Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 15 dekabr — Sputnik. Ermənistanın təxribatı nəticəsində şəhid olmuş Azərbaycan ordusunun hərbi qulluqçu, baş gizir Salahov Fizuli Süleyman oğlu bu gün doğulub boya-başa çatdığı Şabran rayonunun Gəndov kəndində dəfn edilib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinin rəisi polkovnik-leytenant Anar Ağabəyov və əməkdaşları, Şabran Rayon İcra Hakimiyyətinin rəhbəri Novruz Novruzov və icra nümayəndələri, həmçinin şəhidin döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhid torpağa tapşırıldıqdan sonra yaylım atəşi açılıb. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağını onun atası Süleyman Salahova təqdim edib.
Çıxış edənlər F.Salahovun cəsur, vətənini sevən vətəndaş olduğunu, döyüş tapşırıqlarını daim canla-başla yerinə yetirdiyini bildiriblər. Şəhidin atası hamıya öz təşəkkürünü bildirib və dəfələrlə "Vətən sağ olsun" kəlmələrini söyləyib
Qeyd edək ki, Salahov Fizuli Süleyman oğlu 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. O, 2017-ci il dekabrın 13-də şəhid olub.
BAKI, 20 yanvar — Sputnik. Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvləri, müharibə iştirakçıları, müharibədən zərər çəkənlər, erməni terroruna məruz qalanlardan ibarət olmaqla artıq 3200-dən çox şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-psixoloji dəstək və reabilitasiya xidməti ilə əhatə olunub.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan kateqoriyalara aid 2500 ailə ilə görüşülüb, psixoloqlardan ibarət qruplar tərəfindən onlardan ehtiyacı olan 1840 ailə ilə fərdi və ailə terapiyası, psixokorreksiya işləri aparılıb. Həmçinin "Onlayn psixoloji dəstək xidməti"nə daxil olmuş 610 zəng üzrə evlərinə gedilməklə psixoloji dəstək tədbirləri görülüb. Eyni zamanda, Nazirliyin reabilitasiya müəssisələrində 20-si şəhidlərin və yaralı hərbçilərin uşaqları, qalanları hərbi qulluqçular olmaqla 300-dən çox şəxsə, Bakı Sağlamlıq Mərkəzində və Sərhəd Qoşunları Hospitalında müalicə olunanlardan 28 hərbi qulluqçuya sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
125 hərbi qulluqçu 530-dan çox reabilitasiya vasitəsi, 7 nəfər yaralanmış qazi əlil arabası, 6 hərbçi yüksək texnologiyalı 8 müasir protezlə təmin edilib.
BAKI, 20 yanvar — Sputnik. Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən danışılıb, ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin baş vermiş hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları barədə ətraflı məlumat verilib.