Nizami stansiyası

Bakı metrosunda uzun müddət davam edən təmir işləri başa çatıb

40
Stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək

BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan memarlıq sənətinin təcəssümü olan "Nizami" stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, stansiya sərnişinlərini, istismara verildiyi dövrdə olduğu kimi tamamilə yenilənmiş görkəmi ilə qarşılayır: "Bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb. "Bakı Metropoliteni" QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub. Ən vacibi isə təmir prosesində dahi Azərbaycan mütəfəkkiri, şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub".

Paşayev qeyd edib ki, 1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya geoloji cəhətdən mürəkkəb ərazidə yerləşir: "Ötən 40 il ərzində aqressiv mühitin təsiri nəticəsində stansiya qurğuları, konstruksiyaları və dekorativ-memarlıq elementləri, eləcə də digər funksional əhəmiyyətli avadanlıqlar tamamilə yararsız vəziyyətə düşmüşdü. Havalanma sistemi kifayət qədər səmərəli olmadığına görə dağıdıcı proseslər daha sürətlə davam edirdi. Buna görə təmirin birinci mərhələsində stansiyada hava axınının normal paylanmasına imkan verməyən maneələr aradan qaldırılıb. Hava dövriyyəsinin sürətini artırmaq üçün platformaaltı sahədə arakəsmələr dağıdılıb, kabel kollektorları təmizlənib, həmçinin hər iki platformanın dayanıqlığını artıran konstruktiv tədbirlər görülüb".

"Həmin müddətdə stansiyanın yol divarlarında istismar müddətini başa vurmuş mərmər üzlüklər dəyişdirilib. Yeri gəlmişkən, hazırda istifadədə olan mərmər üzlüklərin ömrü 15-20 ildir. Təmirdən əvvəlki mərmərlər isə bu müddəti üçqat başa vurmuşdu. Əksər yerlərdə üzlüklərin üzərində çatlar, ləkələr əmələ gəlmiş, rəngləri solmuşdu" — Metropoliten sözçüsü bildirib.

Paşayevin sözlərinə görə, stansiyanın memarlıq incisinin yerləşdiyi orta zalın təmir işlərinin miqyası daha geniş olub: "İstismar dövründə pannoların arxasındakı dayaq elementləri olan metal konstruksiyalar tam sıradan çıxmışdı, artıq öz funksiyasını yerinə yetirə bilmirdi və bu baxımdan pannoların dağılıb tökülmək təhlükəsi yarana bilərdi. Bunun qarşısını vaxtında almaq, həmçinin təsvirlərin üzərindəki mozaika elementlərinin deformasiyaya uğramaması məqsədilə vaxtilə bəzi yerlərdə itirilmiş elementlərin yerinə mozaika komponentini əvəz edə bilməyəcək daşlar qoyulmuşdu".

Burada da təmir mərhələli şəkildə aparılıb. Əvvəlcə pannoların və keçid tağlarının (pilonların) arxasındakı metal konstruksiyalar yenilənib, korroziyadan təmizlənib. Dayaq elementləri olan bu metal konstruksiyaların yenilənməsi ilə paralel olaraq pannoların bərpasına başlanılıb. Ümumiyyətlə, Nizami Gəncəvinin portreti və ölməz "Xəmsə"sinin motivləri əsasında işlənmiş 19 pannonun bərpası bütün prosesin ən çətin hissəsini təşkil edib. Bu işlə mozaik təsvirlərin müəllifi SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olublar.

"Pannoarxası elementlərin təmiri üçün xüsusi hazırlanmış qurğu vasitəsilə pannolar 2-3 metr irəli çəkilib. Sonra pannonun arxa hissəsinin köhnə izolyasiya qatı dağıdılıb, müasir izolateks, silikon və keramik sement qatışığının çəkilməsi ilə rütubətə davamlı və daha etibarlı bir qat yaradılıb. Mozaik təsvirlərin üzərinə də elementlərin dayanıqlığını təmin edən maddə çəkilib. Sonrakı prosesdə mozaik təsvirlərin çatlamış, deformasiyaya uğramış və ya itmiş, bu səbəbdən kafel parçası və ya başqa bir materialla əvəz olunmuş hissələrin orijinallığı bərpa olunub. Onlar əsl kaşı daşından mozaika üçün bişirilmiş olan parçalarla əvəzlənib və bununla hər biri bir sənət əsəri olan pannolar tam bərpa olunub" — Paşayev əlavə edib.

