BAKI, 30 mart — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart 2018-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyən edilib.
ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 mart 2018-ci il tarixində ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasında günorta saatlarından başlayaraq havada tozun miqdarının azalaraq sanitar norma daxilində olacağı proqnozlaşdırılır.
BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.
“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:
"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".
BAKI, 23 yanvar — Sputnik. Bakı şəhəri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb. Sputnik Azərbaycan-ın koronavirusinfo.az saytına istinadən məlumatına görə, paytaxtın rayonları arasında ən yüksək yoluxma göstəricisi Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, paytaxt üzrə yoluxma hallarının 15 faizi həmin rayonun payına düşür. Bakı şəhərinin digər rayonlarına gəlincə, yoluxma hallarının 13,1 faizi Xətai, 12,2 faizi Yasamal, 10,8 faizi Sabunçu, 8,2 faizi Nərimanov, 8,2 faizi Suraxanı, 7,8 faizi Nəsimi, 7 faizi Nizami, 6,8 faizi Xəzər, 5,4 faizi Qaradağ, 5 faizi Səbail, 0,5 faizi Pirallahı rayonlarında qeydə alınıb.
Qeyd edək ki, ölkəmizdə koronavirusa ən çox yoluxma faktı Bakı şəhərində müşahidə olunub. Belə ki, ümumi yoluxma hallarının 52,2 faizi paytaxtda qeydə alınıb.