəsində böyük təcrübəyə malik aparıcı mütəxəssisləri tərəfindən ustad dərslərinin verildiyi genişmiqyaslı yeganə proqramdır.

  • © Sputnik / Murad Orujov

    SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub.

  • © Sputnik / Murad Orujov

    2018-ci ilin mart ayından indiyə kimi layihədə iki mindən artıq jurnalist, media meneceri, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və müvafiq fakültələrdə təhsil alan tələbələr iştirak ediblər.

  • © Sputnik / Murad Orujov

  • © Sputnik / Murad Orujov

    Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası

  • © Sputnik / Murad Orujov

    Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası

  • © Sputnik / Murad Orujov

    Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində SputnikPro layihəsi çərçivəsində KİV nümayəndələri üçün ustad dərsləri seriyası

Baş Prokurorluq vəzifəlilərdən pul tələb edən şəxslər barəsində məlumat yayıb

46
Özlərini jurnalist kimi qələmə verən daha bir reket qrupu ələ keçib. Onlar Tovuz rayon sakinlərini hədələyirmişlər.

BAKI, 26 iyul — Sputnik. Özünü “Şəhidlik uğrunda” qəzetinin təsisçisi kimi təqdim edən Vüqar Abbasovun və “Korrupsiyaya Son” qəzetinin redaktoru kimi təqdim edən İbrahim İsmayılovun Tovuz rayonunda müxtəlif vəzifəli şəxslərə müraciət edərək onlardan müxtəlif bəhanələrlə pul istəmələri, tələblərini rədd edən şəxslərə hədə-qorxu gələrək onları təhqir etmələri barədə məlumat əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, yoxlama nəticəsində toplanmış sübutlar əsasında Vüqar Abbasova prokuror təsiri tədbiri aktı olan xəbərdarlıq elan edilib, İbrahim İsmayılovun barəsində isə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib, məhkəmə qərarı ilə barəsində inzibati həbs tənbehi tətbiq edilib.

Baş Prokurorluq bu kimi qanun pozuntularına yol verən şəxslərə barələrində sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edir, eyni zamanda vətəndaşları bu cür şəxslərə qarşı ayıq sayıq olmağa çağırır.

Hərbi hissə rəhbərliyini şantaj edən reket qrupu

İyulun 23-də "Ltv 7" xəbər kanalının bölgə müxbiri Fazil Quliyev və bloger Vüsal Zeynalovun hədə-qorxu ilə pul tələb etmələri barədə daxil olmuş müraciət üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, istintaq zamanı müəyyən edilib ki, Fazil Quliyev və Vüsal Zeynalov özlərini jurnalist kimi təqdim edib 13.02.2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin ərazisinə qanunsuz daxil olaraq mobil telefonları ilə hərbi hissənin təsərrüfat fəaliyyətinə dair videoçəkilişlər aparmaqla qeyd olunan çəkilişi sosial şəbəkələrdə yayacaqları hədəsi ilə hərbi hissənin rəhbərliyindən 500 manat məbləğində pul tələb ediblər.

Eyni zamanda, "Ltv 7" internet kanalının direktoru Ceyhun Şəmilovun kanalın direktor müavini Gülmirə Rəcəbova, müxbirləri Sevil Mərəndski, Gülnarə Məmmədova və şəxsiyyətləri istintaqla araşdırılan qeyriləri ilə birlikdə ayrı-ayrı şəxslər barədə əvvəlcə ölkə ərazisində pandemiya ilə bağlı karantin qaydalarının pozulmasına yol verilməsi barədə məlumat toplayıb, ictimaiyyətə çatdırmaqla həmin şəxsləri rüsvay edəcəkləri barədə hədə-qorxu gəlməklə pul tələb edib almaları müəyyən edilib.

Qeyd edilən əməllərə görə Fazil Quliyev, Vüsal Zeynalov, Ceyhun Şəmilov, Gülmirə Rəcəbova, Sevil Mərəndski və Gülnarə Məmmədova Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

"Ltv 7" internet kanalının əməkdaşlarının cinayət əməllərindən zərər çəkən vətəndaşlardan Baş Prokurorluğun "961" qaynar xəttinə və İstintaq İdarəsinə müraciət etmələri xahiş olunur (ünvan: 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə, əlaqə nömrələri: (+994 12) 361-16-14; (+994 12) 361-16-13).

Qeyd edək ki, iyul ayının 12-də "www.sheffaf.az" xəbər portalının baş redaktorunun 36 nömrəli şəhər poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olan şikayət əsasında müəyyən edilib ki, xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 saylı şəhər poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü "www.azinfo.tv" və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi başlanıb. Namik Əmrahov Cinayət Məcəlləsinin 182.2.2 (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun:

* DTX "reketçilikdə" ittiham olunan baş redaktorla bağlı məlumat yayıb

DTX vətəndaşları şantaj edən “jurnalisti” həbs etdi

Ordumuzun zabitlərini şantaj edən jurnalistlər tutuldu - VİDEO

"Reket" nəşrlər yaratmaqla ittiham olunan baş redaktorun məhkəməsi keçirilib

Bakıda reket jurnalistlər rüşvət aldıqları yerdə tutuldular

46