Kök adam

Həkim: Mədə kiçiltmə əməliyyatına hər xəstə gedə bilməz

354
(Yenilənib 00:43 15.04.2018)
Tibbi ekspert: "Mədəkiçiltmə əməliyyatına yalnız dieta saxlamaqla arıqlamağı mümkün olmayan xəstələr gedə bilər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 14 aprel — Sputnik. Son zamanlar mədə kiçiltmə əməliyyatı dünya ölkələri ilə yanaşı Azərbaycanda da geniş vüsət alıb. İndi artıq çəkili insanlar dieta və idman etmədən, daha asan yolla — mədələrini kiçiltdirməklə arıqlamaq istəyirlər.

Maraqlıdır, bu əməliyyat hansı hallarda, hansı şəxslərə tətbiq olunur? İstənilən şəxsdə bu əməliyyat həyata keçirilə bilərmi? Artıq çəkidən xilas olmaq üçün bu əməliyyatı tərcih edənləri əməliyyat zamanı, həmçinin gələcəkdə hansı risklər, problemlər, fəsadlar gözləyir?

Sputnik Azərbaycan bu sualların cavablarını mütəxəssislərdən soruşub. 

Bariatrik cərrah Aslan Abdulla bildirib ki, mədə kiçiltmə əməliyyatı piylənmə xəstəliyini müalicə etməyin bir üsuludur: "Piylənmə xəstəlikdir və onu dieta ilə müalicə etmək artıq mümkün olmur. Bəzən isə piylənmə baş verən insanlar dietanı belə sona kimi saxlaya bilmirlər. Əksinə, dietadan sonra çəkiləri daha da artır. Təbii ki, artıq çəki də insanda bir çox xəstəliklərə — şəkərli diabet, yüksək qan təzyiqi, təngnəfəsliyə və s. səbəb olur. Piylənmə bir xəstəlik olduğu üçün müalicə taktikaları var və mədə kiçiltmə əməliyyatı da onlardan biridir".

A.Abdullayevin fikrincə, dünya tibbində geniş yayılıbsa, deməli bu əməliyyat insan üçün heç də təhlükəli deyil: "Mədə kiçiltmə əməliyyatını cərrahlar tətbiq edir. Təbii, bütün əməliyyatların riski var. Bu əməliyyatda isə risk appendisit əməliyyatında olan risk qədərdir. Sadəcə peşəkar həkim olarsa, düzgün əməliyyat aparılarsa, heç bir problem olmaz".

"Eyni zamanda xəstədən də çox şey asılıdır. Xəstə daşıdığı bütün xəstəliklər barədə əməliyyatdan öncə həkimə bildirməlidir. Həkimin bilmədiyi hər hansı problem olarsa, bu, sonradan böyük problemlərlə, hətta ölümlə belə nəticələnə bilər. Azərbaycanda olmasa da, Türkiyədə əməliyyat zamanı xəstə ölüb", – deyə cərrah əlavə edib. 

Həkim qeyd edib ki, bu gün mədə kiçiltmə əməliyyatına estetik cərrahiyyə kimi baxılır: "Amma bu, belə deyil. Bariatrik əməliyyatın məqsədi xəstələri şəkərli diabet, piylənmə, cinsi zəiflik, oynaq ağrıları, qan təzyiqi kimi xəstəliklərdən qurtarmaqdır. Bir sözlə, piylənmədən əziyyət çəkən xəstələrin normal həyat tərzinə geri dönmələri üçün edilən əməliyyatdır".

Cərrah vurğulayıb ki, bariatrik əməliyyat ancaq xüsusi göstəriş olan xəstələrdə həyata keçirilir: "Bəzi insanlar dieta saxlamadan bir neçə kilo çəki atmaq üçün bu əməliyyata üz tuturlar. Ancaq biz hər xəstənin mədəsini kiçiltmirik. Bu gün bizə müraciət edən 10 xəstədən 8-ni geri göndəririk. Çünki həqiqətən də mədəsinin kiçilməsinə ehtiyac olan xəstələri əməliyyat edirik. Çünki belə insanlara başqa yolla kömək etmək mümkün deyil".

Tibbi ekspert Rasif Bağırov da deyib ki, mədə kiçiltmə əməliyyatını yalnız piylənmə zamanı etmək olar: "Mədə artıq o qədər genişlənir ki, xəstə dieta saxlasa da, mədəsi əvvəlki formasını ala bilmir". 

"İnsan orqanizminin bir xüsusiyyəti var: mədəyə qida kifayət qədər yığılmayanda beyinə aclıq siqnalı verir. Bu zaman da insan narahat olur. Həmin an insan yenidən qida qəbul etməyə başlayır ki, narahatçılığı aradan qalxsın. Dünya tibbində araşdırma aparıblar, ac insanın mədəsinə hava vurublar. Mədə hava ilə dolandan sonra insan toxluq hiss edib. Deməli, mədə divarına istər maye ilə, istərsə də qida ilə təzyiq yaranan zaman beyinə doyma impulsu gedir", — ekspert əlavə edib.

Ekspert vurğulayıb ki, mədə kiçiltmə əməliyyatına yalnız dieta saxlamaqla arıqlamağı mümkün olmayan xəstələr gedə bilər. Əməliyyatdan sonra isə insan orqanizmində heç bir fəsad yaranmır. Əksinə, xəstə sürətlə arıqlayaraq formaya düşür, sağlam həyat tərzinə qovuşur.

Məsələyə münasibət bildirən diyetoloq Tutu Zeynalova isə deyib ki, insanlar istəsə, dieta saxlayaraq arıqlaya bilərlər: "Bu gün, mən də daxil olmaqla, hər bir diyetoloq nəticəni göstərir. Yəni xəstə əvvəl neçə kilo idi, dietadan sonra neçə kilo oldu. Amma biz həmin çəkini bir neçə ay və ya il sonra da saxlayıb-saxlamadığını göstərmirik". 

Diyetoloq əlavə edib ki, 98 faiz hallarda 3-cü dərəcəli piylənmədən əziyyət çəkən insanlar itirdikləri çəkiləri sürətli şəkildə geri alırlar: "Çox az sayda insanlar var ki, onlar dieta zamanı həyata keçirdikləri adətləri yaşam tərzinə çevirirlər və buna görə də çəkilərini qoruya bilirlər".

"Bunları nəzərə alaraq, mədə kiçilmə əməliyyatı həyata keçirilir. İstisna hallarda, piylənmə 3-cü dərəcədədirsə və xəstə bir çox xəstəliklərdən əziyyət çəkirsə, məcburən bariatrik əməliyyatdan istifadə etmək lazımdır", — deyə ekspert bildirib.

Onu da vurğulayıb ki, məsələn, orta boylu 80 kiloluq insanın 60 kilo olması üçün əməliyyat edilməsi doğru deyil. Həkimin bu əməliyyatı etmək ixtiyarı yoxdur, buna görə məsuliyyət daşıyır.

354
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

29
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

29
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

57
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

57
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN