ArmHiTec-2018

Hindunun muncuq sevgisi: Ermənilər onlayn görüntü ilə kimi təəccübləndirmək istəyirlər?

184
(Yenilənib 03:40 31.03.2018)
Ənənəvi silahların platformasından istifadə edən istənilən vasitələr Azərbaycan ordusunun təchizatında olan silahlarla vurula bilər

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Yerevanda ArmHiTec-2018 II Beynəlxalq silah və müdafiə texnologiyası sərgisi keçirilir. Sərginin təşkilatçılarının sözlərinə görə, ArmHiTec-2018 bir sıra ölkələrin silah şirkətləri üçün “erməni bazarı”na yeni çıxış imkanı yaradır. 

Sözügedən tədbir necə qiymətləndirilməlidir və hansı silahlardan söhbət gedir? Bu barədə Sputnik Azərbaycan Tərəqqiyə Yardım Amerika-Azərbaycan Fondunun baş eksperti Aleksey Sinitsınla söhbət edib.

— Beləliklə, Ermənistan xarici istehsalçılardan hərbi texnika və silahların ən yeni nümunələrini almağa hazırlaşır?

— Əlbəttə, yox. Dünyada onlarla belə sərgi keçirilir – Kubinkada Ordu 2018 Forumu, Nijniy Tagildə Russian Arms Expo, Əl-Küveytdə Gulf Defense & Aerospace, Abu-Dabidə IDEX və s. Onların hamısı Yerevandakından dəfələrlə böyük sərgilərdir. Yeri gəlmişkən, onun iştirakçıları heç Ermənistanı yada salmırlar. Təsadüfi deyil ki, "РСК "MiQ" ASC-nin baş direktoru İlya Tarasenko bəyan edib ki, "Yerevandakı sərgi Avropa və Yaxın Şərqin sənaye müəssisələrinin nümayəndələri arasında əlaqənin qurulması üçün yaxşı meydançadır ". Ermənistan haqqında söz belə yoxdur. Aviasiyadan söz demişkən. Rusiya özünün yeni MiQ-35 qırıcısını təqdim edib. Bu qırıcı üçün bir təyyarəyə ən azı 40 milyon dollar verə biləcək varlı alıcı axtarılır. Ermənistan dəqiq onların sırasına daxil deyil. Mən heç 80 milyon dollarlıq Su-35-dən danışmıram. Yeri gəlmişkən, ArmHiTec-2018-in açılışı üçün həqiqətən rəngarəng kataloq buraxılıb, amma yalnız rus və ingilis dillərində. Hətta formallıq üçün belə ermənicə nəsə yazmayıblar. Ona görə də, Yerevandakı ArmHiTec-2018 sadəcə hərbi texnikaya baxış və dünya silah bazarının sanballı oyunçularının əlaqə qurması üçün meydançadır.

— Lakin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi artıq dəfələrlə Hindistan şirkətlərindən silah və hərbi texnika, o cümlədən mərmi və radar aldığını bəyan edib. Hindistanlılar həqiqətən ArmHiTec-2018-də iştirak edirlər. Bu nədənsə xəbər verir?

— Mənim fikrimcə, heç nədən xəbər vermir. Hindistan həqiqətən Rusiyanın lisenziyası əsasında tank üçün “Manqo” döyüş sursatını istehsal edir. Amma onun keyfiyyəti rusiyalı analoqundan xeyli aşağıdır. Onların milli döyüş sursatları daha pisdir. Onlar dəfələrlə tankların üzərində partlayıb. Onları almağın nə mənası var? ArmHiTec-2018-də Hindistanın Bharat Electronics şirkəti öz məhsulunu təqdim edib. Şirkət erməni hərbçilərinin almaq istədiyi radarları istehsal edir. Lakin problem ondadır ki, bu məhsul rəqabətə davamlı deyil, onu yalnız Mavriki və Myanma ala bilər. Amma əgər ermənilər pullarını havaya atmaq istəyirlərsə, onlara mane olmaq lazım deyil.

— Ermənistanın müdafiə nazirinin müavini, nazirliyin hərbi-sənaye kompleksi üzrə komitəsinin sədri David Paxçanyan bildirib ki, bəzi erməni məhsulları sərgidə qapalı formatda, yəni “yalnız seçilmişlər üçün” təqdim olunacaq. Nədən söhbət getdiyini deyə bilərsiniz?