Onun sözlərinə görə, artıq orta zal bütünlüklə yeni mərmər libasa bürünüb: "Keçidlərin yeni mərmər üzlükləri, həmçinin oradakı şəbəkələr bərpadan sonra xeyli cəlbedicidir. Pannoların altındakı yazılar isə latın qrafikalı Azərbaycan əlifbasının bədii şriftlərilə verilib və bu zaman onun orijinal formatı qorunaraq saxlanılıb. Stansiyanın işıqlandırılması ilə bağlı əsaslı işlər görülüb. Tavanın çilçıraqları tam bərpa edilib. İndi stansiyanın bədii-memarlıq tərtibatı "Durlum GmbH" şirkətinin quraşdırdığı korroziyaya davamlı özəl metal asma tavanla vahid kompozisiya təşkil edir".

"Beləliklə, sənət məbədi olan "Nizami" stansiyası məsuliyyətli, çətin, lakin şərəfli əmək fədakarlığı nümunəsi ilə əvvəlki görkəminə qaytarılaraq, yaxınlaşmaqda olan yarıməsrlik yubiley ərəfəsində Bakı metropoliteninin şəhər sakinləri və onun qonaqlarına xüsusi ovqat yaradan daha bir töhfəsi oldu" — şöbə müdiri vurğulayıb.

Qeyd edək ki, "Nizami" stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq. Buna görə də stansiyada istifadədə olan eskalatorların dəyişdirilməsi və vestibülün əsaslı təmiri gələcəkdə həyata keçiriləcək.

40
Teqlər:
"Nizami" stansiyası, Nəsimi Paşayev, təmir, "Bakı Metropoliteni" QSC, Azərbaycan
Əlaqədar
Bıçaqlı şəxs metroda insanlara hücum etdi, ölənlər var
Metroda partlayış oldu, yaralananlar var
London metrosunda partlayış baş verib
Metroda yanğın oldu, sərnişinlər təxliyə edildi
Metroda qatar yandı, sərnişinlər evakuasiya edildi
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

14
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

14
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Микрофон

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

16
(Yenilənib 23:14 29.11.2020)
Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər

BAKI, 29 noyabr - Sputnik. Fransanı təmsil edən Valentina Trünel J'imagine mahnısı ilə beynəlxalq "Uşaq Avroviziyası-2020" müsabiqəsinin qalibi olub.

Sputnik Azərbaycan bildirir ki, müsabiqənin finalı Polşada telekörpü formatında keçirilib. Valentina peşəkar münsiflər heyəti və tamaşaçıların səsi ilə 200 xal toplayıb.

İkinci yerə Qazaxıstan təmsilçisi Karakat Başanova, üçüncü yerə isə İspaniyadan Solea layiq görülüblər.

Rusiya təmsilçisi Sofya Feskova 88 xalla 10-cu yeri tutub. Müsabiqənin finalında 12 ölkənin: Almaniya, Belarus, Gürcüstan, Qazaxıstan, İspaniya, Malta, Niderland, Polşa, Rusiya, Serbiya, Ukraynanın və Fransanın təmsilçiləri iştirak ediblər.

İştirakçıların nəticələri peşəkar münsiflər heyəti və tamaşaçıların müsabiqənin saytındakı səsverməsi ilə təyin olunub. Böyüklərin "Avroviziya"sından fərqli olaraq, burada tamaşaçılar öz ölkələrinə səs verə bilirdilər. Ancaq bu zaman tamaşaçılar minimum üç bəyəndikləri iştirakçıya səs verməli idilər.

16
Teqlər:
Fransa, final, müsabiqə, Polşa, Uşaq Avroviziyası, uşaqlar