— Mən də Paxçanyandan sitat gətirəcəm: "Sərgi zamanı biz ön xətdən onlayn rejimdə görüntü təqdim edəcəyik. Hətta kameranı çevirmək mümkün olacaq". İndi kimi simsiz videomüşahidə sistemi ilə təəccübləndirmək olar, hətta “kamera çevrilsə belə”? Bu lap hindunun muncuğa sevincinə oxşayır. “Qapalı baxış”a gəldikdə isə Paxçanyanın özü erməni silah ustalarının “məsafədən idarə olunan döyüş vastələrinin” anonsunu verib. Məhz onlar Ermənistan HSK üçün vazkeçilməz ideyaya çevrilib. Hələ üç il əvvəl Yerevanda "DigiTec Expo-2015" yüksək texnologiyalar sərgisinin qapalı baxışında Ermənistanın “Lokator” QSC-si “sərhəddə təhlükəsizliyi təmin etmək üçün” ZPU-2 qoşa pulemyot qurğusunun əsasında hazırlanmış məsafədən idarə olunan avadanlığı nümayiş etdirmişdi. Onun elektrik ötürücüsü var idi və SPQ-9 tank əleyhinə qumbaraatan da ona əlavə edilmişdi. Erməni generalları çox məmnun idilər, dəfələrlə qurğunun sınaqları keçirilmişdi, lakin orduda o qurğu sonadək peyda olmadı. Ermənilərdə nəsə alınmadı. Lakin mən başa düşmədim ki, onlar ZPU-2-ni haradan tapmışdılar. Bu qurğu az qala İkinci Dünya Müharibəsinin veteranıdır. Onu yaxşı vəziyyətdə yəqin ki, Ryazandakı desant qoşunlarının muzeyində və ya ABŞ hərbi desantlarının Rayt-Pattersondakı Milli muzeyində tapmaq olar. Və ümumiyyətlə ermənilər Suriya müxalifətindən öyrənə bilərlər. Silahlılar sovetdən qalmış 73 mm-lik SPQ-9 "Kopyo"dan istifadə edirlər. Onlar məsafədən idarəetmənin primitiv simli variantından yararlanırlar. Qumbaraatana koordinat isə təhlükəsiz yerdə gizlənmiş silahlılar tərəfindən videokameranın köməyilə verilir. Bu həmişə effektiv olmur, amma heç olmasa müəyyən qədər effektivdir.

 Ermənistanda çoxdandır məsafədən idarə olunan döyüş vasitələri hazırlamaq istəyirlər. Hələlik heç nə alınmır. Ən əsası isə bu mənasız işdir. Ənənəvi silahların platformasından istifadə edən istənilən vasitələr Azərbaycan ordusunun təchizatında olan silahlarla vurula bilər. Ermənistanda isə yalnız ənənəvi silahlar mövcuddur. Ermənistan hərbçilərinin bu günlərdə səslənmiş müasir optik qurğular, robotlar, dronlar və şüa texnikasının inkişafı barədə bəyanatları yalnız növbəti bəyannamədir. Bunun üçün Yerevanın nə texnoloji və istehsal gücü, nə təcrübəsi, nə də intellektual potensialı var. Ona görə də Ermənistan Müdafiə Nazirliyinin ArmHiTec-2018 çərçivəsində keçirdiyi “Ermənistan Silahlı qüvvələrinin inkişafında XXI əsrin texnologiyaları. Beynəlxalq əməkdaşlıq” beynəlxalq elmi-praktiki konfransı yalnız iddialı PR-aksiya, ermənilərin müasir HSK barədə arzularının nümayişi oldu. Tezliklə Yerevanda keçirilmiş ArmHiTec-2018 sərgisi barədə əsasən Yaxın Şərq ölkələrindən olan varlı alıcılarla hansısa əlverişli müqavilələr imzalamış Avropa və Rusiya şirkətlərindən başqa hamı unudacaq. Ermənistan isə sadəcə onlara danışıqlar üçün meydança verməklə kifayətlənməli olacaq. Bundan artığını gözləməsin.

184
Teqlər:
Aleksey Sinitsın, Amerika-Azərbaycan Tərəqqiyə Yardım Fondunun baş eksperti, Ermənistan, sərgi, silah